14 iyul 2020 20:57
594

“Ordumuza dəstək üçün hər cür fədakarlığa hazırıq!”

İyulun 12-dən etibarən Azərbaycan-Ermənistan sərhəddində baş verən döyüşlər bu gün də davam etməkdədir.

"İki sahil"ə açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycan ordusunun erməni təxribatına qətiyyətlə cavab verdiyi, bütün veteranların ordu və onun ali baş komandanını dəstəklədiyini vurğuladı:

“İyulun 12-də erməni tərəfinin başlatdığı təxribata cavab olaraq, Azərbaycan ordusu düşmənin darmadağın edilməsi istiqamətində konkret addımlar atır. Görülən tədbirlər nətiəsində çoxlu sayda canlı qüvvə və hərbi texnika itirən düşmən artıq itkilərini etiraf etməyə başlayıb. 

Sevindirici haldır ki, dövlətimiz üçün bu çətin məqamda bütün xalqımız ölkə başçısı, Azərbaycan ordusu ilə həmrəylik sərgiləyir. Bildirmək istəyirəm ki, xalqın bütün təqəbəqələri kimi biz veteranlar da ali baş komandanı dəstəkləyir. Biz veteranlar olaraq ordumuza dəstək verməyə, işğaldakı torpaqları azad etmək üçün hər cür fədakarlıq sərgiləməyə, öz döyüş təcrübəmizi gənc hərbçilərlə bölüşməyə, onlarla çiyin-çiyinə doğma vətənin  müdafiəsinə qalxmağa hazırıq.

Bundan başqa, mövcud stuasiyanın həsaslığını nəzərə alaraq bütün vətəndaşlarımızı sosial şəbəkələrdə diqqətli olmağa, yalnız rəsmi mənbələrə istinad edən məlumatlara inanmağa səsləyirəm. Unutmaq olmaz ki, media və ya sosial şəbəkələrdə dezinfomasiya xarakterli hər hansı bir məlumatın yer alması ictimai rəydə çaşqınlığa səbəb ola, düşmənin informasiya hücumu üçün əlverişli materiala çevrilə bilər.

Mən şəhid olan hərbçilərimizə Allahdan rəhmət diləyir, ordumuza yeni-yeni müvəffəqiyyətlər arzulayıram. Bir daha bildirirəm ki, biz veteranlar olaraq hər an əldə silah vətənin müdafiəçilərinin sırasına qoşulmağa hazırıq!”