23 oktyabr 2020 17:48
561

Ordumuz tarix yazır

Qafqazın lider ölkəsi statusunu qazanan Azərbaycan son döyüşlərdə peşəkar və güclü ordusu ilə hər kəsi heyrətə gətirir. Müzəffər ordumuz Vətən müharibəsində müasir dövrün döyüş ənənəsini formalaşdırır. Hətta bu gün Azərbaycan Ordusu döyüşlərdə bütün dünya ölkələrinə, eyni zamanda, hərbi sənayesi inkişaf etmiş böyük dövlətlərə belə müharibə tarixi dərsi keçir. Ötən on illər ərzində Azərbaycanın dövlət büdcəsindən hər il 2-3 milyard manat hərbi büdcəyə ayrılırdı. Bununla da Azərbaycan Ordusu sıralarında qulluq edənlərin peşəkarlaşması və müasir silahların alınması təmin edilirdi. Təəssüf ki, vaxtilə ordu xərclərinin artırılmasına irad bildirənlər bu gün yanlış mövqedə olduqlarını dərk edirlər. Onların istədiyi kimi, hərbi xərclər azaldılsaydı bu gün belə tarixi nəticəyə nail ola bilməzdik. Azərbaycan Ordusunun ən müasir silahlarla təchizatı, döyüş imkanları, peşəkarlığı və qələbə əzmi elə yüksək səviyyədədir ki, Ali Baş Komandanın bütün döyüş tapşırıqları uğurla icra olunur.

Elə bu silahları üzərində tətbiq etdiyimiz düşmən də artıq etiraf etməyə başlayıb. Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan döyüşləri şərh edərkən deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin yalnız kəmiyyət deyil, texniki üstünlüyü də var: “Bəzi sahələrdə Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib. On iki dəfə çox, başa düşürsünüzmü, bu nədir? Bu müharibə tarixində, demək olar, heç vaxt olmayan və ya çox nadir hallarda olan şeydir. Hazırda Qarabağda fövqəldövlətlərin arsenalında olan texnikadan istifadə olunur. Bu, yeni PUA, yüksək dəqiqlik raketləri, raket-artilleriya kompleksi, REB sistemləridir. Biz beşinci nəslin müharibəsini görürük. Hər iki tərəfdən bütün mexanizmlər uyğun gəlmir, lakin yüksək texnologiyalar seqmentinə böyük diqqət yetirilib”.

Rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko da bildirib ki, Azərbaycan Ordusu XXI əsrdə müharibənin aparılması nümunəsini göstərir. Hərbi ekspert Azərbaycan Ordusunun apardığı döyüş əməliyyatlarının tayı-bərabəri olmadığını deyir: “Dünya hələ bu cür nümunə ilə rastlaşmamışdır ki, bir ordu digər ordu ilə vuruşarkən bu sayda yüksək dəqiqlikli silahlardan istifadə etsin. Pilotsuz döyüş təyyarələrinin istifadəsinin miqyasına və intensivliyinə görə bu, dünya tarixində birinci belə haldır. Nə ABŞ, nə Rusiya, nə İsrail, nə də dünyanın hansısa digər ölkəsi bu miqyasda pilotsuz döyüş aparatlarından istifadə etmişdir. Bu tipli münaqişələrdə həmin aparatlar böyük üstünlüklərini sübuta yetirmişdir”. Ekspert, həmçinin Azərbaycan ordusunun təcrübəsinin diqqətlə öyrəniləcəyini də qeyd edib.

Tanınmış rusiyalı politoloq-jurnalist Maksim Şevçenko da Dağlıq Qarabağda aparılan döyüşlərdə Azərbaycan Ordusunun böyük uğurlar qazandığını qeyd edib. Bildirib ki, Azərbaycan Ordusu tərəfindən həyata keçirilən döyüş əməliyyatları göstərdi ki, onun hər hansı bir ölkənin hərbi dəstəyinə və ya terrorçulardan istifadəyə ehtiyacı yoxdur. Azərbaycan Ordusu XXI əsrdə tarixə yazılacaq döyüş nümunələri nümayiş etdirir.

Prezident İlham Əliyev oktyabrın 19-da Rusiyanın TASS İnformasiya Agentliyinə verdiyi videomüsahibədə Azərbaycan Ordusunun peşəkarlığından bəhs edərkən demişdir: “Azərbaycan Ordusu həm döyüş meydanında, həm də texniki təchizat baxımından üstünlüyünü göstərib. Biz Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialını praktik olaraq məhv etmişik”.

Ordumuz təkcə yüksək döyüş qabiliyyəti göstərmir, həm də yüksək döyüş əxlaqı ortaya qoyaraq mülki əhali arasında tələfatın olmamasına çalışır. Bunun nəticəsidir ki, erməni tərəfi dinc əhalinin qırılması barədə nə qədər hay-küy qaldırsa da ortaya bir nümunə qoya bilmir. Əksinə, işğalçı özü cəbhə bölgəsindən kənarda yerləşən dinc əhalini atəşə tutaraq qətlə yetirir.

Bu gün Azərbaycan Ordusu düşmənə göz açmağa imkan vermir. Hər gün yeni yaşayış məntəqələrinin düşməndən azad edilməsi xəbərini eşidirik. Bununla yanaşı, Müdafiə Nazirliyi tərəfindən düşmənin çoxlu sayda hərbi texnikasının məhv edilməsi və ya qənimət götürülməsi xəbərləri verilir. Artıq heç kəsdə şübhə yoxdur ki, Azərbaycan Ordusu qısa bir zamanda işğal olunmuş bütün əraziləri düşmən tapdağından azad edərək və həmin yerlərdə üçrəngli bayrağımızı dalğalandıracaq. Bundan sonra məğlubiyyətini etiraf etməyə cürət tapmayan Ermənistan da ən azından güclü olduğumuzu qəbul etməyə məcbur olacaq.

Mənsumə Babayeva, “İki sahil”