KÖŞƏ

Rəşid Faxralı

Ordum - qürurum, qürurum - Ordum

07 fevral 2020 12:15
1673

Əsgərlərin əhatəsində zamanın necə sovuşduğunu hiss etmirsən. Zamanı dəyərində yaşayaq deyə əsgərlərə deyəcəm ki, ordumuz məkləkətimizin gözlərinin nurudu, dizlərinin taqətidi, ürəyinin təpəridi, deyimi sizə görə yaranıb. Ordu əsgər deməkdi. Sizin hər birinizi hər birimiz ordu qüdrətilə sevirik. Bu sevgi yerə-göyə sığası sevgi deyil. Bu sevgidə yaşada-yaşada yaşatmaq qüdrəti var. Siz bu qüdrətin əsgərisiniz...

“N” hərbi hissəsindəyik. Bir azdan düşüncələrimiz əsgərlərin düşüncələriylə qoşalaşacaq - mətləb verib mətləb alacağıq, o anları Zəlimxan Yaqubun təbirincə desək, ömürə yazılan dəqiqələr adlandıracağıq...

Salam-əleyk bitər-bitməz başlayan söhbətin könlümüzü telləndirəcəyinə əminliklə gənc əsgərlərə deyirəm ki, ön xətdə xidmət edən əsgərlərin görüşünə gələndə olduğu kimi, sizin də görüşünüzə bir ürək tutumunca ümidlə gəlmişik. Həmişə dönəndə ümidimizi inamımız əvəzləyib. Dönüşümüzdə inamımızın boyu gəlişimizdə düşüncələrimizin də, ürəyimizi bürüyən ümidin də boyundan çox-çox böyük olur. Bu əminliklə sizin əhatənizdən döyüş növbətçiliyi aparan əsgər qardaşlarınıza xitabən deyirəm: ön xətdə, səngərlərdə düşüncələrim sizin işıqlı düşüncələrinizlə qoşalaşanda sizi də, bizi də yaşadan məfkurənin qoşa cəfakeşi olanda elə bilirəm dünya mənimdi. Taleyimə qazanc bildiyim həmin anlarda ürəyim sevincimə darlıq edir. Gözəl anların gözəlliyində dərk edirəm ki, mənim olan dünya, əslində, hərbi anda sədaqətinizə görə sizindi. Sizin olan dünya sizə görə həm də bizimdi. Bizə görə bizim dünyamızın işığına heç zaman zaval olmayacaq!

Zabit Amil Məhərrəmoğlu əsgərlərə baxır, yəni bu fikirə nə deyirsiniz. Sükutu əsgər Təbriz Rüstəmovun qətiyyəti, həm də inamlı qətiyyəti çilikləyir:

-Yaxın vaxtlarda biz də döyüş növbətçilyi aparacağıq. Komandirlərimizi əmin edirəm ki, bu gözəl kəlmələr onda bizə də ünvanlanacaq.

- Ön xətdə, səngərlərdə əsgərlərlə səmimi söhbətlərimizin başlıca mahiyyəti Vətən olur,dövlət olur, dövlətçilik olur.Bütün söhbətlərimizi torpaqlarımızın işğaldan tamamilə azad edilməsiylə nəticələnəcək döyüşlərlə qazanılacaq Böyük Qələbə tamamlayır. Yerə-göyə sığmayan qürurla ordumuzdan danışırıq, 2016-cı ilin aprel döyüşlərini xatırlayırıq, qazanılmış qələbənin həm hərbi, həm də mənəvi dəyərindən danışırıq, - deyirəm və umacaqlı baxışlarım əsgərlərə dikilir - gözəl kəlamlara təşnə könlümü bürüyəsi kəlmələr eşitmək istəyirəm.

Əsgər Hüseyn Vəliyevin nəsə demək istədiyini sezmək çətin deyil - zabit Amil Məhərrəmoğluna baxır, yəni söhbətə qoşulmağa icazə istəyir.

-İctimai-siyasi dərslərdə bunlar haqqında bizə danışıblar, asudə vaxtlarda biz bilmədiklərimizi bir-birimizdən o haqda danışa-danışa öyrənirik, öyrənə-öyrənə danışırıq.

Əsgər Etibar Nağıyev əsgər yoldaşının fikrini qibtəediləcək şəkildə tamamlayır:

-Asudə vaxta əsgərlərin özlərinin təşkil etdiyi vətənpərvərlik dərsi də deyə bilərik.

-Kərimin fikrinə şərikəm. Vətəndən, dövlətçilik tarixindən, torpaqdan, torpaqların işğaldan azad edilməsindən, şəhidlikdən, şəhidlərdən danışılan dəqiqələr, saatlar əlbəttə ki, əsgərlərin vətənpərvərlik duyğularını daha gərəkli səviyyədə formalaşdırır, - əsgər Fərid Novruzov belə deyir:

Zabit əsgərlərin fikirlərini pedaqoji proses baxımından mahiyyətli şəkildə yekunlaşdırır:

-Asudə vaxtın bu səviyyədə dəyərləndirilməsi bir zabit olaraq məni qürurlandırır. Asudə vaxt hər hərbi hissədə özünəməxsus xüsusiyyətləriylə fərqlənsə də hamısının mahiyyəti bu əsgərlərin dediyi kimidi: mənəvi-psixoloji hazırlıqda gərəkli pedaqoji, didaktik vasitə.

Söz sözü çəkir, bir mətləb digər mətləbə başlanğıc olur. Bütün mətləbləri müqəddəs bir niyyət birləşdirir: torpaqlarımızın işğaldan azad edilməsi.

Əsgər Alı Mirzəyev hamımızı duyğulandıran bir fikir bildirir:

-Qonşumuz Mahmud hərbi xidmətdən tərxis edildikdən sonra ordu həyatından, 2016-cı ilin aprel döyüşlərində iştirakından, qəhrəmanlardan, Tahir Misirxanovun düşmənin tanklarını necə vurmasından, Lələtəpədə bayrağımızın necə dikəldilməsindən danışırdı. Onda orta məktəbdə oxuyurdum. Yaşımın azlığına ilk dəfə onda təəssüfləndim. Bu təəssüf nəyi dəyişə bilərdi ki. İndi əsgərəm. Yaxın vaxtlarda mən də döyüş növbətçiliyi aparacam.

-Bu hamımızın istəyidi. Hərbi anda sədaqətimizdi. Bayaq aprel döyüşlərini, qazanılan qələbələri, Günnüt zəfərini, Azərbaycan Ordusunun yaradılmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paradları xatırladıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır” fikri hər birimizin düşüncələrindədi. Biz güclü ordunun əsgərləriyik, - əsgər Murad Əliyev belə deyir. Alı əsgər dostunun müdaxiləsindən məmnunluqla gülümsünür. Murad fikrini milli-xəlqi ruhumuzun istəyini ifadə edən gözəl bir mətləblə tamamlayır:

-Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımız işğaldan azad ediləcək, sərhədlərimiz daxilində səngər olmayacaq. Hamımız istərdik ki, döyüş növbətçiliyini səngərlərdə deyil, sərhədlərimizdə aparaq. Həm də qalib əsgər kimi. Səmədin qonşusu Mahmud kimi biz də çağırışçılara qələbədən, qələbəni necə qazanmağımızdan danışaq.

Bu fikirlər mənə Lələtəpədə, Bayraqtəpədə, Günnütdə dalğalanan, göy üzünün göylüyünü bürüyən bayraqlarımızın əzəmətini xatırladır. Bu kəlmələr o əzəmətdən güc aldığı üçün bunca doğmadı, bunca şirindi, hər kəlmədə Vətən var deyə, Hərbi anda sədaqət var deyə, dövlətə, dövlətçiliyə məhəbbət var deyə bunca munisdi.

Əsgər Amil İmanzadə deyir ki, biz güclü, qüdrətli bir ordunun əsgəri adıyla da qürurlanırıq, bu düşüncəylə xidmət edən, bu gözəl düşüncəsini düşüncələrimizə hopdurduğumuz o əsgərlərin amal qardaşı olmağımızla da.

Əsgər Elxan Almazzadə əsgər dostunun fikrinə qüvvət kimi deyir:

-Qürurlanmaq öz yerində, biz əsgərlər bu qürura, deməli, Vətənin adına layiq xudmət etməliyik. Vətənin adına layiq xidmət Hərbi anda sədaqətdi, Hərbi Nizamnamələrin tələblərinə əməl etməkdi, komandirlərin, zabitlərin əmr və göstərişlərini vaxtında, məsuliyyətlə, sözsüz yerinə yetirməkdi.

Belə gözəl niyyəti düşüncələrimizə ahənrüba olan əsgəri bağrıma basmaq keçir könlümdən.

Bu bilgilər indi dünyagörüşüdü. Bu dünyagörüşü əsgərlərə hərbi xidmətin ilk ayları aşılanıb.

-Ön xətdə, səngərlərdə şəhidlikdən, şəhidlərdən də danışırıq. Bu dəfə “şəhidləri xatırlamaq” ifadəsi əsgərlərin könlünə yatmamışdı, “yaddan çıxmayanların xatırlanması” deyimindən narazı qalmışdılar. Bu narazılığa görə mən onlardan razı qalmışdım, - deyirəm. Əsgərlərin baxışlarında hər dəfə müşahidə edəndə könülxoşluğu duyduğum bir qətiyyət var. Bu qətiyyətin yaddan çıxmayanların xatırlanması” deyimindən narazı qalanlara təşəkkürə yozuram. Az sonra əmin oluram ki, yozumumda yanılmamışam:

-Düşüncələrimiz Azərbaycan əsgərindən qələbə gözləyən uca ruhlardan heç zaman iraq olmayıb, son nəfəsimizəcən də olmayacaq, - əsgər Vaqif Vaqifov belə deyir. Vaqif fikrini tamamlayar-tamamlamaz əsgərlər məmnunluqla “Elədir, Vaqif, elədir”, - deyirlər. Könülə xoş gələn bu birliyi, həmrəyliyi böyük səxavətlə və məsuliyyətlə düşüncələrimə köçürürəm...

Ön xətdə görmüşəm, burda da görürəm ki, əsgərlərimizin ürəyi döyüşə, Böyük Qələbəyə köklənib. Bu köklənmənin mahiyyəti döyüş əzmidi, qələbə ruhudu.

Nə gözəl düşünürsən, Azərbaycan əsgəri. Ön xətdə sənin düşüncələrinin işığından baxırıq. Ön xətdən qarşı tərəfə döyüş növbətçiliyi aparan əsgərlərin Vətən sevgisinin gözləriylə baxırıq. Yusiflərin, Vəzirlərin, Tofiqlərin, Etibarların, Rasimlərin, Mübarizlərin, Raqufların, Samidlərin,... döyüş yolunu Ali Baş Komandanın döyüş əmriylə sən qələbəylə tamamlayacaqsan. Sən qalib gələcəksən, Azərbaycan əsgəri! Sən azərbaycançılığın əsgərisən!

Nə gözəl düşünürsən, Azərbaycan əsgəri, nə gözəl düşünürsən!..

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?