23 may 2020 12:41
181

Onlayn videotəqdimat müsabiqəsi keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən onlayn videotəqdimat müsabiqəsi davam edir.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, 28 May - Respublika Gününə həsr edilmiş müsabiqə idarənin tabeliyindəki ümumi təhsil məktəblərinin VII-XI sinif şagirdləri arasında keçirilir.

Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximiz haqqında biliklərini möhkəmləndirmək, şagirdləri baş verən ictimai-siyasi prosesləri daha dərindən öyrənməyə həvəsləndirməkdir. Eyni zamanda, şagirdlərin ədəbi-bədii təfəkkürünün düzgün istiqamətdə formalaşmasına və özünüifadə qabiliyyətlərinin inkişaf etdirilməsinə təkan vermək, habelə xüsusi istedada malik uşaqları üzə çıxarmaqdan ibarətdir.

Müsabiqə iştirakçıları “Müstəqillik tariximizin şanlı səhifəsi” başlığı altında təqdimatla çıxış edəcəklər. Çıxışlar mayın 25-dək video formatda BŞTİ-nin [email protected]  elektron poçt ünvanına göndərilməlidir. Video göndərilərkən iştirakçının adı, soyadı və atasının adı, əlaqə nömrəsi, rayon və oxuduğu təhsil müəssisəsi, məşğul olduğu məktəbdənkənar təhsil müəssisəsinin adının qeyd olunması mütləqdir.

Hər iştirakçı müsabiqəyə yalnız 1 videotəqdimatla qatıla bilər. Münsiflər heyəti tərəfindən qiymətləndiriləcək videotəqdimat 5 dəqiqədən artıq olmamalıdır. Qiymətləndirilmə zamanı sərbəstlik, söz ehtiyatının zənginliyi, dolğun və əhatəli məzmun, irəli sürülən fikirlərin faktlarla əsaslandırılması əsas meyarlar kimi götürüləcək.

Müsabiqənin yekununda, ümumilikdə, 6 iştirakçı (1 nəfər – I yer, 2 nəfər- II yer, 3 nəfər - III yer) qalib seçiləcək.

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim ediləcək, 5 nəfər isə fəal iştirakına görə tərifnamə ilə təltif olunacaq.