15 aprel 2019 18:25
113

Onlayn media peşə etikasına necə əməl edir?

Yeni media mühitin formalaşması ilə informasiyanın əldə olunması, saxlanılması, ötürülməsi və yayılmasında da dəyişim oldu. Müasir dövrdə onlayn media modernliyi, operativliyi, əlverişliyi ilə daha arzuolunandır. Ona görə də yeni medianın aktuallığı inkarolunmazdır.

Niyə onlayn mediada əsas məsələ informasiyanı əldə etmək və yaymaqla məhdudlaşır? Məsələ təkcə xəbər vermək deyil, ən vacib məqam odur ki,  həmin informasiya  cəmiyyətə, ictimai rəyin formalaşmasına necə təsir edir?

Bakı Dövlət Universitetinin  Hüquq  fakültəsinin dosenti,  Vəkillər Kollegiyasının üzvü Bəhruz Məhərrəmov sözügedən məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Azərbaycanda son günlər medianın, xüsusən elektron və sosial medianın məktəblinin intiharı mövzusunda fəaliyyəti aşkar şəkildə həm dövlətdaxili, həm də beynəlxalq hüququn  tələbləri ilə daban-dabana ziddir: “Hadisənin gedişatı, mediada gedən proseslər demək olar ki, hər kəsə bəllidir, buna görə də xüsusi xatırlatma etməyi, istinadlar verərək məsələnin gündəmdə saxlanmasını nə qədər  doğru hesab etməsəm də, məsələyə hüquqi yanaşmanın, bu çərçivədə insanların maarifləndirilməsinin bir o qədər vacib olduğu qənaətindəyəm”.      

B.Məhərrəmov mövzunun hüquqi tərəflərindən də bəhs etdi: “Azərbaycan müstəqillik əldə etdikdən sonra azad söz və mətbuat dövlətin prioritetlərindən biri olmuş, dövlətin bu qəti siyasi iradəsi Konstitusiyamızın 50-ci maddəsində aydın formada ifadə edilmişdir. Ana qanunumuzun 50-ci maddəsində birmənalı formada ifadə edilib ki,  hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Eləcə də kütləvi informasiyanın azadlığına təminat verilir, kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. Həmçinin sahəvi normativ -hüquqi akt olan “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 1-ci maddəsində bəyan olunmuşdur ki, Azərbaycan Respublikasında kütləvi informasiya vasitələri azaddır. Aydın görünür ki, jurnalistin fikrini sərbəst ifadə etməsi üçün imkanlarının kifayət qədər qanuni bazası mövcuddur. Lakin son hadisələr onu göstərir ki, Azərbaycanda KİV azadlığından sui-istifadə halları mövcuddur. KİV haqqında qanunun 10-cu maddəsinin məzmununa diqqət yetirsək görərik ki, vətəndaşların şərəf və ləyaqətini alçaldan  yalan və qərəzli yazılar KİV azadlığından sui-istifadə halı kimi dəyərləndirilir. Jurnalistlərimiz, həmçinin bloqqer və iri sosial media səhifələrinin idarəçiləri intihar edən məktəbli qıza aid  fotoları, məlumatları, hətta fakt kimi doğru olsa belə yayması,  “ictimai qınaq”, yaxud “təəssübkeşlik” pərdəsi altında paylaşması, o uşağın ailəsinin, yaxınlarının şərəf və ləyaqətinə toxunur, onları yaxın çevrələrində nüfuzdan salır. Bu isə iki istiqamətdən yolverilməzdir:

1. Jurnalistlərin özünün peşə etikasına uyğun deyil.

2. Azərbaycan Respublikasının Konstitusiyasına, KİV haqqında qanuna və digər aidiyyəti normalara ziddir.”      

“2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin birinci qurultayında qəbul edilən, sonrakı illər ərzində bir neçə dəfə  beynəlxalq təcrübə əsas tutulmaqla təkmilləşdirilən  “Azərbaycan jurnalistlərinin peşə davranışı Qaydaları”nın 3.9.-cu maddəsində aydın şərtlərlə qeyd edilir ki, jurnalist uşaqların şəxsi həyatı barədə məlumatları və ya fotoşəkilləri dərc etməməlidir. Həmçinin həmin Qaydaların 3.11-ci maddəsində  bildirilir ki, jurnalist  intihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməlidir.  Görünən isə odur ki, Azərbaycanda elektron media son faciəvi hadisəyə münasibətdə tamamilə əksinə mövqe sərgiləyərək  peşə etikasI normalarına   məhəl qoymur.  Məsələnin ikinci tərəfi, qanunvericiliyin pozulması isə, daha ciddi bir nüansdır, pozuntu özlüyündə ciddi sanksiyalar üçün səbəbdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsinin məzmununa əsasən, şəxsi və ailə həyatının sirri olan informasiyaların, belə  xəbərləri əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, başqasına verilməsi, qanunsuz toplanılması,  şəxsi həyatın toxunulmazlığını pozma cinayəti hesab edilir və  bu əməlin törədilməsinə görə şəxs xüsusi hallarda  iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər”- deyə, ekspert bildirdi.

Bəli, hər bir informasiya  müəyyən mənada ictimai şüura təsir edir. Bu xəbər həssas  statusa  malikdirsə,  o zaman daha da diqqətli olmaq lazımdır. Bütün bunlar isə cəm halında peşə etikasının əsas bölmələrini təşkil edir.  Medianın bütün  növləri, o cümlədən yeni media və onun nümayəndələri öz fəaliyyətlərində  bu  prinsipləri gözləməlidirlər.

Yaqut Ağaşahqızı, “İki sahil”