11 sentyabr 2019 11:18
196

Ön xətdə düşüncələr - Vətən, səndən ayrı ömrü neynirəm

Təbiəti necə sevməyə bilərsən?

Təbiəti özünü sənə sevdirəcək - narın-narın yağan yağışını sevəcəksən, dənəbir-dənəbir yağan qarını sevəcəksən, can sənidən mehini sevəcəksən,  yaz yağışından sonra göy üzünə yayılan qövsi-qüzehini sevəcəksən...

Təbiət gözəldir. Təbiət dəyişdikcə daha da gözəlləşir; təbiətdə hər dəyişiklik hökm qüdrətindədir. Təbiət hadisələri heç zaman kənar təsirlərə tabe olmur, təbiətdə hər şey öz axarıyla gedir - cəmiyyət seyrçidir. İctimaiyyət hər fəslin öz gözəlliyi seyr edə-edə yaşayır, yaşaya-yaşaya seyr edir. Görür ki, heç bir fəslin başlanğıcı sonuna bənzəmir. Bu bənzərsizlik də qanunauyğunluqdu; zaman anlamında dünən yaşıllığının harmoiyası göz oxşayan, könül xoşluğuna dönən çölün-çəmənin bət-bənizində bu gün bir sarılıq görürsən. Müharibəsiz illərdə də belə olub, müharibədə də belədi...

Ön xətdə ezamiyyətdəydim.

Yayın orta ayında gördüyüm səngərlərin yan yörəsinə çökən dəyişikliklər səhər bura çatanda diqqətimi çəkməyibmiş, dəyişiklikləri dönüşümdə gördüm. Səngərdən uzaqlaşmamış xatırladım ki, bayaq əsgərlərdən biri “Təbiəti dəyişməyə gücümüz çatmasa da dünyanı nizamına qaytarmağa gücümüz çatacaq. Buna Ali Baş Komandanın bir əmriylə nail olacağıq”, - demişdi, yəni işğalı sonlandıracağıq. Səngərdə bu mətləbin araçılığıyla söhbətləşmişdik. Demişdik- eşitmişdilər, demişdilər - eşitmişdik. Vətəndən danışmışdıq, torpaqdan, dövlətdən, döyüşlərdən, şəhidlərdən danışmışdıq, yaxın vaxtlarda məmləkətimizin həmayili olacaq Böyük Qələbədən danışmışdıq. Söz sözə söykək olmuşdu, söz-sözü çəkmişdi, mətləb mətləblə tamamlanmışdı. Həmişə olduğu kimi indi də gözəl könülxoşluğu yaşanılmışdı. Bu könülxoşluğu sevgiydi. Bu sevgi Vətən sevgiydi...

Səngərdən aparan yol səngərə gətirən yol olsa da onlara heç  zaman eyni yol deməmişəm; bu yol dönüşündə ruhumuzun yoluna döndüyü üçün deməmişəm; haqlıyammı, haqsızammı, bilmirəm. Səngərdən aparan yolun döngəsinə çatmamış yadıma düşdü ki, bir az əvvəl sağ cinahda döyüş növbətçiliyi aparan əsgəri jurnalist, həm də vətəndaş-jurnalist marağıyla gözdolusu, könüldolusu müşahidə etmişdim. Bir daha əmin olmuşdum ki, Azərbaycan əsgəri vətənsevərdi, məsuliyyətlidi, yüksək döyüş hazırlığına malikdi, döyüş növbətçiliyində Vətənin ona tapşırılan səmtini kirpik çalmadan qoruyur. O anlarda baxışlarını həmin əsgərin baxışlarıyla qoşalaşmağa meyillənmişdi, qarşı tərəfə əsgərin baxışlarına mətərislənib baxmaq istəmişdim. 2016-cı il aprelin 7-də Lələtəpədən o tərəfə baxdığım kimi baxmaq istəmişdim. İndi döyüş növbətçiliyi aparan əsgəri müşahidə edə-edə düşünürəm, düşünə-düşünə mənə elə gəlir ki, bu əsgər 2016-cı ilin martın sonlarında Cocuq Mərcanlıda döyüş növbətçiliyi aparan əsgərin ruh qardaşıdı, davamçısıdı, o əsgərin qazandığı böyük qələbəni bu əsgər tamamlayacaq - Böyük Qələbəylə.

Bu inam sevgiydi. Bu sevgi Vətən sevgisiydi....

Belə bir ovqatın zəmanətiylə bir daha aydınlığıyla dərk etdim ki, ön xətdə, səngərlərdə döyüş növbətçiliyi aparanların hamısının baxışlarının mahiyyəti eynidi - düşmənin bütün tərpənişlərini nəzarətdə saxlamaq. Bu mahiyyət deyir ki, bu gün döyüş növbətçiliyi aparan əsgər yaxın vaxtlarda Ali Baş Komandanın döyüş əmriylə ilk güllələri indi nəzarətdə saxladığı ərazidə atacaq - üzü Cıdır düzünə, Qələbənin yoluna. Qələbə yoluna çıxmaq üçün. İlk güllələr orda atılacaq, son güllələr dövlət sərhədimizdə - üzü o tərəfə.

Bu düşüncələrin cazibəsindəykən bayaq baxışlarım baxışlarına mətərislənməyə meyillənən əsgər döyüş növbətçiliyindən qayıtmışdı. Zabitin təqdimatıyla əsgərlə söhbətləşmişdik. Əsgər özü haqqında danışmamışdı, əsgər yoldaşlarından, əsgər dostluğundan danışmışdı. Özünü tanıtmamışdı, əsgər yoldaşlarını tanıtmışdı:

- Sabirdi, Şabrandandı, o Şahindi, Bakıdandı, o hamımızın şair dediyimiz Kərəmdi, Qazaxdandı,... Hər biri ön xətdə xidmətin nə qədər məsuliyyətli olduğunu yaxşı bilir. Hər biri Böyük Qələbənin əsgəri olmaq niyyətiylə xidmət edir. Hər biri döyüş növbətçiliyini Hərbi Anda sədaqətin ilkini, başlanğıcı, qayəsi bilib xidmət edir, döyüş növbətçiliyi aparanda ona tapşırılan ərazini bütöv Vətən kimi qoruyaraq xidmət edir...

Ürəyimi qürurla silələyən kəlmələrə görə əsgəri bağrıma basmaq istəmişdim. Sözünü kəsməyə, fikrini yarımçıqlamağa ürəyim gəlməmişdi. Əsgər sözünə davam edərək demişdi:

- Vətəni uşaqlığımızdan sevməyə başlayırıq. Necə dərk edirik, necə sevirik, heç kim qəti söz deyə bilməz. Sevirik, vəssalam, - əsgərin işıqlı fikirlərini könül xoşluğuyla dinləmişdik. - Evdə atanın, ananın, məktəbdə müəllimlərin söhbətləri bu gözəl sevgini daha da möhkəmləndirir, dərinləşdirir, müqəddəsləşdirir. Yeniyetməliyimizdə xalq şairi Səməd Vurğunun “Ananın öyüdü” şeirini hamımız əzbər bilirdik. Mənim anam da mənə, qardaşıma “Bir anan mənəm, biri Vətəndi, ay oğul!” - deyirdi, yeni yetməliyimizdən bilirik ki, Vətən - anadır...

Bu kəlmələr sevgiydi. Bu sevgi Vətənə sevgiydi...

Əsgər yoldaşlarına baxmışdı. Onların baxışlarından sözünə qüvvətimi umurdu, fikirlərinə təsdiqmi - bilmək çətiniydi. Bunu bilmədən əsgərin fikrinin davamını, tamama aparacaq kəlmələri dinləmək daha gözəlmiş:

- Hərbi xidmətin ilk günü kimi ilk döyüş növbətçiliyini də heç zaman unutmayacam. İlk döyüş növbətçiliyinə getməzdən əvvəl zabitlərimiz məni təlimatlandırsalar da, əsgər yoldaşlarım mənə məsləhətlər versələr də bir qədər həyəcanlıydım. Vaxt ağır-ağır ötdükcə dərk edirdim ki, döyüş növbətçiliyi aparan əsgər həmin anlarda həmin səmtdə Vətənin sipəridi.

Ani olaraq duruxmuşdu:

- Bəlkə də zirehidi, - demişdi...

Zabit məmnunluqla gülümsünmüşdü. Bu gözəl təbəssümü əsgərin gözəl fikirlərinə zabit- komandir hədiyyəsi bilmişdim:

- Bəli, məhz zirehdi. Zireh zəif olarsa, ağrı-acısını Vətən çəkər. Bu isə əsgərə ölümdən də betərdi. Döyüş növbətçiliyində əsgərə olur, qarşıda düşmən, əsgərin düşüncələrində müqəddəsliyiylə Vətən. O məqamlarda əsgərin ən ehtibarlı silahı Vətən sevgisidi.

Zabit  əsgərlərə xitabən:

- Hər biriniz döyüş növbətçiliyini bu, qüdrətli, bu əvəzedilməz silahın işığında aparırsınız. Ona görə də  düşmən sizdən çəkinir, - deyir. Nələrisə xatırlayır:

- Hər əsgərin özünəməxsus xarakteri olur. Müxtəliflik fərq deyil, eyniliyin çalarlarıdı. Belə müxtəlifliyi bir  ümumilik tamamlayır: Hərbi anda sədaqətlə xidmət etmək.

Müxtəlif hərbi hissələrdə müxtəlif zamanlarda müxtəlif əsgərlərdən çox eşitmişəm: orta məktəbdə oxuyanda da, çağırışçı olanda da Vətən hər birimizin könül sultanı olub. Hərbi xidmət xarakterimizi də möhkəmləndirib, bu sultanlığı da. Döyüş növbətçiliyi əsgərin Vətən sevgisini mətinləşdirir...

Dönüb səngərlərə sarı baxdım. Ora qayıtmaq istədim, əsgərlərə deyəcəklərim var:

- Səngərlərdə göy üzünün sizə baxan haləsinə Vətən dediyiniz üçün, o halənin baxışınıza qarışmağa meyilinə, həvəsinə Vətən dediyiniz üçün, səngərlərin o üzündə sızıldayan torpağa da, yol gözləyən kəhrizə də, bulağa da, bağırının başında gəzdirdiyin bayrağa da Vətən dediyiniz üçün hər biriniz hər birimizin əzizisiniz!..

...Bir az əvvəl xırdaca yağış yağmışdı. Çiçəklərin ləçəyinin damcı payı qurumaqdaydı. Bir az əvvəlki görüntülər dəyişməkdəydi...

Bayaqkı söhbətlərin qayəsi, məfkurəmizi yaşadan kəlmələr düşüncələrimin göyqurşağına dönmüşdü...

...Gözəl təəssüratlar öz yerində, özümlə - ürəyimdə, könlümdə, düşüncələrimdə - səngərdə əsgərlərdən eşitdiyim bir kəlamı da aparıram:

Vətən, səndən ayrı ömrü neynirəm...

Rəşid Faxralı