KÖŞƏ

Rəşid Faxralı

“Ömür Vətənə xidmət deməkdir”

14 avqust 2019 20:04
373

Sözlər də, fikirlər də düşüncələr üçündü. Kəlam qüdrətində olmayan söz-fikir, belə söz-fikirlərdən ibarət fikir düşüncələrə hopa bilmir. Belə fikirlər ictimaiyyət üçün maraqlı deyil. Düşüncələrə hopan söz-fikir yaşarı, bəlkə də bəşəri kəlamlardı. Belə kəlamlar vətəndaşın fəaliyyətini dövlət üçün, dövlətçilik üçün gərəkli məcraya yönəldir. Bu fikirlər orduya, ordu quruculuğuna da aiddir.

Vətəndaşların nələrəsə münasibətləri fərqli ola bilər. Vətən hamımızın Vətəni, dövlət hamımızın dövləti, ordu hamımızın ordusu olduğu üçün - Vətən, dövlət, ordu məfhumlarına isə yox.

Son illərdə ordu quruculuğunda həyata keçirilən irimiqyaslı islahatlar da, genişmiqyaslı təlimlər də şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını əhəmiyyətli səviyyədə yüksəldib. Belə yüksəlişin nəticəsidir ki, ordumuz nəinki bölgədə, dünya miqyasında ən güclü ordular sırasındadır...

Vəzifəsindən, rütbəsindən asılı olmayaraq hər bir hərbi qulluqçu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tövsiyələrini, göstərişlərini,  tələblərini, əmrlərini böyük məsuliyyətlə yerinə yetirir, vahid bir amalla xidmət edir: Torpaqlarımızı işğaldan azad etməli!

Hər bir hərbi qulluqçu üçün Vətən, dövlət, xalq ucalığı var. Bu ucalıq hərbi xidmət anlayışı ilə ömür anlayışını məfkurə baxımından eyniləşdirir. Bu eyniləşdirməni “Ömür Vətənə xidmət üçündür” mövzusunda söhbətin başlanğıcı hesab edə bilərik.

Söhbətə bu xatırlatma ilə başlayırıq.

İştirakçılara xitabən “Bu kəlam ömür dediyimiz illərə də təsir göstərə bilir” - deyirəm. Onu da deyirəm ki, bu söhbətin şəxsi heyətin mənəvi-psixoloji hazırlığında müəyyən qədər əhəmiyyətli olacağına inanırıq, buna əminik, siz də əmin olun.

Baş leytenant Bünyad İsayev dedi ki, hərbi xidmət vətəndaşlıq borcudur. Kişi cinsli hər bir vətəndaş bu borcu yerinə yetirməlidir, yerinə yetirir. Bu borc Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tövsiyəsi - Vətənə, xalqa, dövlətə xidməti ömrün mənası bilin - əsasında yerinə yetirilməklə daha da müqəddəsləşir...

Qəhrəmanlar (Vəzir Orucov, Şirin Mirzəyev, Yusif Mirzəyev, Rasim İbrahimov, Etibar Hüseynov, Mübariz İbrahimov, Samid İmanov, Raquf Orucov, Çingiz Qurbanov və b.), şəhid hərbçilər ömrün mənasını Vətənə, xalqa, dövlətə xidmət bilib döyüşürdü. 2016-cı ilin aprel döyüşləri, qazanılan qələbə təsdiqlədi ki, hər bir hərbi qulluqçu qələbə üçün döyüşür, ömrünün mənasını Vətənə, xalqa, dövlətə xidmətdə görüb döyüşür.

Zabitin sözünə qüvvət kimi dedim ki, ömür olumdan ölümə qədərki zaman deyil.  Ömür Vətən üçün, xalq üçün, dövlət üçün yaşanılan aylardı, illərdi. Vətən üçün, xalq üçün, dövlət üçün yaşanılan ömürlərin başlanğıcı olur, sonu olmur. Şəhid ömrü belə işıqlı ömürdü. Bu işıq əbədiyyətin cığırdaşıdı.

Söhbətə giriş kimi səslənən bu fikirlər mövzu ətrafında səfərbər etdiyi əsgərlərin düşüncələrini “tərpətdi. Bu tərpənişi hiss etmək çətin deyildi...

Əsgər Azər Qənbərli dedi:

-Çağırışçı hərbi xidmətə müəyyən biliklərlə, müəyyən dünyagörüşlə gəlir. Hərbi xidmətdə yeni biliklər, vərdişlər əldə edirik. Bu biliklər hərbi biliklərdir, vərdişlər hərbi vərdislərdir. Hərbi xidmətə gələnə kimi nəyi qoruyacağımızı bilirdik, necə qoruyacağımızı hərbi xidmətdə öyrəndik. Hərbi xidmətdə həm də Vətənin, dövlətin nə olduğu haqqında düşüncələrimiz genişləndi, dərinləşdi. Vətən kəlməsinin ifadə etdiyi məzmunu daha əhatəli dərk etdik. Məhz buna görə hərbi xidməti də Vətən qədər müqəddəs bilirik. Ömrümüz, əlbəttə ki, hərbi xidmət dövründə də tərxis olunduqdan sonra da müqəddəs Vətənə müqəddəs xidmət üçündü...

Əsgərlərə baxdı. Azər Qənbərlinin dediklərinin onların düşüncələrinə necə hopduğunu hiss etmək, sezmək çətin deyildi; maraq istəyin, istək niyyətin, amalın başlanğıcıdı. Duyduqlarım, sezdiklərim başlanğıc deyildi, davamıydı. Hiss olunurdu ki, hərbi xidmətin ayları səmərəli keçib. Bu səmərə həm də düşüncələrdədi. Hərbi xidmətin ilk günləriylə andiçmənin səhərisi arasında kifayət qədər fərq olduğunu heç kim inkar edə bilməz. Bu fərqin mahiyyəti Vətən sevgisidi. Hərbi xidmətin hər günü bu sevgini bir az da dönməzləşdirib. Azərbaycanın dövlətçilik tarixi min illərlə səsləşir. Ulularımız min illərlə Vətən olan ərazini Dədə Qorud öyüdüycə qoruyub. Beyrəkləşərək qoruyub, Qaraca Çobanlaşaraq, Qazan xanlaşaraq, Bəkilləşərək, qoruyub, ...,  Xətailəşərək, Cavad xanlaşaraq, ... qoruyub.

Azərbaycanımızın dövlət müstəqilliyi məhdudlaşdırılanda da Vətən məfhumunun müqəddəsliyi qorunub. Xalq var olalı müstəqillik istəyi yaşam mübarizəsinin tərkib hissəsi olub. Bunları sözgəlişi demirəm. Əsgər Ayxan Nağıyev zamanında oxuduğu, yadında saxladığı bu faktları söhbətin mövzusuna qibtəediləcək bir səviyyədə uyğunlaşdırdı:

-Rus imperiyası 1920-ci ilin aprelin 28-də Azərbaycan Demokratik Respublikasının dövlət müstəqilliyinə son qoydu. Ancaq xalq azadlıq mübarizəsini gah gizlin, gah aşkar davam etdirdi. 1988-ci ildə bu mübarizə dönməz bir hərəkata çevrildi. Milli-azadlıq hərəkatı kükrədi. İmperiya bu hərəkatı söndürmək üçün 1990-cı ilin yanvarında Bakıya qoşun yeritdi. Xalq çəkinmədi, geri çəkilmədi. İmperiya 20 Yanvar gecəsi faciə törətdi, qırğın etdi...

Ayxanın sözünə söykək kimi xalq şairi Xəlil Rza Ulutürkün xalqın adından dediyi misraları xatırlatdım:

Qolumdakı zəncirləri

Gərək qıram, gərək qıram!

Ayxan bu misralara istinadən sözünə davam etdi:

1991-ci ilin oktyabrında işğalın zəncirləri qırıldı. Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Şəhidlər təsdiqlədilər ki, ömür Vətən üçün, xalq üçün, dövlət üçün yaşanılanda dövlət də qorunur, dövlətçilik də...

Əsgərin şəhidliyə ehtiramını biz də dövlətçiliyə sevgisinin başlanğıcı bildik, əsgər Vasif Şıxəlizadə də:

-Ermənistanın Azərbaycandan ərazi iddiası elan olunmadan başlayan müharibəyə səbəb oldu. Döyüşənlər, şəhidlər təsdiqlədilər ki, Vətən xalq, dövlət ömürdən ucadır. Biz qazilərin də, şəhidlərin də amalının davamçılarıyıq. Himnimizdə deyildiyi kimi, Azərbaycan üçün hamımız can verməyə hazırıq...

Əsgər Xətai Mehtiyev deyir:

-Orta məktəbdə oxuyanda “Hardan başlanır Vətən?” mövzusunda biz də inşa yazmışıq. Hərə öz düşündüyünü yazıb. Bu sualı biz də çox eşitmişik, bu suala verilən cavablardan da xəbərdarıq. “Azərbaycan Ordusu” qəzetində dərc edilən məqalələrdən birində “Vətən əsgər ürəyindən başlayır” fikri bizim hər birimizin gücünə güc verdi. Bu fikiri “Hardan başlanır Vətən?” sualına ən dürüst, ən məntiqli cavab bilirik. Vətənin baslanğıcı həqiqətən əsgər ürəyidi. Səngərin nə olduğunu bilənlər üçün belədi...

Baş leytenant Bünyad İsayev əsgərin fikrini bəyənir və onun davamı kimi deyir:

-Əslində Vətən kəlməsi üçün nəhayət, son anlayışı yoxdu. Ancaq yenə deyə bilərik ki, Vətənin başlanğıcı da, nəhayəti də əsgər ürəyidi. Hərbi xidmət, deməli, əsgər Vətən üçündü. Əsgər ürəyinin müəyyənləşdirdiyi ömür Vətən üçün, xalq üçün, dövlət üçün yaşanılmalıdı.

Hamı kimi əsgər Xətai Mehtiyev də kapitanın sözə müdaxiləsini məmnunluqla dinləyir  və fikrini belə tamamlayır:

-Biz  məhz belə xidmət edirik. Azərbaycanda hərbi xidmət həmişə belə olacaq.

Disput, müzakirə fikir mübadiləsidi. Belə mövzularda fikir ayrılığı olmur, ola da bilməz. Həmkarım Mübariz Musayev əsgərin sözünə qüvvət kimi deyir ki, müqəddəsliyi hamı dərk edirsə, müqəddəsliyə hamının münasibəti müqəddəsdirsə, sənin, sənin timsalında əsgər yoldaşlarının belə qənaəti istər jurnalist kimi, istərsə də vətəndaş kimi bizi əmin etdi ki, güclü Azərbaycan ordusu Ali Baş Komandanın döyüş əmrinə hazırdır, torpaqlarımızı işğaldan tamamilə azad etməyə qadirdir...

Əsgər Xətai Mehtiyev fikirləri mənə bir şeirin bir misrasını xatırlatdı: “Vətən, səndən ayrı ömrü neylərəm?”. Məzmunlu deyilib. Bu misra həm disputun mövzusuyla səsləşir, həm də onun mahiyyətini poetik baxımdan tamamlayır, deyirəm.

Baş leytenant Bünyad İsayev deyir ki, Vətən sevgisinin bu səviyyədə anlaşılması vətəndaşın mənəvi kamilliyidir.

Gizir Tofiq Aslanov deyir ki, Vətənin nə olduğunu bu səviyyədə dərk etməyən nümunəvi əsgər ola bilməz. Nümunəvi əsgər deyilsənsə, yaxşı vətəndaş deyilsən.

Əsgər Vüsal Qədirli əsgər dostunun fikrinə maraqlı fikir bildirir. Bu müdaxilə həm tədbirin tələbi kimi gözəldi, həm də fəallıq kimi hamımıza könül xoşluğu verir:

-Yaxşı vətəndaş olmayan yaxşı oğul deyil.

Səmimi, məzmunlu, düşündürücü mükalimələşmədi. Düşünə-düşünə əsgər düşüncələriylə qürurlanırıq - əsgərlərin nə gözəl düşünür, Vətən, qürurlana-qürurlana düşünürük - bu duyum, bu duyğu sənin mənəvi kamilliyinin təsdiqidir, Azərbaycan əsgəri!

Əsgər Emin Məmmədov deyir:

-Yaxşı oğul deyilsənsə, ömür sənə haramdı!

“Vətənə, xalqa, dövlətə xidmət ömrümüzün mənasıdır” mövzusunda “N” hərbi hissəsində təşkil olunan diskussiya mənəvi kamillik üçün az qala düstur kimi qəbul ediləsi bir fikirlə tamamlanır: Vətənə, xalqa, dövlətə xidmət ömrünün mənası deyilsə, ömür sənə haramdı...

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...