05 iyun 2020 12:07
480

Ölkəmizin tranzit potensialına beynəlxalq maraq artır

Bu gün Azərbaycana həm şimal, həm də cənub istiqamətindən daxil olan yüklərin həcmində əhəmiyyətli dərəcədə artım müşahidə edilir. Artıq həmin yüklərin avtomobil nəqliyyatı vasitəsilə daşınması müəyyən çətinliklər yaradır. Məhz bu səbəbdən Azərbaycan üçün prioritet məsələlərdən biri dəmir yolu vasitəsilə daha böyük həcmdə yükdaşımaların həyata keçrilməsinə nail olmaqdır. Bu xüsusda iyunun 1-də Prezident İlham Əliyev Asiya İnkişaf Bankının təşəbbüsü ilə bu bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfransda maraqlı məqamlara toxunub.

Dövlət başçısı İlham Əliyev qeyd edib ki, biz artıq şimaldan - Rusiyadan daxil olan, Azərbaycan ərazisindən qərb və cənub istiqamətində yükləri qəbul edirik: “Lakin İranla sərhəddən başlayaraq Rusiya ilə sərhədə qədər dəmir yolumuzun keyfiyyəti yaxşı deyil. Buna görə də biz qatarların sürətini artırmaq üçün indi artıq bəzi vəsaiti sərmayə olaraq yatırmışıq və biz bunu etməyi planlaşdırırıq. Çünki belə ola bilər ki, bütün yüklərin öhdəsindən gəlmək üçün bizim mövcud infrastrukturumuz kifayət etməyə bilər. Bu gün artıq bizim Rusiya ilə sərhədimizdə tıxaclar var. Çünki Azərbaycandan, həm də İrandan artan ixrac malların artıq yük maşınları ilə gətirilməsini mümkünsüz edir. Buna görə də bizə Şimal-Cənub dəhlizinin bir hissəsi olacaq müasir dəmir yolu sistemi lazımdır. Mən sizdən bu layihəni də nəzərdən keçirməyi xahiş etmək istərdim...”

Bu fikirlərdən də göründüyü kimi, Azərbaycan öz ərazisindən yükdaşımaların həcminin artırılması üçün dəmir yolu infrastruktunu daha da təkmil vəziyyətə gətirməyi planlaşdırır. Yuxarıda qeyd olunduğu kimi, bunu şərtləndirən əsas səbəblərdən biri şimal və cənub istiqamətlərindən ölkə ərazisinə daxil olan yüklərin artımıdır. Artıq bu fonda o da məlumdur ki, İran Rusiya istiqamətində ixracın əsas hissəsini məhz Azərbaycan üzərindən həyata keçirməyə hazırlaşır. Qeyd edək ki, İranla Azərbaycanın nəqliyyat sahəsində əməkdaşlığı tərəflər üçün çox səmərəlidir. İran ixrac məhsullarını avtomobil və dəmir yolları vasitəsilə Azərbaycan üzərindən ixrac edir. Azərbaycanın tranzit potensialı İranla Rusiya arasında idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi üçün əlverişli şərait yaradıb. İranın Mazandaran, Gilan, Gülüstan və Ərdəbil vilayətləri ölkəmizlə sərhəd regionunda yerləşir. Sitrus meyvələrdən başqa bu vilayətlər digər kənd təsərrüfatı məhsulları və tikinti materialları ixrac etmək imkanına malikdir. Azərbaycanın Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttini və Ələt-Astara avtomobil yolunu yenidən quraraq istismara verməsi İranın adı yuxarıda göstərilən vilayətlərinin ixrac imkanlarını artırıb.

Nəzərə almaq lazımdır ki, Rusiya da Azərbaycan ərazisindən tranzit kimi istifadə edərək İranla ticarət əlaqələrini daha da genişləndirib. Xatırladaq ki,  Sovet İttifaqı dövründən Azərbaycanla Rusiya arasında geniş dəmir yolu əlaqəsi mövcuddur. Bu gün isə Rusiya Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu ilə İrana taxıl, tikinti materialları və digər texniki vasitələr ixrac edir. Rusiyanın Dağıstan Respublikası da Azərbaycan ərazisindən istifadə etməklə İranla ticarət əlaqələrini davam etdirir. Yüklər Dağıstandan qatarla birbaşa İran Astarasına daşınır.

Qeyd edək ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsas seqmentindən olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti istifadəyə verildikdən sonra nəinki Rusiya, eləcə də Avropa dövlətləri Azərbaycandan tranzit kimi istifadə edərək İranla ticarət əlaqələrini daha da inkişaf etdirəcək. İstər Avropadan İrana, istərsə də əks istiqamətə yüklərin daşınması Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin artmasına səbəb olacaq. Hələlik bu dəmir yolunun Qəzvin-Rəşt hissəsi hazırdır. Rəşt-Astara hissəsində isə inşaat işləri davam edir. Cənub-Şərqi Asiya ölkələrindən Avropa və Rusiyaya daşınan yüklər İranın dəniz limanlarına, buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Avropaya daşınacaq. Bu fonda İranın dəmir yolu ilə əlaqəli dəniz limanlarının yükaşırma gücü 246 milyon tondan 264 milyon tona çatdırılacaq.

Bir sıra beynəlxalq nəqliyyat dəhlizləri məhz İran ərazisindən keçir. Bunlardan biri də məhz Şimal-Cənub nəqliyyat dəhlizidir. Bu dəhliz vasitəsilə Qərbi Avropa ölkələri ilə Körfəz və Cənub Şərqi Asiyadakı ölkələr iqtisadi-ticarət əlaqələrini daha da genişləndirəcək. Bu da Azərbaycan üzərindən daha çox yük daşınması deməkdir. Onu da bildirək ki, Azərbaycan təkcə qatarların ölkə ərazisindən tranzit kimi istifadə etməsindən gəlir əldə etməyəcək, həmçinin Bakı daha vacib nəqliyyat və logistika mərkəzinə çevriləcək. Azərbaycan hazırda Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində tranzit daşımalarını səmərəli şəkildə təmin edir. Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin fəaliyyəti, yeni beynəlxalq aeroportların tikintisi və Ələt qəsəbəsində Bakı Dəniz Ticarət Limanı kompleksinin açılışı da məhz nəqliyyat logistikasına xidmət edir. Bütün bunlar Azərbaycanın təkcə Qafqaz regionu üçün deyil, həm də bütün Avrasiyanın ticarət sistemi üçün səmərəli və etibarlı nəqliyyat qovşağı statusu əldə etməsinə imkan verib və dünya iqtisadiyyatında beş verəcək heç bir cərəyan bunu dəyişə bilməz.

Cavid Əkbərov,

“İki sahil”