08 aprel 2020 10:59
752

Ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə beynəlxalq dəstək

Martın 31-də Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq qətiyyətlə pisləndi və rədd edildi. Bu qərar ölkəmizin suverenliyi və ərazi bütövlüyünə göstərilən dəstəyin ifadəsidir.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən mətbuata verilən məlumata görə, beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, NATO, Türk Şurası, GUAM, Avropa Parlamenti, TÜRKPA, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri, eyni zamanda, bir çox dövlətlər, o cümlədən Çex Respublikası, Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan, Finlandiya, Almaniya, İtaliya, Monteneqro, Böyük Britaniya, Belçika, İsveç, Xorvatiya, İran habelə digər çoxsaylı dövlətlər bu qondarma “seçkilər”in və onların nəticələrinin qanunsuz olduğunu bəyan etdilər. BMT-dən sonra ikinci böyük siyasi platforma olan və 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatı, eləcə də çoxsaylı digər təşkilat və dövlətlərin bu sırada yer alması bütün dünya ictimaiyyətinin Ermənistanın işğalçı siyasətini və onun nəticələrini rədd etdiyini növbəti dəfə açıq şəkildə nümayiş etdirir.

Siyahıdan məlum olur ki, Türkiyədən tutmuş uzaq Kanada və Avstraliyaya qədər, Türk Şurasından tutmuş NATO-ya qədər dünya ictimaiyyətinin rəyi yekdildir. Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yeni bir pozuntu təşkil edən bu qanunsuz “seçkilər”i heç bir beynəlxalq təşkilat və ölkə tanımadı. Üstəlik bu “seçki” şousunu ayrı-ayrı dövlətlər, beynəlxalq qurumlar, nüfuzlu KİV-lər və görkəmli şəxslər “məqsədli təxribat”, “Qafqazda sülh və sabitliyə yönəldilən məsuliyyətsiz siyasi addım”, “münaqişənin sülh yolu ilə nizamlanmasına qarşı ciddi əngəl” və “beynəlxalq hüquq normalarına təhdid” olaraq dəyərləndirdilər.

Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə ATƏT-in Minsk qrupunun fəaliyyəti çərçivəsindəki görüşlərin keçirildiyi bir dövrdə işğal altındakı torpaqlarda saxta “seçkilər”in təşkil olunması sülh yolu ilə uzunmüddətli həllə yönəldilən cəhdlərə zərbə vuran bir təhrikdir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin mövqeyi isə belədir: “Həmsədrlər bu “seçkilər”in nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi qəbul etmirlər. Nəticələrin heç bir halda Dağlıq Qarabağın son statusuna və ya davam edən danışıqların nəticəsinə, münaqişənin davamlı və dinc yolla həllinə təsir göstərməyəcəyini bəyan edirlər. NATO, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar da ATƏT-in Minsk qrupu ilə eyni mövqedədir.

Göründüyü kimi, əvvəlki illərdən fərqli olaraq müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfindən verilmiş bəyanatların sayı daha da artmış, ölkələrin və beynəlxalq təşkilatların mövqeyi açıq bəyanat formasında ifadə edilmişdir. Bəyanatlarda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma “seçkilər” tanınmır və qeyri-qanuni hesab olunur. Xüsusi olaraq qeyd edilməlidir ki, aralarında müxtəlif ölkələrdən olan deputatlar da daxil olmaqla, ayrı-ayrı şəxslər tərəfindən verilmiş açıqlamalarda bütün dünyanın hazırda koronavirus pandemiyası ilə üzbəüz qaldığı bir vaxtda “seçkilər”in keçirilməsi həm də məsuliyyətsiz addım kimi dəyərləndirilmişdir.

Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalı, yüz minlərlə azərbaycanlının öz doğma evlərindən didərgin salındığı təqdirdə Ermənistan tərəfindən təşkil olunan bu qanunsuz və rəzil fəaliyyətə başqa cür münasibət ola da bilməzdi.

Yaqut Ağaşahqızı, “İki sahil”