19 iyul 2019 20:03
165

Ölkəmizdə müasir standartlara cavab verən müstəqil media formalaşıb

Mətbuatın 144-cü ildönümü münasibətilə “Kahveci” inşaat şirkəti media mənsublarının bir qrupu ilə görüş təşkil edərək onları bir araya gətirdi. Şirkətin rəhbəri Aida Kahveçi mətbuat nümayəndələrini bu xoş gün münasibətilə təbrik edərək bildirdi ki, Azərbaycanda demokratik tərəqqini xarakterizə edən mühüm göstəricilərdən biri  söz və mətbuat azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin inkişafına hər cür şərait yaradılmasıdır. Elə bunun nəticəsidir ki, bu gün Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil media formalaşmaqdadır. Bütün demokratik ölkələrdə olduğu kimi, ölkəmizdə də medianın sərbəst və dövlət hakimiyyətindən asılı olmayan fəaliyyəti təmin olunub. Azad mətbuatın hüquqi müdafiəsinin uğurla reallaşması sayəsində jurnalist araşdırmaları, faktların dərc edilməsi üçün ölkəmizdə sərbəst imkanlar yaradılması danılmaz həqiqətdir. Cəmiyyətdə yaşanan problemlərin həllində, ictimai-siyasi həyatımızda baş verən hadisələri işıqlandırmaqda  KİV-lərin rolu əvəzolunmazdır.

Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, mətbuatın, eləcə də digər media vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində atılan addımlar ölkəmizdə kütləvi informasiya vasitələrinin müstəqilliyini daha möhkəm özüllər üzərində bərqərar edir. Real həqiqətdir ki, Azərbaycan dövlətinin artan imkanları milli mətbuatın inkişafı yolunda çətinliklərin aradan qaldırılması, onun aktual problemlərinin həlli məqsədilə kompleks tədbirlərin həyata keçirilməsinə geniş şərait yaradıb. Hazırda hüquqi dövlət quruculuğunda xüsusi rola malik olan mətbuat və söz azadlığının bərqərar olması üçün ölkədə kompleks tədbirlər davam etdirilir. Dövlətin əsas niyyəti Azərbaycan vətəndaşlarının informasiya əldə etmək imkanlarını genişləndirmək və yüksək səviyyədə təmin etməkdir.

Milli Məclisin deputatı Sona Əliyeva bildirdi ki, dövlətin mətbuata, onun cəmiyyətdəki  roluna verdiyi qiymət çox böyükdür. Mətbuat işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün görülən tədbirlər, ayrı-ayrı qəzetlərə və ağentliklərə edilən yardımlar Azərbaycanda bu sahənin  inkişafına göstərilən çox böyük qayğıdır. Prezident İlham Əliyev söz və fikir azadlığına, mətbuatın inkişafına, bu sahədə yaranan problemlərin həllinə daim xüsusi diqqət, qayğı göstərir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları fəaliyyət göstərir, onlar vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar.

Tanınmış jurnalist Mətanət Ağamirli media nümayəndələri adından tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi. Qeyd etdi ki, möhtərəm Prezidentimizin mətbuata davamlı və ardıcıl xarakter daşıyan qayğısı hər birimizdə razılıq hissi doğurmaqla yanaşı, həm də üzərimizə böyük məsuliyyət qoyur: “İnanıram ki, peşəsini uca tutan, sağlam əqidəli, peşəkar jurnalistlərimiz cəmiyyət qarşısındakı sosial öhdəliklərini bundan sonra da layiqincə yerinə yetirəcək, dövlət başçısının reallığı əks etdirən dəyərli tövsiyələrini fəaliyyətlərində rəhbər tutacaqlar.”

Sonda jurnalistlərə simvolik hədiyyələr təqdim olundu.

Şəmsiyyə Əliqızı, “İki sahil”