08 aprel 2020 10:57
698

Ölkəmiz dünyada koronavirusla mübarizənin öncüllərindəndir

Hazırda ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər koronavirus infeksiyasının yayılmasını mümkün qədər məhdudlaşdırmağa və sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verir. Çünki respublikamızda koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün bütün imkanlar mövcuddur.

Virusun laborator diaqnostikası üçün tibb müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir laboratoriya sistemləri qurulub, onlar həmçinin Avropa ölkələrinin istehsalı olan testlərlə təchiz edilib. Üstəlik, koronavirus xəstəliyinin geniş yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycana müxtəlif ölkələrdən digər tibbi ləvazimatlar da gətirilib. Respublikamız koronavirusun yayılmasının qarşının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyini artırmaq məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə intensiv iş aparır və verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün ciddi səylər göstərir.

Aprelin 7-nə olan məlumata görə, ölkəmizdə koronavirus infeksiyası ilə (COVID-19) bağlı  53300 müayinə həyata keçirilib. Bu da digər ölkələrlə müqayisədə yüksək göstəricidir. Hətta bu göstərici ilə respublikamız Avropanın bir çox ölkələrini də qabaqlayır. Məsələn, Finlandiyada bu göstərici 32800, Yunanıstanda 24453, Macarıstanda 22282, Slovakiyada 16191, Xorvatiyada 11464-dür. Cənubi Qafqaz ölkələrinə gəldikdə isə Ermənistanda 4929, Gürcüstanda 2762 nəfər təşkil edir. Ölkəmizdə əhalinin hər bir milyon nəfərinə düşən müayinənin sayı 5262 nəfər təşkil edir. Halbuki bu göstərici Fransada 3436 nəfər, Böyük Britaniyada 2880 nəfər, Türkiyədə 2151 nəfərdir. Verilən açıqlamalara görə, bu göstərici Ermənistanda 1663 nəfər, Gürcüstanda isə 692 nəfərdir.

 Hazırda ölkəmizdə əhalinin COVID-19-a dair müayinələrinin keçirilməsi ilə bağlı işlər davam etdirilir, müvafiq laboratoriyalar qurulur, habelə tibb müəssisələri zəruri ləvazimat və preparatlarla təchiz edilir. Belə ki, dünən ölkə başçısı “Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam da imzalayıb. Sərəncama əsasən, hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 14,8 milyon manat ayrılıb. Bu xəstəxanalar yeni texnologiyalar əsasında inşa ediləcək. Məlumata görə, bu texnologiyalar imkan verir ki, qısa müddətdə, bəlkə də üç həftə, bir ay ərzində xəstəxana tamamilə yenidən qurulsun. Belə xəstəxanaların ölkəmizdə qısa müddətdə qurulması əlbəttə ki, bu mübarizədə bizə əlavə imkan verəcəkdir.

Qeyd edək ki, bir neçə gün öncə dövlət başçısının iştiraki ilə Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı keçirilib.

Qvami Məhəbbətoğlu, “İki sahil”