16 may 2019 18:23
252

Ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında 2019-cu il 3 may tarixli Sərəncamı böyük əhəmiyyət daşıyır.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı deyib.

O bildirib ki, Sərəncama əsasən ödənişli təhsil alan 2500 nəfər əlilliyi olan tələbənin təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Bu Sərəncamla fiziki qüsurlu üzvü olan ailələrin yükü yüngülləşəcək. Qeyd edək ki, həmin tələbələrin illik təhsil haqqı xərclərinin ödənilməsi üçün orta hesabla 4 milyon manat vəsait tələb olunur.

Sərəncam onu göstərdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud insanların himayəçisidir, onların qayğısına qalır.

Musa Qasımlı deyib: “Son zamanlar ölkəmizdə geniş sosial islahatlar həyata keçirilir. Bu islahatlar iqtisadi inkişafın nəticəsində olur. Əgər sabitlik olmasaydı, iqtisadi inkişaf olmaz, maliyyə imkanları artmaz və sosial islahatları da həyata keçirmək mümkün olmazdı. Ona görə də hər bir vətəndaş Azərbaycanda sabitliyin qorunmasında maraqlı olmalıdır. Sabitliyin təminatçısı olan xalqımız görür ki, yürüdülən siyasət bilavasitə onun maraqlarına uyğundur. Ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.