21 fevral 2020 19:26
1203

Ölkədə gənclərdən ibarət peşəkar kadr potensialı formalaşıb

“Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir. Hazırda gəncliyin öz potensialını ortaya qoyması üçün ölkədə kifayət qədər şərait və imkanlar vardır. İstənilən aktiv gənc həm dövlət idarəetməsi sahəsində, həm də ictimai sektorda öz yerini asanlıqla tuta bilir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ölkəyə rəhbərliyə başladığı gündən gəncliyin inkişafını prioritet vəzifə kimi qarşıya qoyub.”

Bu fikirləri İkisahil.TV-yə müsahibəsində YAP Suraxını rayon təşkilatı Gənclər Birliyinin  sədri Fərəh Məcidzadə bildirib.

F.Məcidzadə qeyd edib ki,  təhsilli, yüksək intellektual bacarığa malik insan kapitalı formalaşdırmaqda və güclü iqtisadiyyat qurmaqda dövlətin oynadığı rol bu gün daha aktualdır. Gənclərin intellektual inkişafının dəstəklənməsi istiqamətinə xüsusi diqqət ayrılmışdır.  Azərbaycan gənci təkcə ölkəmizdə deyil, həm də onun hüdudlarından kənarda ən müasir təhsil müəssisələrində təhsil almaq imkanı əldə edib. Ölkəmizdə dövlət qulluğuna qəbul olunan gənclərin sayı artmaqdadır. Son illər dövlət orqanlarına işə qəbul edilənlərin 70 faizə qədərini gənclər təşkil edir. Ölkə başçısı  İlham Əliyevin apardığı dövlət gənclər siyasəti Azərbaycan gənclərinin cəmiyyətdə rolunu, onların ölkəmizin inkişafında iştirakını və məsuliyyətini daha da artırmışdır.

Fərəh Məcidzadə vurğulayıb ki, istənilən sahənin inkişafında ixtisaslı kadrların hazırlıq səviyyəsi və fəaliyyəti həlledici əhəmiyyət daşıyır. Ümumiyyətlə, hər hansı sahədə irəliləyişin əldə olunması üçün ən vacib məsələlər maddi-texniki bazanın və savadlı kadrların mövcudluğudur. Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə çalışır və cəmiyyətin inkişafına öz töhfələrini verirlər.

Azərbaycan tək-tək ölkələrdəndir ki, burada fəal gənclər siyasəti həyata keçirilir.  Azərbaycan gənci təkcə ölkəmizdə deyil, həm də onun hüdudlarından kənarda ən müasir təhsil müəssisələrində təhsil almaq imkanı əldə edib.

Dövlət idarəetmə sistemində son dövrlər həyata keçirilən struktur islahatları çərçivəsində gənc kadrlara rəhbər korpusda yüksək etimadın göstərilməsi bu islahatların özü qədər diqqətçəkici məqamdır. Bu, dövlət rəhbərliyinin ölkədə müxtəlif sferaların inkişafında gənclərə böyük etimad göstərməsinin təzahürüdür. Artıq ölkədə bütün sahələrdə gənclərdən ibarət peşəkar kadr potensialı formalaşıb. Və bu gün dövlət idarəetməsinin müxtəlif sferalarında bu potensialdan səmərəli istifadə etmək imkanları yaranıb.

Fərəh Məcidzadə xüsusi olaraq bildirib ki, ölkədə müasir dövrdə gənc kadrlar korpusunun formalaşmasında gəncliyin təhsili sahəsində zamanında atılmış addımlar öz sözünü deməkdədir. Diqqət yetirsək görərik ki, rəhbər vəzifələrə irəli çəkilən gənclərin böyük bir hissəsi dünyanın ən öndə gedən təhsil ocaqlarının məzunlarıdır. Deməli, gəncliyin beynəlxalq standartlara cavab verən yüksək səviyyəli təhsilə yiyələnməsi istiqamətində qarşıya qoyulmuş məqsədlər bu gün öz bəhrəsini verir. İrəli çəkilən gənclərin əsasən xaricdə təhsil almış olması və ya xaricdə təcrübə keçməsinə böyük önəm verilməsi idarəçilik sistemində beynəlxalq təcrübədən istifadə və innovativliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, xaricdə təhsil almış və ya təcrübə keçmiş həmin gənc kadrlar əldə etdikləri müasir bilikləri tətbiq etməklə təmsil olunduqları sahənin inkişafına töhfə vermiş olurlar. Ümumilikdə gənclərin rəhbər işlərdə irəli çəkilməsi bir sıra digər aspektlərdən də təqdirəlayiq hesab oluna bilər. İlk növbədə gənclər mütəmadi olaraq yeniliklərə can atır, köhnə stereotiplərdən uzaqlaşmağa, yeni yanaşmalara üstünlük verməyə cəhd göstərir. Bu isə əlbəttə ki, ümumilikdə ölkənin, cəmiyyətin xeyrinədir. Digər tərəfdən, yeni nəsil yaşlı nəsillə müqayisədə müasir dövrün tələblərinə daha tez uyğunlaşır, elmi-texniki tərəqqinin nailiyyətlərini daha tez mənimsəyir, onun tətbiqinə üstünlük verir. Bu baxımdan yaşlı nəslin təcrübəsi ilə gəncliyin enerjisinin birlikdə tətbiqi idarəçilik sistemində daha çox səmərə verə bilər. Məhz bu baxımdan gənc kadrlara dövlət rəhbərliyinin göstərdiyi etimad mühüm əhəmiyyət kəsb edir. Gənc kadrlara etimadın artması ölkə gəncliyinin stimullaşdırılması baxımından da mühüm əhəmiyyətə malikdir. Belə ki, gənc kadrların irəli çəkilməsini müşahidə edən gənclərdə bilik və təcrübəsini artırmağa həvəslənməklə yanaşı, öz potensiallarının dövlət tərəfindən dəyərləndiriləcəyinə də inam artır. Məhz bu amil gəncliyin radikal müxalif qüvvələrin, xarici xüsusi xidmət orqanlarının, missioner təşkilatların, dini ekstremistlərin təsiri altına düşməsinin qarşısını alan amillərdəndir. Məhz aparılan uğurlu siyasətin nəticəsidir ki, hazırda radikal müxalif qüvvələrin təsiri altında olan gənclərin sayı kifayət qədər azdır. Gənclik perspektivini radikal müxalifətin ətalətli sıralarında deyil, dövlətin apardığı dinamik siyasətin reallaşdırılmasında olduğunu yaxşı dərk edir. Hesab edirəm ki, Azərbaycan gəncliyi bu gün daha məsuliyyətli olmalı, milli maraqları daim hər şeydən üstün tutmalıdır. Məhz bu yolla ona göstərilmiş yüksək etimadı doğrulda bilər.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, 
“İki sahil”