13 iyun 2019 14:02
195

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycanda iyunun 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24°, gündüz 30-35° isti, Bakıda gecə 21-23°, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 759 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada şimal küləyi əsəcək, arabir sürətlənəcək. Dəniz suyunun temperaturunun 21-22° isti olacağı ehtimalı var. Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda şimal küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturunun 23-24° isti olacağı ehtimal edilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 33-38° isti, dağlarda gecə 10-15°, gündüz 19-24° isti olacağı bildirilir.