24 avqust 2019 13:06
225

Odda yanmaz, suda batmaz dəmirağac

Təbii halda bitən və adı “Qırmızı kitab”a düşən dəmirağacına ölkəmizin cənub rayonlarında – Lerik, Astara və Lənkəranın meşə massivlərində rast gəlmək mümkündür. El arasında şəfalı ağac kimi də tanınan dəmirağacını digər ağaclardan fərqləndirən xüsusiyyətlər çoxdur. Onun parçaları odda yanmır, suda batmır. Üstəlik o qədər bərkdir ki, gövdəsinə mismar da çalmaq mümkün olmur. Ağacın daha bir fərqli cəhəti isə onun budaqlarını bir-birinə sürtdükcə birləşməsidir.

AZƏRTAC xəbər verir ki, dəmirağac cənub meşələrində qrup və zolaq halında yayılıb. Dəniz səviyyəsindən 400-600 metrə qədər yüksəkliklərdə ona rast gəlmək olar, həmin yüksəklikdən nisbətən aşağı sahələrdə populyasiya halında üzləşmək olar. Ondan bəzən parklarda dekorativ ağac kimi də istifadə olunur. Yarpaqları sıx olduğu üçün altında daim rütubətlilik olur, yarpaq və kötüyündə turşuluq çox olduğuna görə kölgəsində bitki örtüyünə rast gəlinmir. Dəmirağacın spesifik xüsusiyyəti oduncağının möhkəm olmasıdır. Oduncağı rütubətə davamlı olduğuna görə ondan daha çox gəmiqayırmada istifadə olunur.

Dəmirağacı şaxtaya qarşı dözümlüdür və bəzən hətta 25-30 dərəcə şaxtaya tab gətirir. Dünyada ondan avtomobil sənayesi, telefon və elektrik dirəklərinin qurulmasında, körpülərin tikilməsində geniş istifadə olunur. 200 ilə yaxın ömür sürən dəmirağac 25 metr hündürlüyədək yüksəlir. Hazırda onun sayı az olduğundan Hirkan milli parkında mühafizə olunur.