KÖŞƏ

Azər Qismət

Novxanı fiaskosu, yaxud “səndə alınmadı”

30 may 2019 10:20
512

“Bizim Cəbiş müəllim” filmində belə bir epizod var. Həyəcan siqnalı verilir,  məhəllə adamları sığınacağa tələsir. Bu zaman uşaqlardan biri deyir:

-Ana, atamızı unutmuşuq.

–O bizi unudub. Cəbiş, balalarını yetim qoymaq istəyirsən?

Bu epizod neçə gün, neçə gecə xalqı mayın 28-də Novxanıya – Məmməd Əmin Rəsulzadənin abidəsi önünə səsləyən Əli Kərimliyə aiddir. Onu unutdular. O mənada ki, çox az adam ətrafına toplaşdı. Bu yerdə izdihamı gur göstərməyə çalışan fotoqraf və operatorlara yazığım gəldi. Sənətin müxtəlif üsullarından istifadə etsələr də, “gur kadr” məsələsi alınmadı. Təkcə adamlar yox, elə digər müxalifət partiyaları da ona qoşulmadı. Görünür, etibarsızlıq, inamsızlıq digər müxalifət partiyalarını da bezdirib, belə birlikdən usanıblar, Babək Xürrəmdin demişkən, “bir olsaq, dağ oynayar yerindən” prinsipindən çoxdan əllərini üzüblər.  

Məsələnin digər tərəfi bir məsələni də açıq-aydın göstərdi. Məlum oldu ki, xüsusilə AXCP-nin “aksiyalarda çoxluq” təşkil etməsi məsələsi mif imiş. Uydurulan nağıllar, söylənən bayatıların yozması açıldı. Günün-günorta çağının görüntüləri onu deməyə əsas verdi ki, AXCP tək olanda kinoda deyildiyi kimi yetim görünürmüş. Səslərinin astadan çıxmasına görə yox. Say məsələsində az olmaları diqqət çəkdi.

Səhv etmiriksə, yanvarın 19-da keçirilmiş mitinqdən sonra məhz Əli Kərimli deyirdi ki, “biz çox olmağımızla hakimiyyətə gücümüzü göstərdik”. 28 May aksiyasında o çoxluğu görmədik axı. O qədər bəyanatların, aksiya öncəsi blogger çağırışlarının yanında Novxanıya kiçik klubun sakinləri qədər adamların toplaşması bir partiya adına utanc gətirdi. Neçə il müxalifət partiyasının lideri ol, xaricilərə özünü müxalifətin yeganə təmsilçisi kimi təqdim et, nəticədə elan etdiyin aksiyaya bir qrup adam yığılsın. Çox kədərli mənzərə formalaşdı.

Məsələnin digər tərəfi ziyarətlə bağlı idi. Ziyarətin hərfi mənası abidənin qarşısına çələng dəstəsi qoymaqla, yaxud məzara, müqəddəs ocağa getməklə ehtiram əlaməti göstərməkdir. Aksiya isə alt qatda gizlənənləri üzə çıxardı. AXCP ziyarət adı ilə bəyanat vermək, yaxud 19 yanvar mitinqindən sonra get-gedə itən nüfuzunu bərpa etmək niyyəti güdürdü. Göstərmək istəyirdi ki, “biz çoxuq və güclüyük”. Lakin alınmadı.

Fiasko isə sel kimi üstlərinə gəlir. Pərişanlıqpərişanlıq dalınca baş verir. Yanvardan sonra radikal müxalifət sanki qara dəliyə düşüb. Çünki Azərbaycan hakimiyyətinə inam və görülən işlər müxalifətin mitinqinə etibarı sarsıtdı. Xalq gördü ki, xüsusilə AXCP yalnız bəyanatlar verməklə məşğuldur. Platformalarını elan etmək əvəzinə, xaricdəki antimmilli mühacirlərə ümid olurlar. O mühacirlərə ki, qeyri-etik davranışları ilə artıq xalqın zəhləsini töküblər. Bizim burdakı müxalifətin onlara dəstək verməsi, yaxud onların həqarətlərindən cuşa gəlməsi kənardan necə də iyrənc görünür.

Deməli, uzun müddət verilən çağırışların sonu belə fiasko ilə bitdi. Üstəlik, işin gülməli tərəfi həm də ondan ibarət oldu ki, Rəsulzadənin abidəsini ziyarət edən, müxalifətə dəxli olmayan sadə sakinləri çəkib öz adamları kimi təqdim etdilər. Saman çöpündən yapışmağa adət edən bir partiyanın aksiyada adamların az olmasını hakimiyyətin üzərinə atması tamaşası çoxdan oynanılıb. Hamısı bəhanədir. Yürüşə icazə verildi, tərəfdarlardan kimsə tutulmadı, bəs nədən az idiniz? Bəhanə axtarmayın. Hava da gözəl idi. Əlverişli saata da təyin edilmişdi. Göründüyü kimi bəhanənin yeri yoxdur. Gəlmək istəyən gələrdi. Məsələn, bu il yanvarın 31-ni xatırlayaq. Rəsulzadənin doğum günü də orada toplaşmışdız. Lakin 28 may ziyarətinə nisbətdə çox adam vardı. Deməli, məntiq elmi burada öz sözünü deyir. Gəlmək istəyən soyuq qışa da baxmır, istəyəndə gəlir.

Beləliklə, elə özünüz etiraf edin ki, güclü deyilsiz. İnanın ki, boş bəyanatlar, illərlə çeynənən sözlər adamları bezdirib. Müasir adam konkret amallarla yaşayır. İndi hamı konkretlik istəyir. Sizin bəyanatlar isə əvvəlki illərin mətnlərindən savayı bir şey deyil, copy pastdır. Yalnız deyiliş tərzi dəyişib, bir də fizonomiya. Adamları inandırmağa çalışdığınız fizonomiya isə çoxdan sürtülüb.