KÖŞƏ

Ceyhun Piriyev

ABŞ Dövlət Departamentinin hesabatı ədalət və obyektivlikdən uzaqdır

26 aprel 2018 14:23
1679

ABŞ Dövlət Departamentinin 2017-ci ildə dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatında Azərbaycanla bağlı əks olunmuş iddiaları bu qurumun ölkəmizə münasibətinin növbəti dəfə “ənənə”dən irəli gəldiyini və müəyyən maraqlara xidmət etdiyini sübut edir. 

Hesabatda daha çox yer verilən məhbusların ölümü, ağır və həyat üçün təhlükəli şəraitdə saxlanılması, özbaşına həbslər, azadlıqların olmaması, siyasi məhbusların mövcudluğu, jurnalistlərə qarşı fiziki hədələr, şəxsi həyata müdaxilə, ifadə azadlığının məhdudlaşdırılması kimi qondarma iddiaların heç biri ciddi faktla əsaslandırılmayıb. Eyni zamanda, məhdud sayda faktın müəyyən siyasi dairələrin maraqlarına uyğun, qərəzli şəkildə təsviri, müvafiq nəticənin hasil edilməsi hesabatın obyektivlik və şəffaflıqdan tamamilə uzaq olmasından xəbər verir. Bu baxımdan da daha çox antiazərbaycan dairələrin leksikonunu xatırladan hesabat ədalətdən və obyektivlikdən uzaqdır. 

Buna cavab olaraq qeyd etmək lazımdır ki, Azərbaycanda söz və məlumat, sərbəst toplaşmaq azadlığı, fikir plüralizmi də daxil olmaqla bütün demokratik normalar təmin olunub. Ölkədə yüzlərlə kütləvi informasiya vasitəsi, çoxsaylı jurnalist ordusu tam sərbəst fəaliyyət göstərir. Sosial şəbəkələrdə istifadəçilərin sayı 3 milyona yaxınlaşır, ölkə əhalisinin 80 faizi internet istifadəçisidir.

Bununla belə, baş verənlər onu deməyə imkan verir ki,  məsələnin mahiyyəti tamam başqa məqamlarla bağlıdır. Belə ki, Azərbaycan sürətlə inkişaf edən müsəlman dövlətidir. Burada daxili sabitlik və davamlı inkişaf neçə illərdir ki, özünü göstərir. Artıq bir çox beynəlxalq reytinqlərdə Cənub Qafqazın digər iki xristian ölkəsindən fərqli olaraq Azərbaycan inkişaf etmiş ölkələrlə eyni sıradadır. Digər tərəfdən, rəsmi Bakı müstəqil siyasət yeridir. Belə bir vəziyyət böyük dövlətlərin regiondakı geosiyasi maraqları ilə uzlaşmasa da,  Azərbaycanın milli maraqlarına tam uyğundur. Azərbaycandan fərqli olaraq işğalçı Ermənistan tamamilə kənar qüvvələrin əlində oyuncağa çevrilib və hazırda bu ölkədə baş verənlər antidemokratik rejimin məntiqi sonluğudur. Lakin bu ölkənin nə  işğalçılıq siyasətinə, nə də ki indiyədək də davam edən hərbi xunta rejiminə qarşı çıxılır.

Bütün bunların fonunda isə ABŞ Dövlət Departamentinin belə hesabatlar hazırlaması reallıqda bu qurumun özünü nüfuzdan salır,  ona olan etibarı kəskin surətdə azaldır. Söhbət ondan gedir ki, ədalət prinsipinin pozulduğu yerdə obyektivlikdən və şəffaflıqdan danışmaq mümkün deyil.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...