KÖŞƏ

Ceyhun Piriyev

Erməni kəşfiyyatçısının ələ keçirilməsi ədalətsiz bəyanatlara aydınlıq gətirir

22 iyun 2017 23:59
1833

Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejiminin pozulmasını intensivləşdirmələri işğalçı ölkənin nəinki Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqedən çıxış etmədiyini, hətta vəziyyətin daha da gərginləşməsində  maraqlı olduğunu  bir daha nümayiş etdirir. Bu cür davranışın ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə səfəri ərəfəsində davam etməsi və müxtəlif təxribatlarla müşayiət olunması Ermənistanın siyasi  rəhbərliyinin sülh danışıqlarına belə  məhəl qoymadığından xəbər verir.

Lakin bunların fonunda, xüsusilə də həmsədrlərin səfərinin sonuna  dair bəyanatlarında birinci növbədə  Azərbaycan rəhbərliyinə müraciət edərək vəziyyətin bundan sonrakı eskalasiyasından çəkinməyə çağırmaları, daha sonra isə  eyni müraciəti Ermənistan rəhbərliyi və Dağlıq Qarabağın “de-fakto hakimiyyəti”nə də ünvanlamaları, münaqişənin nizamlanmasına cəlb edilmiş dövlətlərin  işğalçı ilə işğala məruz qalan tərəfə fərq qoymaması təcavüzkar ölkə üçün “geniş imkanlar” yaradır.

Bütün bunlar azmış kimi,  Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın  “ATƏT-in  Minsk qrupu həmsədrlərinin regiona səfərinin yekunlarına dair bəyanatı Rusiya Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı mövqeyini tam əks etdirir”-deyə bəyan etməsi, eyni zamanda, ABŞ Dövlət Departamentinin  “ABŞ ötən həftə təmas xəttində itki ilə nəticələnən atəşkəs rejiminin pozulmasından dərin narahatdır. Biz tərəfləri eskalasiyadan çəkinməyə, gərginliyin azaldılması üçün səylər göstərməyə çağırırıq” tipli  bəyanatı vəziyyəti daha da qəlizləşdirir. Rusiyanı qoyduq kənara. “Gərginliyin azaldılması üçün səylər göstərməyə çağırırıq” deyəndə ABŞ Dövlət Departamenti nəyi nəzərdə tutur? Görəsən, ABŞ Dövlət Departamentində  ölkələrinin ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin nizamlanmasına dair öhdəliyindən xəbərsizdirlər?  

Bununla belə, Noyemberyan rayonunun Dovex kənd sakini Zaver Hovanis Karapetyanın iyunun 20-də pul müqabilində  Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun tərkibində qoşunların təmas xəttində müdafiə xəttin keçməyə cəhd göstərərkən hərbçilərimiz tərəfindən ələ keçirilməsi həqiqətləri ortaya qoyur.

Məsələyə münasibətini bildirən Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hohannisyan Azərbaycan Müdafiə Nazirliyi tərəfindən yayılan videoda təsvir edilən şəxsin Ermənistan silahlı qüvvələrinə aidiyyəti olmadığını bildirib. Nəticə etibarilə  erməni tərəfi  kəşfiyyatçısından  faşizm ideologiyasına məxsus şəkildə  imtina etsə də, Beynəlxalq Qızıl Xaç Komitəsi  Azərbaycan hərbçiləri tərəfindən saxlanılan erməni ilə bağlı tərəflərlə dialoqa başladığını bəyan edib. Bu, həmçinin Rusiyanın mövqeyinə, ATƏT-in Minsk qrupunun, ABŞ Dövlət Departamentinin  bəyanatlarına  aydınlıq gətirir.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...