KÖŞƏ

Taleh Bağırov

Mehriban düşmənlər

04 aprel 2017 23:16
1154

Azərbaycanda müxalifətin dağıdıcı qanadına daxil olan Müsavat və AXCP bir-birilərinə qarşı hər zaman “mehriban düşmən” mövqelərdə olublar. Bunun kökündə isə onların təmsil olunduqları düşərgədə ana müxalifət statusuna yiyələnmək istəyi durur. Hansı ki, bu istəklər illər ərzində ciddi problemlərlə müşayiət olunur. Dağıdıcılar nəinki inkişaf edir, heç olduqları yerdə belə dayana bilmirlər. Təkcə son bir neçə ildə bu iki partiyanın yüzlərlə üzvü istefa verərək ya siyasətdən kənarlaşıb, ya da başqa partiyaya keçib, ya da özləri üçün yeni birlik yaradıblar. Müsavat və AXCP-də didişmə bu gün də davam edir. Ənənəvi olaraq partiya funksionerləri arasında olan çəkişmə, daha doğrusu, “düşmənçilik” hissləri sıravi üzvlərə də keçib. Müsavatın “Milli Şura” deyilən qondarma qurumdan çıxması onsuz da gərgin olan vəziyyəti daha da qəlizləşdirdi. Nəticədə iki partiya arasında münasibətlərin gərginliyi yeni müstəviyə keçid aldı. Aydın məsələdir ki, bu partiyaların bir araya gələ bilməməsi bir qayda olaraq onların birlik istəklərini reallaşdırmağa imkan verməyib. Vaxtilə “Demkonqres”in dağılmasında da onların xidmətləri əvəzsizdir. AXCP ilə Müsavatın qarşılıqlı ittihamları və biri-birini qəbul etməməsi həmişə dağıdıcı müxalifət düşərgəsində ciddi problemlər yaradıb.

Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev mətbuata açıqlamasında AXCP və Müsavatın biri-birinə patoloji nifrət edən iki siyasi partiya olduğunu bildirib: “Onların ambisiyaları heç bir zaman imkan verməz ki, hər hansı bir məsələdə razılaşma, ümumi fikir birliyi əldə olunsun. Nəzərə alsaq ki, AXCP-nin Əli Kərimli kimi təkəbbürlü, konfliktə meyilli sədri var, o zaman bu, heç cür mümkün olmaz. Bu partiyalar daha öncəki illərdə imitasiya xətrinə də olsa birlik görüntüsü yarada bilirdilər. İndi heç o da yoxdur. “Milli Şura”nın iflasından sonra isə ümumən mövzuya qayıdılmır. Əksinə, meydanda qarşılıqlı ittihamlar, təhqirlər və söz atışmaları yer almaqdadır. Müsavat və AXCP arasında bundan sonra heç bir yaxınlaşmadan, müttəfiqlikdən, birlikdən söhbət gedə bilməz”.

Göründüyü kimi, AXCP-Müsavat funksionerlərinin savaşı cılız iddialar üzərində qurulan savaşdır. Bütün bunlar isə onu deməyə əsas verir ki, hər iki partiyada qarşılıqlı ittihamlar onların ciddi bir iş ortaya qoya bilməmələri ücbatından baş verir. Nəhayət, görünən reallıq odur ki, hər iki partiya arasında qarşıdurma sağalması mümkün olmayan xəstəliyə çevrilib. 

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...