21 dekabr 2016 00:12
741

Vüqar Bayramov: Strateji yol xəritəsi mənzil probleminin həllinə müsbət təsir göstərəcək

Məlum olduğu kimi, cənab Prezident İlham Əliyevin Fərmanı ilə iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiq edilib. Həmin sahələrdən biri də Azərbaycanda uyğun qiymətə mənzil təminatının inkişafına dair strateji yol xəritəsidir.

İqtisadçı ekspert Vüqar Bayramov qəzetimizə açıqlamasında söylədi ki, uyğun qiymətə mənzil təminatı strategiyasının hazırlanmasına ekspert olaraq mən də cəlb edilmişdim: “Nəticədə bu strateji xəritə “McKinsey” şirkəti tərəfindən hazırlandı. Məhz müstəqil ekspert olaraq mən də həmin strateji xəritənin məhz yerli prinsipə uyğunlaşdırılması və strategiyanın son versiyasının hazırlanmasında iştirak etdim. Əvvəla, belə bir strategiyanın hazırlanması ondan xəbər verir ki, növbəti istər qısa, istər orta, istərsə də uzunmüddətli dövrdə Azərbaycan üçün mənzil təminatı və eləcə də sosial təminat prioritet vəzifə olacaqdır. Nəzərə alsaq ki, ölkə Prezidentinin tapşırığına əsasən strateji yol xəritələri yalnız iqtisadiyyat və iqtisadiyyatın sektorları deyil, həm də sosial sferanı əhatə edir, bu zaman məsələnin çox mühüm əhəmiyyət kəsb etməsi aydın olur”.

V.Bayramov bildirdi ki, sosial sferada mənzil təminatı əsas istiqamətlərdən biridir: “Konkret olaraq bu xəritə özündə nələri əks etdirir? Əvvəla, strategiya vətəndaşlara uyğun qiymətə mənzil təminatını təklif edir. Bu isə bizim müzakirə etdiyimiz sosial mənzil fondunun yaradılmasını nəzərdə tutur. Yeni strategiyaya əsasən dövlət artıq uyğun qiymətə mənzillərin təklifini və təminatını həyata keçirəcək. Strategiyaya əsasən, birinci mərhələdə iki min mənzil uyğun qiymətə, yəni aşağı qiymətə vətəndaşlara təklif olunacaq. Növbəti illərdə isə hər il üç min mənzil vətəndaşlara təklif ediləcək. Nəticədə uyğun qiymətə təklif edilən güzəştli mənzillər illik ümumi mənzilə olan tələbatın 10 faizini təşkil edəcək. Nəzərə alsaq ki, Azərbaycanda mənzilə olan illik tələbat otuz mindir. Belədə illik tələbatın 10 faizinin uyğun qiymətə ödənilməsini müsbət addım kimi dəyərləndirə bilərik”.

V.Bayramovun sözlərinə görə, bu, bir tərəfdən imkan verəcək ki, üç min ailə mənzil problemini aşağı ödənişlə, yəni uyğun qiymətə həll edə bilsin: “Eyni zamanda imkan verəcək ki, dövlətin bazarda olması mənzilin inşaat sektorunda fəaliyyət göstərən tikinti şirkətlərinin fəaliyyətinə və bütövlükdə bazardakı rəqabət mühitinə mənfi təsir göstərməsin. Bu baxımdan illik mənzil tələbatının 10 faizinin ödənilməsi həm sosial baxımdan əlverişlidir, həm də mənzil bazarındakı rəqabətin və şirkətlərin mənzil bazarında fəaliyyətinin nizamlanması baxımından vacibdir. Nəzərə almaq lazımdır ki, problemin həllində həm də İpoteka Fondunun vəsaitindən istifadə nəzərdə tutulub. Eyni zamanda dövlət büdcəsindən bu istiqamətə vəsaitlərin ayrılması razılaşdırılıb. Eləcə də digər mənbələrdən vəsaitlərin cəlb edilməsi strategiyanın əsas elementlərindən biridir. Nəticədə tender yolu ilə inşaat işləri şirkətlərə təklif olunacaq. Bu zaman tenderlərin keçirilməsi şərtdir. Tenderləri keçirəcək şirkətlər öz təkliflərini verərək uyğun qiymətə mənzil təklif edəcək binaların inşasına başlayacaqlar. Bu da eyni zamanda tikinti şirkətlərinin bu layihə çərçivəsində əlavə vəsaitlər əldə etməsinə imkan verəcək”.

Ekspert söylədi ki, digər tərəfdən bu, imkan verəcək ki, məhz artıq vəsait tender yolu ilə şəffaf şəkildə şirkətlərə təqdim olunsun: “Bu, həm əhalinin mənzil təminatına müsbət təsir göstərəcək, həm də şirkətlərin maliyyə təminatını güclədirəcək. Təxminən bir, iki və üçotaqlı mənzillərin inşası və təklif edilməsi nəzərdə tutulur. Üçotaqlı mənzillərin təxminən 70-80, ikiotaqlıların 45, birotaqlı mənzillərin sahəsi isə 30 kvadratmetrə yaxın olacağı gözlənilir. Bizim hesablamalarımız göstərir ki, təxminən üçotaqlı mənzilə sahib olmaq üçün aylıq ödəniş 350 manata yaxın olacaq. İkiotaqlı mənzil üçün təxminən 250 manat ödəniş olunacaq. Birotaqlı mənzillər üçün isə 200 manatdan az aylıq ödəniş nəzərdə tutulacaq. Ödənişlər manatla həyata keçiriləcək. Təbii ki, uyğun qiymətə mənzil təminatında müqavilələr manatla bağlanacaq. Bu baxımdan yeni strategiya imkan verəcək ki, mənzilə tələbi olan və eyni zamanda müəyyən ödəmə qabiliyyəti olan vətəndaşlarımız uyğun qiymətə mənzil ala bilsinlər. Söhbət bazardakı qiymətlərdən deyil, onların ödəmə qabiliyyətinə uyğun olan qiymətlərlə mənzil satışından gedir. Bu isə mənzil probleminin həllində kifayət qədər müsbət təsirlərə malik olacaq”.

Cavid Əkbərov, “İki sahil”