KÖŞƏ

Sevinc Mürvətqızı

Yeni ildən yeni gözləntilər...

17 dekabr 2016 00:32
322

Dağlıq Qarabağ münaqişəsi həllini tapacaqmı?

Son dövrdə Ermənistanın daxilində gedən proseslər işğalçı ölkə rəhbərliyini çıxılmaz vəziyyətə salıb. Bir tərəfdən səfalətdən canını xilas etmək istəyən əhali baş götürüb xaricə qaçır, digər yandan Ermənistan beynəlxalq aləm tərəfindən təklənir. Transmilli layihələrdən tamamilə kənarda qalan işğalçı ölkəni hətta ona himayədarlıq edən Rusiya belə xilas etməkdə çətinlik çəkir. Buna baxmayaraq Sarkisyan rejimi hələ də anlamaq istəmir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca proses belə də davam edəcək. Çünki Azərbaycanın iqtisadiyyatı, ordusu, beynəlxalq nüfuzu getdikcə güclənir, Ermənistan rəhbərliyinin səriştəsiz, uğursuz siyasəti isə onu məhvə doğru sürükləyir.

Məlum olduğu kimi, 2016-cı ildə ATƏT-in Minsk qrupunun təşkilatçılığı ilə istər prezidentlər, istərsə də xarici işlər nazirləri səviyyəsində görüşlər baş tutsa da, Ermənistan ənənəsinə uyğun olaraq konstruktiv mövqe sərgiləmədi, hər zamankı kimi münaqişənin sülh yolu ilə həll olunmasından boyun qaçırdı. Maraqlıdır, bəs görəsən 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsi ətrafında hansı proseslər gedəcək? Münaqişə həllini tapacaqmı?

Elçin Mirzəbəyli: Fors-major hallar baş verə bilər

Mövzu ilə əlaqədar “İki sahil” qəzetinə açıqlamasında politoloq Elçin Mirzəbəyli söyləyib ki, 2017-ci ildə baş verə biləcək hadisələri proqnozlaşdırmaq çox çətindir: “Son 10-15 il ərzində belə mürəkkəb və ziddiyyətli bir dövr olmayıb. Həm regional, həm də beynəlxalq müstəvidə aktiv oyunçuların sayı artıb. Dövlətlərarası münasibətlər ziqzaqvari şəkildə inkişaf edir, müttəfiqlər rəqibə, rəqiblər müttəfiqə çevrilirlər. Bu proses 2017-ci ildə daha da intensivləşə bilər. Həmçinin dünyanı həm iqtisadi, həm siyasi müstəvidə mürəkkəb proseslər gözləyir. Ən azı yaxın 5-6 ay ərzində belə olacaq. Aprel-may aylarından etibarən müsbət yöndə dəyişiklik ola bilər. Belə ki, ABŞ-ın yeni prezidenti Donald Tramp yanvarın 20-dən fəaliyyətə başlayacaq, aprel-may aylarında ATƏT-in Minsk qrupunun digər həmsədri olan ölkədə-Fransada prezident seçkiləri keçiriləcək. Avqust ayında isə Minsk qrupunun həmsədri olmasa da Avropa İttifaqının həlledici mövqeyə sahib olan başqa bir ölkəsində - Almaniyada parlament seçkiləri keçiriləcək. Nəzərinizə çatdırım ki, Almaniyada qarışıq idarəetmə sistemi olsa da, bütün istiqamətlərdə əsas söz sahibi parlament və onun tərəfindən seçilən federal kanslerdir. Bu baxımdan, ABŞ və Fransanın yeni adminstrasiyalarının mövqeyindən də çox şey asılı olacaq. Göründüyü kimi, siyasi mənzərə aydın deyil. Bu qeyri-müəyyənlik çox güman ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində də özünü büruzə verəcək”.

Politoloq qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri də situasiyaya uyğun olaraq, mövcud status-kvonun qorunub saxlanılmasına çalışacaqlar: “Ancaq fors-major hallar da baş verə bilər. Bu isə daha çox Rusiyanın digər qlobal və regional güclərlə münasibətlərinin hansı müstəvidə inkişaf edəcəyi ilə bağlı olan məsələdir. Digər bir məsələ isə həmsədrlərin dəyişdirilməsi məsələsidir. Bu, sıradan bir prosedurdur və bu, heç bir halda münaqişənin həllinə təsir göstərə bilməz. Ona görə ki, həmsədrlər onları bu vəzifəyə təyin edən dövlətlərin xarici siyasət idarəsinin təlimatlarına uyğun hərəkət edirlər. Bu baxımdan, həmsədrlərin obyektiv, yaxud subyektiv baxışları, fərdi keyfiyyətləri belə prosesdə həlledici rol oynamır. Bütövlükdə götürəndə fors-major halları çıxmaq şərti ilə bu yöndə gözləntim yoxdur”.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...