KÖŞƏ

Ceyhun Piriyev

Ermənistanda islamofobiya pik həddə çatıb

15 sentyabr 2017 14:31
1397

Prezident İlham Əliyevin Qazaxıstanın paytaxtı  Astanada keçirilən İslam Əməkdaşlıq Təşkilatının  elm və texnologiya üzrə birinci Sammitində iştirakı bir çox cəhətlərinə görə maraq kəsb edir ki, onlardan biri də dövlətimizin başçısının konkret nöqtələrə vuran nitqi olub.

Çıxışında Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğuna diqqəti çəkən Prezident İlham Əliyev ölkəmizin təşkilata üzv olan dövlətlərlə  həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edildiyini, üzv olduğu beynəlxalq təşkilatlarda müsəlman ölkələrini daim dəstəklədiyini vurğulayıb.  Dövlətimizin başçısı İƏT-in  də öz növbəsində Azərbaycana böyük dəstək göstərdiyini, təşkilatın daim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəkləyən ədalətli mövqe nümayiş etdirdiyini, Azərbaycanın ədalətli mövqeyini əks etdirən bir çox qətnamələr qəbul etdiyini bəyan edib.

Bununla belə, erməni vəhşiliyinin bu gün də davam etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev işğal edilmiş torpaqlarımızda Ermənistan rəhbərliyinin göstərişi ilə bütün məscidlərimizin dağıdıldığını,  Şuşa, Ağdam və digər şəhərlərimizin dağıdılmış məscidlərinin fotoşəkillərinin erməni vandalizminin sənədli sübutu olduğunu bildirib: “Ermənistanda islamofobiya pik həddə çatıb. Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz.”

Dövlətimizin başçısının bu çağırışı əslində müsəlman ölkələrinin mövqelərinə bir daha aydınlıq gətirməyi tələb edir. Düzdür, müsəlman ölkələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyi, eyni zamanda, bir neçə dövlətin işğalçı ölkə ilə diplomatik əlaqələrinin olmaması Azərbaycana olan dəstəyin bariz nümunəsidir. Lakin beynəlxalq münasibətlər sistemində xristian dünyasını təmsil edən ölkələrin təcavüzkar Ermənistanın mənafelərini  hər vəchlə müdafiə etmələri bu dəstəyin ədalətin bərpa olunmasına kifayət etmədiyini nümayiş etdirir. Bundan əlavə, bəzi müsəlman ölkələrinin bu gün işğalçı Ermənistan ilə adekvat olmayan münasibətləri  təcavüzkar dövlətə açıq dəstəklə yanaşı, İslam həmrəyliyinə də böyük zərbədir.

Halbuki, Azərbaycan özünün daxili və xarici fəaliyyətində  İslam dini, həmrəyliyi amillərinə böyük önəm verir. Bunu ölkəmizdə İslam mədəniyyətinin, ənənələrinin qorunub saxlanılması istiqamətində görülən işlər də bir daha sübut edir. Eyni zamanda, bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib və 2017-ci il  “İslam Həmrəyliyi ili” elan edilib ki, bu da qlobal  islamofobiya meyillərinin geniş vüsət aldığı zamanda İslam dünyasını birliyə çağıran siyasətin tərkib hissəsi olaraq olduqca cəsarətli addımdır. Bununla da Azərbaycan  dünyanın müxtəlif bölgələrində baş qaldıran islamofobiyaya qarşı fəal mübarizə aparır, eyni zamanda,  müsəlmanlara qarşı törədilən cinayətləri, xüsusilə də son vaxtlar Myanmada Rohingiya müsəlmanlarına qarşı həyata keçirilən qətliam və kütləvi zorakılıq hallarını qətiyyətlə pisləyir. Bu mənada Prezident İlham Əliyev Sammitdəki nitqində beynəlxalq təşkilatları, dünya ictimaiyyətini, siyasi və dini liderləri Myanmada baş verən hadisələrin qarşısının alınması üçün zəruri addımlar atmağa çağırıb. Həmçinin  Azərbaycan Rohingiya qaçqınlarına humanitar yardım göndərməklə dünyaya örnək olduğunu nümayiş etdirib. Tarix onu göstərir ki, İslam dünyasındakı  pərakəndəlik  müsəlman ölkələrinin işğala daha çox məruz qalmalarına, təbii sərvətlərinin yadellilər tərəfindən talanmasına, əhalisinin kütləvi qırğınların qurbanına çevrilməsinə səbəb olub. Odur ki, Azərbaycan dünyada müsəlmanlara qarşı həyata keçirilən qətliam və kütləvi zorakılıq hallarını qətiyyətlə pisləməklə İslam ölkələrini erməni riyakarlığına və yalanına inanmamağa çağırmaqla həmrəyliyə xidmət etdiyini nümayiş etdirir. 

Bütün bunların əsasında isə Azərbaycanın uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olması dayanır. Ölkəmiz  xeyli müddət ərzində İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayıb. Nəticədə Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaranıb ki,  743-cü ildə tikilən Şamaxı Cümə məscidi və ölkəmizin muzeylərində saxlanılan qədim əlyazmalar bunun bariz nümunəsidir.  

Təsadüfi deyil ki, keçən ilin aprel ayında Azərbaycan Ordusunun torpağımızın bir hissəsini erməni işğalçılarından azad etməsindən sonra  yeni salınan 150 evdən ibarət Cocuq Mərcanlı qəsəbəsində məktəb, tibb mərkəzi ilə bərabər, məscid də tikilib. Burada  ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəri yaradılıb. Bu isə dövlətimizin başçısının da qeyd etdiyi kimi,  Azərbaycan xalqının yenilməz ruhunu, öz dini dəyərlərinə bağlılığını göstərən amildir.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...