KÖŞƏ

Elçin Zaman

İstanbulda işğalçı Ermənistana qarşı yeni cəbhənin açılmasının əsası qoyuldu

18 dekabr 2017 14:19
1704

Ölkəmizin başçısı işğalçı ölkəni yalnız Azərbaycanın deyil, eyni zamanda, bütün İslam dünyasının düşməni elan etdi

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi qərarı Yaxın Şərqdə mövcud olan siyasi gərginliyi daha da artırıb. Məhz ABŞ-ın İslam ölkələrinə qarşı bu mövqeyinə etiraz etmək üçün dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyənin təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı keçirilib. 20-dən çox müsəlman ölkəsinin qatıldığı bu Zirvə toplantısında ABŞ-ın məlum qərarı pislənilməklə onun ləğv edilməsi və BMT-nin 1968-ci ildə Qüds şəhəri ilə bağlı vediyi qərara uyğunlanması istənildi. Qeyd edək ki, həmin qərarda Qüds şəhərinin hər iki dövlətin - İsrailin və Fələsinin paytaxtı olması göstərilib.

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış edərək İslam həmrəyliyinin günün ən aktual məsələsi olduğunu və təcavüzkar Ermənistana qarşı da vahid cəbhədə birləşməyin vacibliyini bildirib. Cənab Prezident çıxışında çox önəmli məsələlərə toxunaraq İslam Əməkdaşlıq Təşkilatı üzvlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdikləri ədalətli dəstəyə görə təşəkkürüni bildirib: “İyirmi ildən artıqdır ki, Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla 20 faiz torpaqlarını işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpaqlarıdır. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. İşğal olunmuş ərazilər tamamilə etnik təmizləməyə məruz qalmış və talan edilib. Ermənistan məscidlər və İslam abidələri daxil olmaqla bütün mədəni abidələri məhv edib.” Ölkəmizin başçısı çıxışında Ermənistanın riyakarlığını ifşa edərək vurğulayıb ki, Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bu isə ən böyük riyakarlıqdır: “Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz.”

Zirvə görüşündə Azərbaycan lideri münaqişələrin həllində beynəlxalq hüquq normalarına riayət edilməsini önə çəkib. Vurğulayıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Lakin Ermənistan onları yerinə yetirməkdən imtina edir. İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul ediblər: “Azərbaycan heç vaxt erməni işğalı ilə barışmayacaq, münaqişənin həlli yalnız və yalnız Azərbaycanın tanınmış beynəlxalq sərhədləri, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”, - deyə ölkəmizin başçısı bildirib.

Qeyd edək ki, Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyib. Hətta Prezident İlham Əliyev Zirvə görüşündə bildirib ki, bir neçə il bundan əvvəl Azərbaycan Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransına və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransına ev sahibliyi edib. 2017-ci ilin iyul ayında Azərbaycanda BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair komitənin, BMT-nin humanitar məsələlər üzə əlaqələndirmə ofisinin, İƏT və müxtəlif qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə Qüds məsələsinə dair beynəlxalq konfrans keçirilib. Həmin konfransda Şərqi Qüdsün işğalı və Əl-Aqsa məscidində ibadət edənlərə qarşı tətbiq olunan məhdudiyyətləri qınayan bəyanat qəbul edilib.

Məhz bunlara rəğmən Prezident İlham Əliyev bidirib ki, biz hər zaman olduğu kimi, bu gün də Fələstin xalqının yanındayıq: “Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir, biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük. Azərbaycanın təşəbbüsü ilə İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi və İƏT-ə üzv dövlətlərin Jurnalistlər Assosiasiyası yaradılıb. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. Azərbaycan islamofobiyaya qarşı fəal mübarizə aparan ölkələrin ön sırasındadır. 2017-ci ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bu möhtəşəm idman, dostluq, qardaşlıq bayramı bir daha bütün dünyaya göstərdi ki, İslam sülh, mərhəmət, bərabərlik dinidir. Əməkdaşlığı və qarşılıqlı dəstəyi gücləndirmək üçün digər bir imkan bu ay Bakıda keçiriləcək “İslam Həmrəyliyi İli”nin qeyd olunması ilə bağlı beynəlxalq konfrans olacaq”. Zirvə görüşündə Prezident İlham Əliyev regional münaqişələrin həllində bir daha beynəlxalq hüquqa istinad edilməsini tələb edib. Çünki biz də bir dövlət olaraq separatizmdən və onun yaratdığı işğaldan əziyyət çəkirik. Bu tip münaqişələrin həlli isə məhz beynəlxalq hüquqdan, sərhədlərin toxunulmazlığından keçir. Lakin son zamanlar beynəlxalq aləmdə müşahidə etdiyimiz xristian təəssübkeşliyi bu tip məsələlərin ədalətli həllinə mane olur.

Prezident İlham Əliyevin Zirvə görüşünə dəvət edilməsi və oradakı dərin məzmunlu çıxışı bir daha göstərdi ki, ölkəmiz dünya birliyində, xüsusilə də İslam ölkələri arasında sayılıb-seçilən, güclü bir dövlət statusuna malikdir. Eyni zamanda, burada Ermənistana qarşı yeni cəbhənin açılmasına dair İslam ölkələrinin həmrəyliyi də gündəmə gəldi. Bu isə Azərbaycan dövlətinin beynəlxalq siyasətdəki yeni qələbəsidir.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?