KÖŞƏ

Ceyhun Piriyev

Almaniya Avropaya qarşı?

06 fevral 2018 00:08
1428

Almaniya  Rusiya qazını bu ölkəyə nəql edəcək növbəti xəttin- “Şimal axını 2” təbii qaz boru kəmərinin ölkənin quru ərazisində inşasına  icazə verib. Bununla da təbii qazın qəbulu üçün terminalın tikintisinə də başlanacaq.

Qeyd edək ki, Rusiyanın qaz nəhəngi - “Qazprom” xeyli müddətdir ki, Baltik dənizi ilə Almaniyaya çəkiləcək “Şimal axını-2” layihəsini reallaşdırmağa çalışsa da, buna nail ola bilmirdi. İndiyədək “Şimal axını-2” Avropa Komissiyasının, Avropa Parlamentinin, Avropa İttifaqına üzv dövlətlərin bəzilərinin, xüsusilə də Polşanın tənqid və narazılıqları ilə üzləşməli olub. 

Layihə, şübhəsiz ki, ABŞ-ın da maraqlarına da cavab vermir. ABŞ-ın dövlət katibi Reks Tillerson “Şimal axını-2” təbii qaz boru kəmərinə qarşı çıxıb və bildirib ki, Rusiya və Almaniya arasında nəzərdə tutulan layihə Avropa üçün təhlükə yaradır. Bununla bağlı ötən il ABŞ prezidenti Donald Tramp Şərqi Avropa ölkələrinə səfəri zamanı Birləşmiş Ştatlardan maye qaz almağı təklif edərək, bunun Rusiya qazından daha etibarlı enerji mənbəyi olduğunu demişdi.

Lakin bütün bunların fonunda Almaniya kansleri Angela Merkel  layihə ilə bağlı müzakirələrdən yayınmağa çalışır. Belə görünür ki, kansler Rusiyadan enerji asılılığının miqyasını azaltmaq üçün ortaya çıxan fikir ayrılıqları məsələsində mövqeyini bildirmək fikrində deyil.

Halbuki enerji təhlükəsizliyindən danışarkən Avropa liderlərinin bir qismi Rusiyadan qorunmağı, digər bir qismi isə idxalın şaxələndirilməsinin vacibliyini vuğulayırlar. Ancaq məsələ burasındadır ki, Avropanın əsas söz sahiblərindən olan rəsmi Berlin atdığı addımlarla Rusiya qazını almaqda maraqlı olduğunu nümayiş etdirir. Ümumilikdə isə bu ölkə “Qazprom”un ixrac etdiyi təbii qazın Avropadakı ən böyük alıcısıdır.  Bundan başqa, Şərqi Avropa ölkələri də qazı əsasən “Qazprom”dan alırlar.

Buradan belə nəticəyə gəlmək olur ki, Avropada enerji təhlükəsizliyi, mənbələrin şaxələndirilməsi kimi anlayışlar ancaq kiçik ölkələrə şamil olunur. “Qoca qitə”nin liderləri isə daha çox iqtisadi maraqlarını təmin etməkdə maraqlıdırlar. Bir sözlə, belə çıxır ki, Rusiyaya təzyiq üçün bu ölkənin təbii qazından imtina etmək lazımdırsa, bunu kiçik ölkələr etməlidirlər. Belə vəziyyətdə Almaniya Rusiya qazını daha əlverişli şərtlərlə əldə edə bilir. Əslində Avropanın lider dövlətinin bu cür addımları heç vaxt müzakirə edilmir və onu heç kəs nədəsə ittiham etmək iqtidarında deyil. Əvəzində isə ABŞ bu ölkələrə Rusiya qazından baha başa gələn maye təbii qazını satmaq imkanı qazanır.  

Belə vəziyyət Rusiya kimi  qaz inhisarçısına bazarda mövqeyini qoruyub saxlamağa imkan verəcək. Aydın məsələdir ki,  “Şimal axını-2” boru kəmərinin tikintisini nə Şərqi Avropa ölkələri, nə də ABŞ dayandıra bilib. “Şimal axını-2” qaz kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql edəcək gücə malik olacaq. “Qazprom”la yanaşı, Avropanın “Shell”, “OMV”, “Engie”, “Uniper” və “Wintershall” kimi enerji şirkətləri də layihənin əsas tərəfdaşlarındandır. Ən pis halda Rusiya bunun qarşılığında “Türk axını” layihəsinin Avropa üçün nəzərdə tutulan ikinci xəttini “qurban verə” bilər. 

Bütün bunlar isə onu deməyə imkan verir ki, bu məsələdə əsas uduzan tərəf Ukrayna olacaq. Beləliklə də Rusiyanın reallaşdırdığı yeni qaz layihələri iri qaz nəqli sisteminin məhvi və Ukraynanın Rusiya qazının Avropaya nəqlinə görə əldə etdiyi illik 2 milyard dollarlıq gəlirdən məhrum olması demək olacaq.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...