KÖŞƏ

Cavid Əkbərov

Azərbaycan Milan Məhkəməsinin qərarı ilə kifayətlənməyəcək

15 fevral 2018 00:22
1814

Erməni lobbisi, ermənipərəst qüvvələr və onlarla  işbirliyində olan AXCP sədri Əli Kərimli, “Milli Şura”nın sədri Cəmil Həsənli, gündə bir partiya dəyişən Gültəkin Hacıbəyli və onların marginal dəstələrinin əsas məqsədi şəxsi ambisiyaları naminə milli maraqlarımızla alver etmək, beynəlxalq aləmdə müstəqil siyasətimizi gözdən salmaq, tərəqqinin əsas təminatı olan ictimai-siyasi sabitliyi pozmaq, milli dövlətçiliyimizə zərbə vurmaq istiqmətindəki fəaliyyətlərini və xam xəyallarını bu dəfə də İtaliyanın Milan Məhkəməsi puça çıxardı. Belə ki, bu günlərdə Milan Məhkəməsində ermənipərəst qüvvələrin iki ildən çox bir müddətdə şər və böhtan kampaniyasının qurbanına çevrilmiş Avropanın tanınmış siyasətçilərindən biri, Azərbaycanla korrupsiya əlaqələrində ittiham olunan AŞPA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volontenin çirkli pulların yuyulması ilə bağlı məhkəmə prosesi başa çatıb və ona bəraət verilib. Beləliklə, Milan Məhkəməsi Azərbaycana, Luka Volonteyə, Elxan Süleymanova qarşı deyilənlərin  birmənalı olaraq şər-böhtan olması qərarını verib. Bununla da erməni lobbisinin və onların ölkəmizdəki “naomniklər”inin antiazərbaycan fəaliyyətinə növbəti dəfə ağır zərbə vuruldu.

Əlbəttə ki, cəmiyyətimiz bütün bunların Azərbaycan əleyhinə qarayaxma kampaniyası olduğunu yaxşı başa düşürdü.  Ölkəmizə qarşı aparılan əsassız və çirkin qarayaxmanın məhkəmə qərarı ilə sübuta yetirilməsi bunu bir daha təsdiq etdi. Həmçinin bəlli oldu ki,  Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) adlı qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurum erməni lobbisinin sifarişlərini yerinə yetirərək Azərbaycanın sağlam beynəlxalq imicini ləkələmək məqsədi güdüb.

Şübhəsiz ki, bütün bunlar cəzasız qalmamalı və bu işlərdə əli olan mütəşəkkil dəstə öz layiqli cəzasını almalıdır. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çox haqlı olaraq bildirib ki, Azərbaycan bu çirkin əməldə əli olanlarla bağlı müvafiq qaydada hüquqi prosedurlara başlamaq niyyətindədir. Bildirib ki, məsələ ilə bağlı artıq Azərbaycanın aidiyyəti dövlət orqanlarına tapşırıqlar verilib. Demokratiya və söz azadlığı pərdəsi altında gizlənərək beynəlxalq miqyasda ayrı-ayrı dövlətlərə, qurumlara, şəxslərə qarşı kampaniya təşkil edənlər bunun məsuliyyətini dərk etməli və cavabdehlik daşımalıdırlar.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Elxan Süleymanov ermənipərəst qüvvələri, eləcə də fəal erməni lobbiçiləri kimi tanınmış bir neçə avropalı deputatı AŞPA-nın qış sessiyasında ona qarşı mənfur hücumlarda ittiham edib: “Ölkəmə, mənə və Luka Volonteyə qarşı Avropanın şər və böhtan kampaniyasının bütün təşkilatçılarına, ermənilərə və ermənipərəstlərə dəstək verən hər kəsə dərin hüznlə başsağlığı verirəm”.

Erməni lobbisinin ölkəmizə qarşı məkrli niyyətlərini çox yaxşı bilirik. Ancaq “sapı özümüzdən olan baltalar” - AXCP sədri Ə.Kərimlinin və onun tör-töküntülərinin öz Vətəninə, xalqına, dövlətinə bu qədər kin-küdurət bəsləmələrinin səbəblərini başa düşmək olmur. Əslində isə öz liderinə xəyanət edən, onun haqqında muzdlu mirzələrinə min cür hədyan və təhqir yazdıran bir adamdan başqa nə gözləmək olar? Ə.Kərimli, C.Həsənli kimi siyasətbazlar hər fürsətdə ölkədəki ictimai-siyasi sabitliyə, əmin-amanlığa zərbə vurmağa çalışıblar. Bir neçə il bundan əvvəl “ərəb inqilabları” zamanı bu üzdəniraqlar təmsil olunduqları antimilli cəbhənin digər nümayəndələri ilə birlikdə boyunlarına narıncı əskilər sarıyaraq meydan sulamağa, aranı qarışdırmağa cəhd etdilər. Lakin cəmiyyətin etirazı ilə qarşılaşdıqlarından geri çəkilərək antiazərbaycan dairələrin növbəti işarəsini gözləsələr də, öz çirkin məqsədlərinə nail ola bilmədilər. Bu dəfə də Milan Məhkəməsinin qərarı ilə onların ölkəmizə qarşı xəyanətkar əməlləri fiaskoya uğradı.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...