KÖŞƏ

Mənsumə Babayeva

Erməni xalqı zülmdən və yalanlardan bezib

04 may 2018 23:43
2458

Artıq bir aya yaxındır ki, Ermənistanda siyasi böhran səngimək bilmir. Həm ölkədə, həm də xarici dövlətlərdə cinayətkar xuntanın başçısı kimi tanınan Serj Sarkisyanın əleyhinə keçirilən etiraz aksiyaları onsuz da siyasi, iqtisadi böhran içərisində çabalayan  ölkəni iflic vəziyyətinə salıb.  Bu vəziyyətin uzun müddət davam etdiyini görən S.Sarkisyan yeni vəzifəsində hələ əyləşməyə  macal tapmamış baş nazir postundan istefa verdi

Xalqın bu cür aksiyaları təşkil etməsi çox keçmədi ki, Serj Sarkisyanın “əbədi hakimiyyətinin” sonluğu ilə nəticələndi. Erməni xalqı son on ildə ona misli görünməmiş fəlakətlər yaşatmış, iqtisadiyyatı tamamilə çökdürmüş, ölkədə mafioz-oliqarx sistemi qurmuş və ən nəhayət Ermənistanda xeyli sayda insanların ölkədən baş götürüb qaçmasına səbəb olan cinayətkar xuntanı yıxmağı bacardı. Ermənilər 20 ildən artıq müddətdə Dağlıq Qarabağ kartı ilə xalqı girovluqda saxlayan,  ölkəni bütün regional və beynəlxalq layihələrdən məhrum edən, Ermənistanı işğalçı dövlət kimi dünyaya tanıtdıran “Qarabağ klanı”ndan canını qurtara bildi.

Əhali bununla rüşvətxorluqdan, iqtisadi çətinliklərdən, özbaşınalıqdan, qeyri-demokratik idarəetmədən, sosial bərabərsizlikdən boğaza yığıldığını, daha yaxşı həyat istədiyini bəyan etmiş oldu. Fəal vətəndaş cəmiyyəti arzusunda olan insanlar, xüsusilə də gənc nəsil kosmetik islahatlar deyil, real dəyişikliklər istəyirlər. Əhali hakimiyyətə qarşı çıxmaqla, dəyişiklikləri tələb etməklə, aksiyalar keçirməklə öz istəklərinə nail olacağına ümidini itirmir. Hakimiyyət dəyişikliyi olmasına baxmayaraq, Ermənistanda baş nazir postunda yenidən Respublikaçılar Partiyasından birinin olması iddiası irəli sürülür.Xalq isə bununla razılaşmır.  Əsas tələb budur ki, hakim Respublikaçılar Partiyasını təmsil edən namizəd baş nazir postuna əyləşsə ölkədə vəziyyət daha da gərginləşəcək.  Mitinq iştirakçıları ölkənin inkişafı, xalqın daha da yaxşı yaşaması üçün baş nazir postuna Nikol Paşinyanın namizədliyini dəstəkləyirlər. Xalqın namizədini bir neçə partiya, fraksiya da müdafiə edir.

Bir neçə gün öncə Ermənistan parlamenti hökumət başçısı seçkilərinə həsr edilən özəl toplantı keçirdi. Toplantı uzun müddət davam etsə də, ümumi rəyə gələ bilməyən deputatlar Nikol Paşinyanı respublikanın lideri seçə bilmədilər. Mitinqləri idarə edən N.Paşinyan bu posta yeganə namizəd olmaq üçün tələb olunan sayda səs toplaya bilmədi. Ona zəruri 53 səs müqabilində 45 deputat səs verdi. Səsvermə günü xalq yenidən yürüşlərə başladı. Səhər tezdən İrəvanda Ermənistanın bayrağı ilə xeyli avtomobil şütüyüb, siqnal səsləri eşidildi. Gündüz Respublika meydanında Paşinyana görə çoxminlik mitinq toplandı. İştirakçılar özləri ilə milli boyalı şarlar, həmçinin ölkənin bayrağını gətirdilər. Onlar bir ahənglə “Nikol, Nikol”, “Nikol - baş nazirdir”- deyə qışqırırdılar.

Paşinyan da bu mitinqdə seçiləcəyi halda özünün əsas  missiyası kimi düzgün seçkilərin təşkilinə, habelə “super baş nazir” deyilən institutun ləğvinə və əvəzində “normal parlament sistemi” yaratmağa söz verib. Bundan başqa, Paşinyan polis və milli təhlükəsizlik xidmətinin ayrılmasını və ölkənin hərbi xərclərinin artırılmasını irəli sürüb. O, cəmiyyətdəki ədalətsizlik, kreditləşmə həcmi və vətəndaşların kasıblığı, habelə ermənilərin vətənə dönüşü və sərmayə cəlbi uğrunda mübarizə aparacağını vəd edib.

Xatırladaq ki, Ermənistanda baş nazir vəzifəsinə təkrar olaraq etiraz hərəkatının lideri Nikol Paşinyanın namizədliyi irəli sürülüb. “Yelk” fraksiyasının rəhbəri Nikol Paşinyanın namizədliyi rəsmən baş nazir vəzifəsinə təklif edilib. Qanuna əsasən, bir neçə gündən sonra seçkilərin ikinci turu keçirilməlidir və namizəd parlament üzvlərinin üçdə birinin (35 nəfər) təklifi ilə irəli sürülə bilər. Paşinyanın namizədliyini irəli sürmək üçün”Yelk”,”Daşnaksütyun” və “Tsarukyan bloku” fraksiyaları 41 imza toplayıblar. Seçkilərin ikinci turu mayın 8-nə təyin edilib. Onu da qeyd edək ki,  ölkə qanunlarına görə, bu dəfə də seçkilər baş tutmasa, prezident parlamenti buraxmalı və növbədənkənar seçki təyin olunmalıdır.

Qvami Məhəbbətoğlu
Əli Kərimliyə məsləhət
Vəli İlyasov
Ac Ermənistan...
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...