KÖŞƏ

Cavid Əkbərov

Qoca şərqin qapısı - Naxçıvan

08 fevral 2016 19:42
2301

Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri sayılan Naxçıvanın statusu məsələsi XX əsrin 20-ci illərində gündəlikdə duran ən vacib məsələlərdən biri olmuşdur. Naxçıvanın mühüm strateji coğrafi mövqeyi və ermənilərin ona olan əsassız ərazi iddiaları bu məsələnin həllini daha çox aktuallaşdırırdı. Türkiyə ilə Rusiya və Cənubi Qafqaz respublikaları arasında imzalanmış Moskva və Qars müqavilələrində Naxçıvanın Azərbaycanın əzəli ərazisi olması və onun tərkibində saxlanılması faktı bir daha öz təsdiqini tapdı. Naxçıvan 1922-ci ilin yazında təqdim olunmuş əsasnamədə Naxçıvan Sovet Sosialist Respublikası (SSR) adı ilə Azərbaycan SSR-in himayəsində muxtar respublika elan olundu, 1923-cü ilin fevralından - dekabrına qədər isə Azərbaycan SSR-in tərkibinə muxtar ölkə kimi daxil oldu. 1923-cü il dekabrın 31-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi (MİK) Naxçıvan ölkəsinin yenidən təşkili barədə qərar qəbul etdi. Həmin qərar əsasında Naxçıvan ölkəsi Azərbaycanın tərkibində Naxçıvan SSR-ə çevrildi. Nəhayət 1924-cü ilin fevralın 9-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (MSSR) yaradıldı. Beləliklə, Ermənistanın iddialarına və ona havadarlıq edən sovet Rusiyasının himayəsinə baxmayaraq, Azərbaycan (türk) elinin əzəli və əbədi torpağı olan Naxçıvan Muxtar Respublikasının Azərbaycanın tərkibində qalması təmin olundu.

1929-cu il fevralın 18-də Zaqafqaziya MİK Naxçıvan MSSR-in 9 kəndinin (Şərurun 3, Şahbuzun 5, Ordubadın 1), habelə Kilit kəndinin torpaqlarının bir hissəsinin Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etmişdir.

1995-ci ilin 12 noyabrında qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir və onun statusu bu konstitusiya ilə müəyyən edilir.

Naxçıvan şimalda və şərqdə Ermənistan (sərhəd xəttinin uzunluğu 246 km), qərbdə Türkiyə (11 km), cənubda isə İran İslam Respublikası (204 km) ilə həmsərhəddir. Ermənistanla təbii sərhəddini Zəngəzur və Dərələyəz silsiləsinin  suayırıcıları, Türkiyə və İran sərhəddini isə Araz çayı təşkil edir. Ərazisi şimal-qərbdən cənub-şərqə doğru 158 km məsafədə uzanır. Qədim Zəngəzurun 1920-ci ildə sovet rəhbərliyi tərəfindən Ermənistana verilməsi nəticəsində 44-45 km enində zolaq Araza doğru uzanaraq Naxçıvan MR-i Azərbaycan Respublikası ərazisindən ayırmışdır. Naxçıvan MR-in ərazisi 5500 km2 , əhalisi isə 450 minə yaxındır. Naxçıvan MR-in ərazisi relyefə görə iqtisadi-coğrafi rayonun çox hissəsini tutan dağlardan, Arazboyu ilə uzanan nisbətən ensiz zona isə düzənliklərdən ibarətdir.

Naxçıvanda aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl III minilliyə aid madii-mədəniyyət nümunələrinin tapılması bu diyarın qədim dövrlərdə mövcud olduğunu bir daha təsdiq edir. Naxçıvan sözünün mənasını müxtəlif şəkildə izah edirlər. Naxçıvan şəhəri haqqında ən erkən məlumat tarixçi İosif Floviyə (eramızdan əvvəl I əsr) və coğrafiyaşünas Klavdi Ptolomeyə (eramızın II əsri) məxsusdur. Ptolomeyin “Coğrafiya” əsərində Naxçıvan şəhərinin adı Naksuana, orta əsr ərəb və fars mənbələrində isə Nəsavə, Nəqçuan, Nəxçuan, Nəxçəvan şəklində, digər mənbələrdə isə Nəqşi-cahan (dünyanın bəzəyi) kimi təqdim olunmuşdur. Naxçıvan toponimini əfsanəvi Nuh peyğəmbərlə bağlı olaraq “dünya tufanı” ilə də əlaqələndirirlər.

Naxçıvan faydalı qazıntı ehtiyatları ilə də zəngindir. Burada molibden və polimetal filizləri, daş duz, dolomit, mərmər, travertin tikinti materialı, volfram konsentratı, Gümüşlü yatağında qurğuşun-sink konsentratı, əhəng, gips və 50-dən çox civə yataqları aşkar olunub.

İpəkçilik sənayesi Naxçıvanda hələ XIII əsrdə inkişaf etməyə başlamışdır. Ordubaddan Venesiya, Marsel, Amsterdam və digər Avropa ölkələrinə ipək ixrac olunmuşdur.

Naxçıvan yeraltı mineral sularla da zəngindir. Hidrokarbonatlı - Badamlı, hidrokarbonatlı - xloridli - Sirab, Vayxır və Darıdağ, Cuğa, Əlincəçayın yuxarı axınında hidrokarbonatlı, sulfatlı, karbon qazlı mineral suların böyük müalicəvi əhəmiyyəti var.

Qədim dövrlərdə Naxçıvandan Azərbaycanın digər şəhərlərinə, eləcə də İrana, Hindistana, Orta Asiya ölkələrinə karvan yolları gedirmiş. Bu yollar Naxçıvanı Şərq ölkələrindəki ən böyük şəhərlərlə qovuşdurduğuna görə “Şərqin qapısı” , Mustafa Kamal Atatürk isə Naxçıvanı “Türkün qapısı” adlandırmışdır. Naxçıvan sənətkarları saxsı qablar, zərgərlik məmulatları və metaldan müxtəlif əşyalar düzəltmişdilər. Burada 7 növ pambıq, üzüm, məşhur Naxçıvan xalçaları, ipək parçalar istehsal olunmuşdur.

12-ci yüzillikdə Azərbaycanda yaranan Atabəylər dövlətinin paytaxtı Naxçıvan olmuşdur. Atabəy Şəmsəddin Eldənizin göstərişi ilə Naxçıvanın müdafiəsi üçün Əlincə qalası tikilmişdir. Qala möhkəm və etibarlı yerdə olduğu üçün dövlətin xəzinəsi də burada saxlanılırdı. İspan səyyahı Klavixo Əlincə qalası haqqında yazırdı: “Qala uca dağda idi. Divar və bürclərlə əhatə olunmuşdu. Qalada çoxlu üzümlük, bağlar və əkin yerləri, çoxlu su, otaqlar vardı. Qala dağın lap zirvəsində idi”.

Naxçıvanın xarici düşmənlərdən qorunması məqsədilə Mirzə Rza Kəngərli XVII əsrin əvvəllərində Naxçıvanda ilk atlı diviziyasını yaratmış, bu nəsildən olan Heydər Qulu xan Kəngərli isə Nadir şahın ölümündən sonra 1747-ci ildə özünü Naxçıvanın xanı elan etmiş, Zəngəzur dağlarından Araz çayına qədər (Mehri və Qafan da daxil olmaqla) bütün əraziləri Naxçıvanın tərkibinə daxil etmişdir.

Naxçıvanda Yusif ibn Küseyir (ata-baba türbəsi) və Mömünə xatın türbələri, Cümə məscidi, Qoşa minarə Memar Əcəminin gözəl memarlıq ənənələri hesab olunur. Məşhur Avropa səyyahları və alimləri Əcəminin tikdirdiyi binalara yüksək qiymət vermiş, türbənin sərdabəsinin quruluşundan sonralar Avropa memarlığında geniş istifadə olunmuşdur. Qədim Naxçıvan diyarı həm də İsmayıl xan Naxçıvanski, Cümşüd xan, Ehsan xan, Kəlbalı xan kimi hərbçi generallar, Həbibulla və Toğrul Şahtaxtinski, Yusif Məmmədəliyev, Həsən Abdullayev kimi tanınmış alimlər, Cəlil Məmmədquluzadə və ümummilli lider Heydər Əlirza oğlu Əliyev kimi dünya şöhrətli şəxsiyyətlər yetirmişdir.  

Bu gün yüksək potensiala malik muxtar respublika bütün dövlət proqramlarının, infrastruktur layihələrinin uğurla həyata keçirilməsi nəticəsində hərtərəfli inkişaf edir və daha da gözəlləşir. Son vaxtlarda Naxçıvanda beynəlxalq səviyyəli tədbirlərin və idman yarışlarının keçirilməsi ənənəyə çevrilib. 2009-cu il yanvar ayının 3-də Türkdilli dövlətlərin dövlət başçılarının iştirakı ilə keçirilən 9-cu zirvə toplantısı, 2010-cu il iyunun 26-30-da Türk dünyası həkimləri və ziyalılarının iştirakı ilə “Beynəlxalq Tibb və Tarix konfransı”nın yüksək səviyyədə təşkili və keçirilməsi buna əyani sübutdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il yanvar ayının 15-də imzaladığı sərəncama əsasən Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsi - Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin qeyd olunması da Naxçıvanda keçirilən növbəti tədbirlərdən biri olmuşdur.      

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?