KÖŞƏ

Elçin Zaman

Artıq Ermənistanda Rusiyayönümlü hakimiyyət mövcud deyil

05 iyun 2018 14:20
1501

Paşinyan hökumətində Rusiya əleyhdarlarının sayı artır

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı qondarma rejimin rəhbərliyini də dəyişməklə ətrafını Serj Sarkisyanın bütün siyasi əlaltılarından qurtarmağa çalışır. Burada əsas niyyət həm Sarkisyanın hələ də güclü olan mövqelərini zəiflətmək, həm də dünyaya  qərbyönümlü olduğunu göstərməkdir.    

Əslində, onun hakimiyyətindəki yeni nazirlərin böyük əksəriyyəti antirusiya  əhval-ruhiyyəli şəxslərdir. Həmin nazirlər bu gün də Rusiyanı söyməkdədirlər  və onlara görə, Rusiya Ermənistanı forpost kimi, kölə kimi saxlamaqla müasir inkişafdan, dünyaya inteqrasiyadan sapdırır.

Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfirinin Nikol Paşinyanla davamlı görüşləri də diqqətdən qaçmır. Hətta ötən həftə səfirlə Paşinyanın görüşündə Amerikanın Ermənistana hərtərəfli dəstək verməyə hazır olduğu bildirilmişdi. Paşinyan bu taktika ilə erməniləri inandırmağa çalışır ki, guya onun xarici siyasətində yeniliklər olacaq və bu, Ermənistana inkişaf bəxş edəcəkdir. Reallıq isə bu küçə siyasətçisinin qısa müddətdə uğursuzluğa düçar olacağına zəmanət verir. Ona görə ki, Ermənistan hazırda elə bir siyasi və iqtisadi xaosun içərisindədir ki, onun müstəqil xarici siyasət yürütməsi mümkünsüzdür. Bəzi siyasi ekspertlər düşünürlər ki, tamamilə Rusiyadan asılı vəziyyətdə olan Ermənistanın “qərbyönümlülüyü” isə bəzi ölkələrdən, xüsusilə də ABŞ-dan on milyonlarla dollar maliyyə vəsaiti almağa hesablanıb. Çünki hazırda ABŞ-ın və Avropanın iqtisadi və siyasi sanksiyaları ilə iqtisadi geriləməyə məruz qalan Rusiya Ermənistana daha dilənçi payını da vermək istəmir. Ona görə də Ermənistan əvvəllər Rusiyadan ikiəlli yapışırdısa indi əlinin birini ABŞ-a uzatmağa məcburdur.

Bəs Paşinyanın bu sürüşkən siyasəti onun və ölkəsinin dadına çatacaqmı? Əvvəla qeyd edək ki, Paşinyanın Qərbə inteqrasiya xəttinə üstünlük verməsi ilk növbədə öz hakimiyyətini möhkəmlətmək istəyindən irəli gəlir. Bu gün Ermənistanda çox həssas vəziyyət hökm sürür və ən əsası burada iqtisadi cəhətdən böhran yaşanır. Ona görə də populist çıxışlarla hakimiyyətə gələn Paşinyan xalqın gözləntilərini reallaşdırmaq üçün dəridən- qabıqdan çıxır.

Paşinyanın  sürüşkən siyasəti və yaxud Ermənistanın yeni “xozeyini” kim olacaq?

Bu gün Paşinyan hökumətinin daxili siyasətdəki əsas hədəfi guya iqtisadiyyatda monopoliyanın və korrupsiyanın tamamilə aradan qaldırılması vədidir. Halbuki bu, Ermənistanda heç də asan məsələ deyil. Ona görə ki, iqtisadiyyatı çökmuş ölkədə monopoliyanı aradan qaldırmaqla inkişafa nail olmaq ən son variantdar. Ondan əvvəl isə ilk növbədə istehsalat üçün müasir sənaye müəssisələri, ixrac məhsulları olmalıdır ki, ölkədə ÜDM artsın.  Bunlar isə yoxdur.

Ümumiyyətlə, bu gün Paşinyan hakimiyyətinin dayaqları çox kövrəkdir. Serj Sarkisyan hakimiyyəti dövründə möhkəmlənmiş oliqarxlar hələ də Ermənistanda güclü olduqları, eyni zamanda, Serj Sarkisyana himayədarlıq edən Rusiyanın Ermənistan silahlı qüvvələrində böyük təsir imkanları qaldığı üçün yeni hökumət kəskin addımlara gedə bilmir.

Digər tərəfdən də Moskva Paşinyan iqtidarının möhkəmlənməsini istəmir. Ona görə də ABŞ bu vəziyyətdən məharətlə istifadə edərək perspektivdə Ermənistana müxtəlif adlarla maliyyə ayıracaq ki, ən azından işğalçı dövlət iqtisadi cəhətdən ayaqda dura bilsin və yeni hökumətə qarşı etirazlar başlamasın. Vaşinqton Rusiyanın Ermənistandakı qərbyönümlü yeni hakimiyyətini devirə bilməməsi üçün onu gücləndirməyi, ac erməni xalqına maliyyə ayırmağı planlaşdırır.

Amma bu arada bir məsələni də qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyətinin möhkəmlənməsinə qədər Rusiya ilə çox ehtiyatlı davranmaq məcburiyyətindədir. Xüsusilə qarşıdakı illərdə  Ermənistanda ciddi siyasi hadisələrin reallaşması gözlənilir. Belə ki, bu işğalçı ölkədə yeni parlament seçkilərinin keçirilməsinin və yeni Seçki Məcəlləsinin qəbul olunmasının baş tutacağı təqdirdə parlamentdə üstünlüyü Paşinyanın tərəfdarları qazanarsa məhz bundan sonra yeni hökumət qərbə inteqrasiyanı açıq şəkildə həyata keçirməklə Rusiyadan tədricən qopmağa çalışacaq. Bu bir həqiqətdir ki, Paşinyanın yeni hökumətində Qərb təhsillilər və  qərbyönümlülər vəzifələrə təyin edilirlər.

ABŞ Rusiyanı Cənubi Qafqazdan çıxarmaq üçün böyük fürsət qazanıb

Aydın görünür ki, Paşinyanın istiqaməti Rusiya deyil, Qərbdir. ABŞ da bunun üçün Ermənistana böyük maliyyə dəstəyi vermək istəyir. ABŞ-ın maliyyəsi ilə Paşinyan hökumətinin köklərinin daha da dərinlərə nüfuz etməsi üçün addımlara atılacaq. Vaşinqton bilir ki, artıq Ermənistanda birmənalı rusiyayönlü hakimiyyət mövcud deyil. Bu isə Rusiyanı Cənubi Qafqazdan çıxarmaq üçün böyük fürsətdir. Çünki Ermənistan Cənubi Qafqazda Rusiyanın duruş gətirə biləcəyi son qalasıdır. Ona görə də Ermənistanda daha çox qərbyönümlü hakimiyyətin iş başına gəlməsi və möhkəmlənməsi ciddi əhəmiyyət daşıyır. Paşinyan da ABŞ-dan maksimum dərəcədə yararlanmağa çalışacaq”.

Bu arada Paşinyan Rusiyanı qəzəbləndirməmək üçün çox ehtiyatlı davranır. Xüsusilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi İttifaqı kimi nüvəsində Rusiya olan təşkilatlardan çıxmaq barədə Moskvanı qəzəbləndirəcək riski qəbul etmir.  Ancaq bu, müvəqqətidir. İrəvan müəyyən mərhələyədək bu siyasəti davam etdirəcək, çalışacaq ki, Moskva əksinqilab həyata keçirmək qərarını verməsin. Eyni zamanda parlament seçkiləri hələ keçirilmədiyi üçün hazırkı  rusiyayönümlü parlament Paşinyan üçün böyük təhlükə  mənbəyidir.

Məhərrəm Ağalaroğlu
“Yelqovanlar”
Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...