KÖŞƏ

Taleh Turqut

9 dekabrdan sonra Ermənistanı nə gözləyir?

08 dekabr 2018 00:06
953

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni situasiyanın yarandığı müşahidə edilməkdədir. İctimai fikirdə sabah Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra prosesdə canlanmanın olacağı düşüncəsi hakimdir. Hadisələrin gedişi bu fikrin həqiqətdən uzaq olmadığını deməyə əsas verir.

İlk növbədə xatırladaq ki, dekabrın 5-də ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri İtaliyanın Milan şəhərində görüşüblər. Görüşün nəticəsi olaraq tərəflər  Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq üçün işləri davam etdirməyə razılaşıblar və nümayəndə heyətləri bu barədə birgə bəyanat da yayıblar. Bəyanatda qeyd edilib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zorab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı sülh yolu ilə həlli istiqamətində işlərin davam etdirilməsi barədə razılığa gəliblər. Siyasi ekspertlərin fikrincə, bu, Ermənistanda 9 dekabr seçkisindən sonra hakimiyətini möhkəmləndirməyi planlaşdıran Nikol Paşinyan komandasının seçkidən sonrakı dövrdə münaqişə ilə bağlı atacağı addımı proqnozlaşdırmağa imkan verir. Baxmayaraq ki, seçkiöncəsi təbliğat kampaniyasında məhz bu faktor Paşinyanın rəqiblərinin ona qarşı əsas silahına çevrilmişdi. Məsələn, əvvəllər Serj Sarkisyana qarşı müxalifət mövqeyində olan Ermənistanın keçmiş Milli Təhlükəsizlik Xidmətinin rəhbəri David Şahnazaryan hazırda Respublikaçılar Partiyasının əsas namizədlərindəndir və N. Paşinyana qarşı ən kəskin çıxış edənlərdən biridir. O, Paşinyanı seçkidən sonra torpaqları Azəraycana qaytaracağı ilə ittiham edir və onun bu ittihamı Paşinyana seçki təbliğatında əməlli-başlı zərbə vurdu: “Paşinyan Dağlıq Qarabağı Azərbaycana qaytarmağa hazırlaşır və ictimai fikri bu istiqamətdə formalaşdırmaq istəyir”.

Qeyd edək ki, Dağlıq Qarabağ mövzusu Ermənistanda hazırkı parlament seçkilərinin ən mühüm seçkiqabağı kampaniya vasitəsi olmuşdur. Yeni hökumətin tərəfdarları ilə hakimiyyəti itirən “Qarabağ klanı” bir-birini ittiham etmək üçün məhz Dağlıq Qarabağ kartından sui-istifadə edirlər. “Qarabağ klanı” yaxşı başa düşür ki, Paşinyanın komandası parlament seçkilərində qalib gələrsə,  Dağlıq Qarabağdakı separatçı rejimlə haqq-hesabı çürütmək fürsəti yaranacaq. Yayılan xəbərlərdən məlum olur ki, klanın Xankəndidəki tör-töküntüsü bu qaranlıq gələcəkdən ciddi təşvişə düşüb. Hətta Ermənistan ictimaiyyətində yayılan söhbətlərə görə, Dağlıq Qarabağdakı qondarma rejimin “rəhbəri” Bako Saakyan Serj Sərkisyanın devrilməsindən sonra “hər gecə yas tutur”. Dağlıq Qarabağda “müxalifətçilik” edən Ayk Xanumyan məqaləsində yazıb ki, Saakyanın yas tutmasının səbəbi onun əsas himayəçisindən məhrum olmasıdır: “Serj Sərkisyanın istefasından sonra Dağlıq Qarabağdakı rejimin içərisində çaxnaşmalar başladı. Bako Saakyanın, o cümlədən mənim də iştirakımla keçirilən görüşdə etiraf etdiyi kimi, aprelin 23-dən sonra o hər gecə matəm içində olub”. A. Xanumyanın fikirlərindən anlaşılır ki, seçkidə qalib gələcəyi təqdirdə Paşinyanın B. Saakyana verdiyi vaxt bitəcək və onun “hakmiyyətinə” son veriləcək.

Bütün bunlarla yanaşı, ekspertlər hesab edirlər ki, N. Paşinyan uzun müddət hakimiyyətdə qalmaq və Ermənistanı inkişaf etdirmək istəyirsə, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmalıdır. Əks halda o, Sarkisyanın taleyini daha tez yaşamalı olacaq. Çünki Ermənistanda onsuz da ağır olan sosial-iqtisadi vəziyyət onun bir neçə aylıq hakimiyyəti dövründə dözülməz həddə çatıb. Ermənistanda nəşr edilən “Joxovurd” qəzeti rəsmi sənədlərə əsasən yazır ki, təkcə 2018-ci ilin on ayı ərzində ölkədən 951 milyon 38 min dollar vəsait çıxarılıb. Bu, ötən ilin eyni dövrü il müqayisədə 171 milyon 842 min dollar çoxdur. 2017-ci il yanvar-oktyabr dövründə Ermənistandan çıxarılan valyuta 779 milyon 196 min dollar təşkil edib.

Qəzet bunu keçmiş iqtidar nümayəndələrinin xaricə kapital ötürmələri kimi izah edir. Lakin bu, həm də ölkədə yaranan vəziyyət və insanların gələcəyə olmayan inamları ilə bağlıdır.