03 dekabr 2018 23:06
2826

Müşərrəf Akay Bakı Slavyan Universitetində

Bakı Slavyan Universitetinin (BSU) növbəti qonağı qardaş Türkiyə Cümhuriyyətinin sevilən sənətçisi Müşərrəf Akay oldu

Dekabrın 3-də universitetin rəhbər heyətinin, müəllim və tələbələrinin iştirakı ilə ali təhsil müəssisəsində tanınmış sənətçi ilə unudulmaz görüş keçirildi. Qonaq BSU-nun girişində tələbələrin təqdimatında Azərbaycan-Türkiyə qardaşlığını təcəssüm etdirən milli mahnılar və rəqslərlə qarşılandı. Foyedəki kiçik konsert proqramının ardından tədbir universitetin akt zalında davam etdi. Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirildi.

BSU-nun rektoru, professor Nurlana Əliyeva universitetin yaranma tarixindən, burada türk dili və mədəniyyətinə, ədəbiyyat və musiqisinə olan böyük diqqətdən danışdı. Bakı Slavyan Universitetinin yarandığı gündən dünyanın  bir çox ali təhsil ocaqları ilə beynəlxalq əməkdaşlıq qurduğunu dilə gətirən N.Əliyeva qardaş Türkiyə ilə əməkdaşlığın daha dərin köklərə malik olduğunu bildirdi. Sonra N.Əliyeva BSU-dakı Türkiyə Araşdırmaları Mərkəzinin fəaliyyətindən danışdı, Bakı Slavyan Universitetinin Türkiyənin Qafqaz Universiteti, Qazi Universiteti, Ankara Universiteti, İstanbul Kültür Universiteti və başqaları ilə əməkdaşlıq haqqında müqavilələr bağladığını, eyni zamanda beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində türkiyəşünaslıq üzrə təhsil alan tələbələrə Türkiyənin iqtisadi-siyasi  və mədəni cəhətdən inkişafını əks etdirən kursların tədris olunduğunu vurğuladı. N.Əliyeva qonağa bu günlərdə BSU ilə Türkiyə Cümhuriyyətinin Reytinq Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən “Kultuiraloji paradiqmalar və yeniləşən Azərbaycan”  adlı tədbir barədə məlumat verdi. Tədbirdə Türkiyənin tanınmış elm və siyasət adamlarının, diplomatlarının iştirak etdiyini, əməkdaşlığın aktual problemlərinin müzakirə olunduğunu bildirdi. N.Əliyeva daha sonra Müşərrəf Akay sənətindən, onun Azərbaycandakı heyranlarından danışdı. 

ATV-nin nəzdində Teleradio Akademiyasının rəhbəri, BSU-nun Jurnalistika kafedrasının müəllimi, professor  Etibar Babayev çıxışında türk sənət ustası barədə öz müsbət fikirlərini səsləndirdi. E.babayev Müşərrəf Akayın Azərbaycan-Türkiyə mədəni əlaqələrinin möhkəmlənməsində mühüm xidmətləri olduğunu diqqətə çatdırdı, onun Azərbaycan incəsənətinə, milli ruhuna bağlılığını xüsusi qeyd etdi.

Sonra tanınmış sənətçinin Azərbaycanla bağlı xatirələrini əks etdirən video-çarxın nümayişi oldu. Nümayişin ardından “Azərbaycanım” beynəlxalq jurnalının təsisçisi Emil Nəsirli Müşərrəf Akaya jurnalın “Fəxri üzvü” olması münasibətilə diplom və qızıl medal təqdim etdi.

Azərbaycanın əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova yüksək səviyyəli tədbirin təşkilinə görə BSU rəhbərliyinə minnətdarlığını bildirdi.

Azərbaycan haqqında təəssüratlarının olduqca xoş olduğunu deyən Müşərrəf Akay bu günlərdə Gəncədə olduğunu, orada çox səmimi qarşılandığını vurğuladı Sənətçi Azərbaycana əvvəlki illərdəki səfərləri ilə bağlı xatirələrini universitet əməkdaşları və tələbələrlə bölüşdü. Öncəki illərdə Bakıya gəlişini yada salan müğənni Azərbaycanın, Bakının inanılmaz şəkildə dəyişdiyini, inkişaf etdiyini, BSU-da artıq ikinci dəfə qonaq olduğunu söylədi. Universitet kollektivinin diqqəti, marağı da sənətçini təsirləndirib: “Azərbaycan xalqının mənə olan münasibəti, diqqəti məni çox təsirləndirdi, gözlərim yaşardı. Eyni hörmət və qayğını Bakı Slavyan Universitetində də görmək mənim üçün olduqca sevindirici haldır”.

Sənətçi Azərbaycanla Türkiyə arasında mədəniyyət, incəsənət istiqamətində qurulan əlaqələrin dərin köklərindən söz açdı. Hazırda Türkiyənin “TRT müzik” kanalının efirində yayınlanan “Əziz dostlar” verilişi barədə məlumat verən M.Akay bildirdi ki, bu layihənin əsas məqsədi Azərbaycan xalq mahnılarını və sevilən sənətçilərini türk xalqına daha yaxından tanıtmaqdır. BSU-da təhsil alan türk tələbələrlə də görüşüb, repertuarında yer alan Azərbaycan xalq mahnılarından parçaları sevərək ifa etdi.

Səmimi görüşdən razı qalan qonaq tələbələrin suallarını cavablandırdı, sonda BSU əməkdaşları ilə xatirə şəkilləri çəkdirdi.

Şəfiqə Dadaşova,
Şəmsiyyə Əliqızı, “İki sahil”