KÖŞƏ

Ceyhun Piriyev

İki standartlar: Nə vaxtadək?..

25 sentyabr 2018 00:12
2699

Bu günlərdə Milli Məclisdə Azərbaycan Parlamentinin 100 illiyi münasibəti ilə keçirilən təntənəli iclasda Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən böyük ədalətsizlik olduğunu bildirərək   bütün beynəlxalq təşkilatların münaqişə ilə bağlı qərar və qətnamələr qəbul etdiklərini, onların arasında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini xüsusilə qeyd edib: “Ermənistan 20 ildən çoxdur ki, bu qətnamələrə əməl etmir, onlara məhəl qoymur və beləliklə, öz işğalçılıq siyasətini davam etdirir.... Əgər dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmirsə, onda əlbəttə ki, bu orqanın nüfuzu o qədər də yüksək səviyyədə ola bilməz”.

Lakin bütün bunlara baxmayaraq Azərbaycan haqlı olaraq münaqişənin yeganə həlli yolunun Ermənistan silahlı qüvvələrinin işğal etdikləri torpaqlardan çıxarılmalı olduğunda israrlıdır və  ərazi bütövlüyü bərpa edildikdən sonra bölgədə sülhün yarana biləcəyini bəyan edir. Hazırda bütün dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edirlər.

Bununla belə, beynəlxalq münasibətlərdəki ikili standartlar davam etməkdədir. Bu gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistandan səslənən fikirlər olduqca ziddiyyətli  olmaqla münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərsə də, münaqişənin həllini üzərinə götürmüş ATƏT buna reaksiya vermir.

Beynəlxalq təşkilatları fakt qarşısında qoyan digər məsələ isə bu ilin yazında iyirmi il Ermənistana rəhbərlik etmiş rejimin çökməsidir. Halbuki Ermənistanda son müddət ərzində keçirilmiş parlament və prezident seçkilərinə beynəlxalq müşahidəçilər müsbət reaksiya vermişlər. Beləliklə də beynəlxalq təşkilatların hansısa səbəblərə görə “göz yumduqları” məsələlər bu gün “gün işığına çıxmaqdadır və bu, eyni zamanda, həmin təşkilatların mahiyyətini üzə çıxarır.

Hazırda Ermənistanda yaranmaqda olan yeni diktatura rejimi də demək olar ki, özündən əvvəlkilərdən olandan geri qalmır. Nəticədə siyasi rəqiblərə qarşı zorakılıq həyata keçirilir, onlar həbs edilir, mətbuat nümayəndələrinə qarşı repressiyalar aparılır, mətbu orqanlar bağlanır, dövlət orqanları siyasi rəqiblərinin həbsi ilə bağlı açıq-aşkar göstərişlər verirlər.

Nitqində, həmçinin bu məsələyə də toxunan Prezident İlham Əliyev  bununla bağlı beynəlxalq təşkilatların, xüsusilə mətbuatla, media azadlıqları, insan haqları ilə bağlı olan təşkilatların səssiz qaldığını bildirərək onları növbəti dəfə ikili standartlar aparmaqda ittiham edib: “Sual olunur, nəyə görə Ermənistanda gedən bu təhlükəli proseslərə beynəlxalq təşkilatlar reaksiya vermir? Bunun arxasında hansı səbəblər var? Bu, çox ciddi araşdırılmalıdır. Biz onsuz da yaxşı bilirik ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı ikili standartlar siyasəti aparılır”.

Söhbət ondan gedir ki, Azərbaycan təkcə Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində deyil, müxtəlif məsələlərdə siyasi məqsədlər güdən ikili standartlara məruz qalıb və buna qarşı ciddi mübarizə aparır. Bunun üçün ölkəmizin kifayət qədər əsasları var və bu, ilk növbədə, Azərbaycanın siyasi-iqtisadi qüdrətindən irəli gəlir. Bu gün Azərbaycan ərazisinin 20 faizinin işğal altında olmasına,  bir milyondan çox qaçqın və məcburi köçkünün olmasına baxmayaraq ölkəmiz Cənubi Qafqazın iqtisadiyyatının 70-75 faizini özündə cəmləməklə uğurla inkişaf edir.

Ermənistanda isə rəsmi statistikaya görə, orada yoxsulluq 30 faizə çatır. Bunun özü hər şeyi aydın büruzə verən göstəricidir və əlavə şərhə ehtiyac yoxdur. Məsələ ondan ibarətdir ki, aparılan işğalçılıq siyasəti ölkəni iqtisadi inkişafdan məhrum edib. Belə ki, məhdud bazar imkanları, eyni zamanda, xarici bazarlara çıxışın olmaması sərmayələrin “qapılarını” Ermənistan üzünə bağlayır. Nəticədə kütləvi işsizlik və əhalinin sürətlə bu ölkəni tərk etməsi işğalçı Ermənistanın gələcəyini olduqca böyük sual altında qoyur. 

Azərbaycan tərəfi isə dəfələrlə bəyan edib ki, Ermənistanın bu ağır, çətin vəziyyətdən xilas üçün yeganə yolu  işğal etdiyi torpaqlardan çıxmasıdır. Əks təqdirdə, Prezident İlham Əliyevin təbirincə desək, həyata keçirilən siyasətin məqsədi Ermənistanı tam təcrid edilmiş vəziyyətə salmaqdır.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...