KÖŞƏ

Ceyhun Piriyev

Dağlıq Qarabağdakı separatçı rejim də qərbləşdirilir?

06 iyun 2018 23:40
1788

Yeni baş nazir Nikol Paşinyanın qərbyönlü siyasəti fonunda   Dağlıq Qarabağın separatçı rejiminin güc strukturlarının istefası tələbi ilə müşayiət olunan etiraz aksiyaları əslində gözlənilməz hadisə deyildi. Bu baxımdan da hadisənin hansısa “dava” ilə əlaqələndirilməsi və bunun məişət zəminində təqdim olunması ancaq  görüntü xarakteri daşıyırdı.

Məsələ ondan ibarətdir ki, iki mülki şəxslə iki Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı arasında mübahisə nəticəsində başlanan əlbəyaxa qorxu abu-havasının hökm sürdüyü Xankəndində günlərlə davam edən aksiya ilk baxışda sadə insanların etirazı kimi görünürdü. Lakin sonradan  Ermənistanın baş naziri N.Paşinyanın müraciəti ilə aksiyaların dayandırılması, onun etirazçıları Qarabağdakı “hakimiyyət”lə əldə olunmuş razılaşmaları icra etməyə imkan verməyə çağırması bütün mətləblərə aydınlıq gətirir.

Belə ki, B.Saakyan etirazçıların nümayəndələri ilə görüşüb, güc strukturlarında dəyişiklik ediləcəyini vəd etsə də, qarşı tərəfin tələbləri konkret idi. Onlar baş prokuror Artur Mosiyan, polis rəisi Kamo Ağacanyan və MTX rəisi Arşavir Qaramyan vəzifədən azad edilməyincə, etiraz aksiyasına davam edəcəklərini deyirdilər.

Bu isə o deməkdir ki, yaxın vaxtlarda separatçı rejimdə dəyişikliklər olacaq. Əks halda etiraz aksiyası yenidən başlayacaq.

Erməni siyasi təhlilçi Tiqran Qriqoryanın sözlərinə görə, Ermənistanda Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın istefası  və müxalif qüvvələrin hakimiyyətə gəlməsi Qarabağda da vəziyyətin dəyişməsinə gətirib çıxarıb.

Görünür, Paşinyanın yaratdığı Qərb dalğası Dağlıq Qarabağdan da yan keçməyib və o, buradakı dəyişikliyi güc strukturlarından başlamaq niyyətindədir. Məlum məsələdir ki, Ermənistan buradakı vəziyyətə bu strukturlar vasitəsilə nəzarət edir və onlara rəhbərlik edənlər Paşinyan üçün böyük əhəmiyyət daşıyır. Lakin bötüvlükdə qərbləşdirməyə getmək Rusiyaya sadiq olacağını vəd etmiş baş nazir üçün riskli ola bilər. Ona görə də Paşinyan hakimiyyətə gəldiyi təcrübədən- “aksiya”lardan istifadə etməkdədir.

4 il Rusiya Federal Təhlükəsizlik Xidmətində Ermənistan MTX-nin təmsilçisi olmuş B.Saakyan isə  ikinci dərəcəli amildir. Paşinyan hətta Rusiyaya sadiqliyin görüntüsü xətrinə ona toxunmaya da bilər.

Bütün bunlar bir daha onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişikliyi İrəvanın işğalçılıq siyasətini yumşaltmayıb. Əksinə N. Paşinyan bu məsələdə daha aqressivdir. Üstəlik onun siyasətinə S.Sarkisyandan fərqli olaraq Qərb elementi daxildir və bu, hər vasitə ilə özünü büruzə verməkdədir.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...