KÖŞƏ

Mənsumə Babayeva

Paşinyan indi də Avropa İttifaqını şantaj edir

18 iyul 2018 14:43
2262

Daha çox populist bəyanatlar səsləndirən və ermənilər arasında nüfuzunu yüksəltməyə çalışan Ermənistanın baş naziri Nikol Paşinyanın Brüssel səfəri uğursuzluqla nəticələnib. Bu fiaskosunu özü də rəsmən etiraf edib. Məsələ ondadır ki, Paşinyan, NATO-nun Brüssel sammitinə böyük xəyallarla yollansa da, Qərb ölkələrindən ölkəsinə investisiya layihələri ilə dönəcəyi haqda ümidləri puç olub. Çünki “korrupsiya ilə mübarizə” və digər populist addımlarına, Ermənistanda son günlərdə daha çox müzakirə olunan dövlət malının mənimsənilməsi ilə müşayiət olunan biabırçılıqlara Avropa İttifaqı inanmır.

Politoloq Viqen Akobyanın Ermənistanın “1in.am” saytına açıqlamasında qeyd edilib ki, böyük ümidlərlə Avropaya üz tutan Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel səfərindən böyük ümidsizliklə geri qayıtdı. Baş nazir keçirdiyi mətbuat konfransında ölkədə baş verən korrupsiya hallarından bəhs etmək əvəzinə Avropa İttifaqını ittiham edib. Konfransda bildirilib ki, Avropa İttifaqından Ermənistanın ünvanına xoş sözlər səslənsə də, ölkəmizə qarşı heç bir müsbət dəyişiklik hiss olunmayıb. “Beynəlxalq tərəfdaşlar Ermənistanda baş verənləri diqqətlə izləyirlər. Lakin bir məsələni qeyd etmək istərdim ki, Avropa İttifaqının ölkəmizə qarşı siyasəti əvvəlkindən heç nə ilə fərqlənmir. Biz hesab edirik ki, Aİ ya ölkəmizə ünvanlanan bəyanatların tonunu azaltmalı, ya da siyasəti köklü şəkildə dəyişmək gərəklidir”.

Politoloq, həmçinin onu da diqqətə çatdırdı ki, Paşinyanın iradı təkcə Avropa İttifaqı ölkələrinə qarşı deyil, həm də Birləşmiş Ştatlaradır: “Məsələ ondadır ki, ABŞ-ın Ermənistandakı səfiri bu yaxınlarda bildirib ki, ölkəsi Paşinyana dəstək verməyə hazırdır. Lakin baş nazir açıq şəkildə bildirməsə də, sözlərindən bəlli olub ki, Vaşinqtonun mövqeyi də Aİ-dən fərqlənmir. Onların Ermənistanla bağlı mövqelərinin dəyişməməsinin yeganə səbəbi odur ki, daxili və xarici siyasətində müstəqil olmayan, mövcud olan azsaylı sənaye müəssisələri belə başqalarının inhisarında olan bu ölkə Rusiyanın forpostu kimi qəbul edilib və ediləcək də. İstər Paşinyan olsun, istərsə də digəri. Kreml bu ölkənin, heç bir halda müstəqil siyasət yürütməsinə yol verməz. Bu səbəbdən də Paşinyan Avropadan özünün də ifadə etdiyi kimi, yalnız boş vədlərlə geri dönməyə məhkumdur”.

Erməni saytının bu açıqlamalarına münasibət bildirən politoloq Rüstəm Məmmədov “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Ermənistanın bu səfərdən istədiyini əldə etməməsi ölkə rəhbərliyini çox narahat edib: “Geri dönən kimi baş nazir Nikol Paşinyanın mətbuat konfransı keçirməsi və orada Avropa İttifaqını ittiham etməsi gözlənilən bir hal idi. Ermənistanın Brüssel səfərinin məqsədi və gözlənilən nəticə əvvəlcədən də hər kəsə bəlli idi. Göründüyü kimi, proqnozlar özünü doğrultdu və həmin qurumlar, ölkələr Ermənistana arzuladığı dəstəyi göstərmədi, vədlər vermədilər. Bu da onların narazılığına səbəb oldu”.

Politoloq, həmçinin onu da diqqətə çatdırdı ki, bu gün Ermənistanda vəziyyət elə bir həddə gəlib çatıb ki, artıq bu ölkə uçuruma yuvarlanmaq ərəfəsindədir: “Ölkəni bu vəziyyətdən çıxarmaq üçün Aİ-dən dəstək alacağına ümid bəsləyən Paşinyanın istəyinə nail ola bilməməsi beynəlxalq aləmdə Ermənistana göstərilən qeyri-səmimi münasibətdir. Bu gün Ermənistanda iqtisadiyyatın son dərəcə ağır həddə çatması, işsizlik, yoxsulluq həddinin durmadan artması, olduqca ciddi demoqrafik vəziyyətin yaranması, ölkənin bütün beynəlxalq və regional layihələrdən kənarda qalması da göstərir ki, həqiqətən ölkə çıxılmaz və idarəolunmaz vəziyyətdədir. Amma onlar bunu dərk etmirlər ki, nə qədər ki, Azərbaycan torpaqlarını işğal altında saxlayacaqlarsa, bir o qədər də inkişafdan geri qalacaqlar. Ermənistanın belə bir vəziyyətdə bu görüşə qatılmasının, görüşlərdə iştirakının yeganə səbəbi Avropadan yüksək məbləğdə kreditlər almaq, çökmüş iqtisadiyyatına can vermək, ümumilikdə ölkəsini bataqlıqdan çıxarmaqdan başqa bir şey deyil”.

Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...
Məhərrəm Ağalaroğlu
Dəlləklər