15 aprel 2019 11:02
90

Neft Daşlarında qanvermə aksiyası keçirilib - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “'Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı'” Dövlət Proqramının icrası ilə əlaqədar həyata keçirilən tədbirlərdə aktiv iştirak edən SOCAR artıq bir neçə ildir ki, talassemiyalı xəstələr üçün qanvermə təşəbbüsünə qoşulub. SOCAR bu humanist aksiyaların reallaşdırılmasında əsas təşkilatçılardan olan Bahadır Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu ilə talassemiyalı uşaqlara yardım etmək üçün “Donor günü”nün keçirilməsilə bağlı səmərəli əlaqələr yaradıb. Qeyd edək ki, bu il hazırlanmış qrafikə uyğun olaraq SOCAR-ın bütün idarə və müəssisələrində çalışan əməkdaşların kampaniyada könüllü iştirakı planlaşdırılır.

Bu günlərdə “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” NQÇİ-də də qanvermə aksiyası keçirilib. NQÇİ-nin kollektivi qanvermə kampaniyasında fəal iştirak edib. NQÇİ-nin rəisi Qoçalı Mahmudov qeyd edib ki, bu cür tədbirlərdə iştirak etmək, talassemiyadan əziyyət çəkən insanlara kömək etmək hər bir vətəndaşın borcudur.

Bildirilib ki, talassemiya insanların qarşılaşdığı ən ciddi problemlərdən biridir. Tibbi araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycanda da talassemiya daşıyıcıları var və bu da xəstə uşaqların doğulması ilə nəticələnir. Bu gün dünyanın bir çox dövlətində talassemiyalı uşaqlar cəmiyyətin tam hüquqlu üzvləridir. Onlar orta və ali təhsil alır, işləyir, idmanla məşğul olur, öz şəxsi həyatlarını qurur və hətta nümunəvi valideyn ola bilirlər. Yalnız öz qanını əsirgəməyən mərhəmətli insanların sayəsində talassemiyalı uşaqlar digər sağlam uşaqlar kimi gələcəyə inamla baxırlar.