08 avqust 2019 20:32
375

Nə gözəl düşünürsən, Azərbaycan əsgəri!

Ön xətdə, səngərlərdə düşüncələrim işıqlı düşüncələrinlə qoşalaşanda, səni də, məni də yaşadan məfkurənin qoşa cəfakeşi olanda elə bilirəm ki, dünya mənimdi. Taleyimə qazanc bildiyim həmin anlarda ürəyim sevincimə darlıq edir. Gözəl anların gözəlliyində dərk edirəm ki, mənim olan dünya, əslində, hərbi anda sədaqətinə görə, Vətənə məhəbbətinə görə sənindi. Sənin olan dünya sənə görə həm də bizimdi, sənə görə bizim dünyamızın işığına zaval olmayacaq!

Ön xətdə, səngərlərdə bütün söhbətlərimizin mahiyyəti Vətən olur, dövlət olur, dövlətçilik olur. Bütün söhbətlərimiz torpaqlarımızın işğaldan azad edilməsiylə nəticələnəcək döyüşlərlə, qazanılacaq qələbəylə - Böyük Qələbəylə tamamlanır; yerə-göyə sığmayan bir qürurla ordumuzdan danışırıq. 2016-cı ilin aprel döyüslərini xatırlayırıq, qazanılan qələbələrun həm hərbi, həm də mənəvi dəyərindən danışırıq. O qələbələrə milli-xəlqi ruhumuzun qələbəsi deyirik, azərbaycançılığın, biz yaşatdığımız, bizi yaşadan məfkurənin qələbəsi deyirik.

Azərbaycan ordusunun yaranmasının, Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm paradlardan söz açırıq, dünya ictimaiyyətinin o paradları heyrətlə izlədiyini xatırlayırıq, dünyanın aparıcı dövlətlərinin hərbi ekspertlərinin etiraflarını yada salırıq: Azərbaycan ordusu torpaqlarını işğaldan azad etməyə qadirdir.

Ön xətdə, səngərlərdə deyirsən ki, Ali Baş Komandanın döyüş əmrinə hazırıq. Bu əmri hərbi xidmətimizin mahiyyəti kimi yaşayacağıq: Onu da deyirsən ki, deyirsiniz ki, o döyüşlərdə biz də iştirak etmək istəyirik, ordu sıralarından qalib əsgər kimi tərxis olunmağı arzulayırıq. İşğaldan döyüşlə azad etdiyimiz kəndlərdə quruculuq işlərinidə, hər kəndin Cocuq Mərcanlı kimi yenidən quranların sırasında biz də olacağıq...

Bu kəlmələr mənə Lələtəpədə, Bayraqtəpədə, Cünnütdə qürurla dalğalanan bayraqlarımızın əzəmətini xatırladır. Bu kəlmələr o əzəmətdən güc alır deyə bunca doğmadı, şirindi, munisdi... Bu söhbətlər həmişə sizə də, bizə də könül xoşluğu verir. Hər kəlmədə Vətən var deyə, hərbi anda - Vətənə sədaqət var deyə, dövlətə, dövlətçiliyə məhəbbət var deyə.

Ön xətdə, səngərlərdə hər söhbətimizdə şəhidlərimizi də xatırlayırıq. Bilirəm ki, heç zaman yadımızdan çıxmayanları xatırlamaq ifadəsi o qədər də könlünüzə yatmayacaq; yaddan çıxmayanların xatırlanması deyimindən narazı qalacaqsan. Ötən ay səngərdə dediklərini unutmamışam: Şəhidlərimizin ruhu Böyük Qələbəyə kimi səngərlərin göylərində dolaşacaq. “Könlümüz qələbə gözləyən, Böyük Qələbəni gözləyən uca ruhlardan heç zaman iraq düşməyəcək”, - demişdim. Məmnunluqla gülümsünmüşdünüz, “Elədir” demişdiniz. Sağ əlim böyük sayğılarla sənin sol çiyninə enmişdi, baxışlarım baxışlarına sarılmışdı.

Zamanın sovuşmasını hiss etməmişdik. Buludsuz göy üzünə baxmışdıq. Göy üzündə dolaşan qartalın uçuşunu sakitcə izləmişdik. Hamınızın məxsusi ehtiramla “Aşıq” adlandırdığınız əsgər Kamil Göyüşov demişdi: “Göy qartalsız, qartal göysüz olmasın. “Demişdi və bir anlığa qaşları çatılmışdı. Az sonra bu gözəl, bu düşündürücü misra bir bənd şeirə çevrilmişdi:

Bu torpağın gül-çiçəyi solmasın,

Əsən yellər yarpaqları yolmasın.

Əsgər qardaş, silahından bərk yapış,

Göy qartalsız, qartal göysüz olmasın!

Böyük sevgilərlə, ehtiramla, əsgər qardaşım, şair qardaşım dediyim Kamilin əlini əlində isitmişdim.

Ön xətdə, səngərdə sizin əhatənizdəydim, düşüncələrim düşüncələriylə tən gələn Azərbaycan əsgəri, sizinlə səmimiyyətlə kəlmələşirdik. Döyüş növbətçiliyindən qayıtmış əsgər Rahim Həsənovun dedikləri yaddaşımdadı, əminəm ki, o kəlmələri sən də unutmamısan:

- Atam müharibə veteranıdı. 1991-ci ildən 1993-cü ilə kimi Azərbaycan ordusunda xidmət edib, yerli müdafiə batalyonunun tərkibində ermənilərlə vuruşub. Döyüşdə yaralanıb, tərxis olunub. Atam həmişə deyirdi ki, o illərlə bu illər arasında yerlə göy qədər fərq var. Ordumuz indi çox güclüdü, həm də qüvvətlidi. Biz güclü, qüdrətli bir ordunun əsgərləriyik. Bununla qürurlanırıq.

Əsgər Sahib Əliyev əsgər dostunun sözlərinə qüvvət kimi demişdi.

- Qürurlanmaq öz yerində, qürurlananlar, yəni biz əsgərlər bu qürura, deməli Vətənə layiq xidmət etməliyik. Vətənə layiq xidmət nədi? - soruşsanız deyərəm ki, layiqli xidmət hərbi anda sədaqətdi, Hərbi Nizamnamələrin tələblərinə əməl etməkdi, komandirlərin, zabitlərin əmr və göstərişlərini vaxtında, məsuliyyətlə, sözsüz yerinə yetirməkdi

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qürurla dediyi “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır” kəlamının sizin də ürəyinizi dağa döndərdiyinə əminəm. Bu əminlik sizin qürurunuzla, inamınızla bağlıdır, Azərbaycan əsgəri. Ordumuz məmləkətimizin gözlərinin nurudu, dizlərinin taqətidi, ürəyinin təpəridi. Məmləkətimizdə “Ordum - qürurum, qürurum - ordum” deyimi sənə görə yaranıb. Ordu əsgər deməkdi. Sizin hər birinizi hər birimiz ordu qüdrətilə sevirik. Bu sevgi yerə-göyə sığan sevgi deyil. Bu sevgidə yaşada-yaşada yaşatmaq qüdrəti var. Sən bu qüdrətin də əsgərisən, Azərbaycan əsgəri!

2016-cı ilin aprel döyüşlərində sələflərin bir tarix yazdı - böyük qələbələr qazandı. Məmləkətimiz bu qələbələrin Ali Baş Komandanın əmriylə başlayacaq son döyüşü Böyük Qələbəylə tamamalanacağına inanır. Bu dönməz inamın Azərbaycan Ordusunun qüdrət simvollarından biri olduğunu hamı etiraf edir. Bu etirafa sənin döyüş və mənəvi-psixoloji hazırlığına etimad, etimadla bir sırada etibar, etibar biçimli sevgi demək suç deyil. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ilin aprelində qazanılan zəfəri “Bu, qələbə dərsliklərə salınmalıdır” - kimi dəyərləndirib. Yaxın vaxtlarda sizin qazanacağınız Böyük Qələbə haqqında da belə kəlam eşidəcəyik.

Bu gözəl düşüncələrinə görə Sahibə necə təşəkkür etməyə bilərdim?..

Səninlə hər görüşü ömrümə yazılan dəqiqələr bilmişəm. Ön xətdə, səngərlərdə sənin dediklərini, səndən eşitdiklərimi işıqlı düşüncələrinin təsdiqi bilmişəm. “Səngərləri sərhədlərə köçürəcəyik!”  - sənin düşüncələrinin qətiyyətidi, “Sənin üçün hər birimiz Mübarizik, Ana Vətən!” - kəlmələri sənin hərbi xidmətinin mahiyyətidi, “Səni yaşatmaq üçün qoruyuruq, Ana torpaq!” - etirafı sənin düşüncələrinin müqayisəyəgəlməz səmimiyyətidi...

Ötən dəfə söhbətləşəndə söz sözü çəkmişdi, “Vətən səngərdən sərhəd bütövlüyü ilə görünür” - demişdin. Baxışların baxışlarımdan üzülüb üzaqlara - səngərlərin o üzünə yayılmışdı. “Yaxın vaxtlarda sərhədlərimizin daxilində səngər qalmayacaq. Biz də var səsimizlə “İşğalın sonuna az qalıb, Vətən!” - deyənlərin sırasındayıq!” - demişdin. Düşüncələrinin nuru bu gözəl, bu şirin etirafı elə ecazkarlıqla işıqlandırmışdı ki!...

Yazda Lələtəpədə mükalimələşirdik, necə deyərlər, mətləb alıb mətləb verirdik. Zəlimxan Yaqub demişkən, ömrümüzə yazılan dəqiqələriydi. Onda əsgər yoldaşlarından biri “Lələtəpə” kitabından söz salmışdı. Sən poemanın son misralarını sevgilərlə demişdin: Şuşaya aparan yollar görünür...

Onda düşünmüşdüm ki, görmüşdüm ki, hamınızın ürəyi döyüşə, Böyük Qələbəyə köklənib. Onda hamımız ulu bir niyyətlə qarşı tərəfə, Şuşaya aparacaq yollara baxmışdıq; məmləkətin gözləri o yollardadı, Azərbaycan əsgəri. O yolların sonunda kəlmələşəcəyimiz günə az qalıb...

... Nə gözəl düşünürsən, Azərbaycan əsgəri! Ön xətdə səngərlərin o üzünə sənin düşüncələrinin işığından baxırıq. Yusiflərin, Vəzirlərin, Tofiqlərin, Etibarların, Rasimlərin, Mübarizlərin, Raqufların, Samidlərin, ... döyüş yolunu qələbəylə sən tamamlayacaqsan. Sən qalib gələcəksən, Azərbaycan əsgəri! Sən azərbaycançılığın əsgərisən!

? Rəşid Faxralı