26 aprel 2019 10:17
131

Nazirliyin xəbərdarlıq etdiyi restoranlar təmizliyə başladı

İradə İbrahimova: Bundan sonra da lazımi və sərt tədbirlər görüləcək

Bakıda toy, nişan, ad günü və digər şənliklərin keçirilməsi üçün nəzərdə tutulan iaşə obyektlərinin sayı xeyli dərəcədə çoxdur. Bu, müəyyən prizmadan müsbət hal olsa da, mənfi cəhətləri də az deyil. Müsbət tərəfi odur ki, şadlıq evlərinin çox olması bu sahədə rəqabəti artırır, iş yerləri çoxalır, dövlət büdcəsinə daha çox vergi daxil olur və sair. Lakin mənfi cəhətlər son zamanlar daha çox ön plana çıxmağa başlayıb. Yəqin hər kəs Bakıda əksər şadlıq evlərinin toya gələn qonaqların avtomobillərini saxlamaq üçün xüsusi dayanacağın olmaması ilə razılaşar. Bəli, bu çox ciddi məsələdir, çünki dayanacağı olmayan obyektlərin qarşısında yaranan tıxaclardan hər kəs məlumatlıdır. Nə isə, bu yazıda mövzumuz tıxaclar deyil, ekologiyanın, yəni havanın belə restoranlar tərəfindən acımasızca çirkləndirilməsidir.

Vəziyyətin dözülməz həddə çatması təbii olaraq dövlət tərəfindən son zamanlar paytaxt ərazisindəki restoranların fəaliyyətinə ciddi nəzarəti vacib edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) restoranların havanı çirkləndirməsinə qarşı sərt mübarizəyə başlayıb.  Belə ki, ETSN tərəfindən bir müddət öncə Bakı, Sumqayıt, Gəncə və Abşeron yarımadasında müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən iaşə obyektləri, atmosferə atılan tullantılarla bağlı monitorinqlər aparılıb. Aparılan monitorinq zamanı atmosferi çirkləndirən iaşə obyektlərinin adları ictimaiyyətə açıqlanıb.  Bəzi restoranlar ETSN-in məlum xəbərdarlığına əməl etsələr də, bir qismi hələ də tələb olunan qurğunu quraşdırmayıb.

Nazirliyin aparat rəhbəri Vüqar Kərimov monitorinqlərin nəticələri ilə bağlı açıqlamasında qeyd edib ki, havaya atılan tullantıların qarşısının alınması üçün qurğular quraşdırmayan iaşə obyektinin fəaliyyəti dayandırıla bilər: “Bir müddət əvvəl nazirlik 470 obyektdə monitorinq keçirib və 455 obyektdə təmizləyici qurğu quraşdırıldığı məlum olub. Aprel ayında isə həmin qurğular quraşdırılan obyektlərdə vəziyyəti öyrənmək üçün Bakı və Sumqayıtda 107 ictimai iaşə obyektində yoxlama keçirilib. Monitorinq zamanı 22 obyektdə təmizləyici qurğular quraşdırılsa da, qurğulara nəzarət olunmadığından atmosferə həddindən artıq tullantıların atılması faktı aşkarlanıb. Biz həmin obyektlərə icrası məcburi göstərişlər vermişik. Bunlar “İmperator”, “Oazis”, “Sonalar Sonası”, “Cratos”, “Madona, “Meridian”, “Su səsi”, “Dan Ulduzu”, “Hissa”, “Şahzadə”, “Kremlin Hall”, “Qızıl tac”, “Elit Eventis Hall”, “Xarı bülbül, “Gold Palase”, “Piano” və “Kolizey” şadlıq sarayları, “Sandıq”, “ Qızıl qaya”, “İstanbul”, “Quzu qabırğası” və “Şəki” restoranlarıdır”.

V. Kərimovun sözlərinə görə, göstərişə əməl etməyən obyektlərin fəaliyyətinin dayandırılması üçün müvafiq addımlar atılacaq.

Ekologiya məsələləri üzrə ekspert Telman Zeynalov qəzetimizə açıqlamasında bildirdi ki, dəfələrlə edilən xəbərdarlığa əməl etməyən iaşə obyektlərinin bağlanması ilə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırılmalıdır: “Atmosferə atılan zərərə görə ilk dəfə xəbərdarlıq olunur, sonra isə qanunvericiliyə uyğun olaraq cərimə nəzərdə tutulur, daha sonra həmin müəssisənin fəaliyyəti dayandırıla bilər. Yaxşı olardı ki, belə hallarda cərimənin miqdarı artırılsın, daha sərt tədbirlər görülsün”.

Biz də öz növbəmizdə yuxarıda adı qeyd edilən restoranlardan “Sonalar Sonası” şadlıq evi ilə əlaqə saxlayaraq münasibətlərini öyrəndik. Restoranın administiratoru Cavid Hüseynov restoranda qurğunun olduğunu bildirdi: “Bizdə avadanlıq var, Nazirliyin xəbərdarlığından sonra təmizlik də etmişik. Firma ilə yeni müqavilə bağladıq, bundan sonra ayda bir dəfə olmaqla təmizlik işləri həyata keçirəcəyik”.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova qəzetimizə açıqlamasında bildirdi ki, müəyyən restoranlar xəbərdarlıqdan sonra filtrləri dəyişdirib: “Monitorinqlər zamanı bir sıra obyektlərdə qurğulara davamlı texniki xidmət göstərilmədiyi, filtrlərin vaxtaşırı təmizlənmədiyi aşkar olunduğu üçün onlara xəbərdarlıq olunub. Yəqin ki, sahibkarlar bu xəbərdarlıqdan nəticə çıxararaq işlərini qanunun tələbinə uyğunlaşdıracaqlar. Biz heç bir restoranın işinə maneə yaratmaq istəmirik, sadəcə olaraq havanın çirklənməsi üçün restoranlarda qurğu quraşdırmaq və onları vaxtaşırı təmizləmək lazımdır”.

ETSN rəsmisi onu da bildirdi ki, təmizləyici qurğuların quraşdırılması ilə iş bitmir, bundan sonra da qurğulara davamlı texniki xidmət göstərilməli, filtrlər vaxtaşırı dəyişdirilməli, verilən göstərişlər yerinə yetirilməlidir. Ümumiyyətlə, havanı çirkləndirən amillərə qarşı ciddi mübarizə aparılması qarşımıza mühüm vəzifə kimi qoyulub və bundan sonra da, bu istiqamətdə Nazirlik tərəfindən lazımi və sərt tədbirlər görüləcək.

Sonda inanırıq ki, Nazirliyin bu xəbərdarlığından sonra digər restoranlar da tələb olunan qanunlar çərçivəsində fəaliyyət göstərərək ətraf mühitin təmizliyinə biganə qalmayacaqlar. 

Taleh Bağırov, “İki sahil”