11 iyul 2019 12:26
66

Nazirlik: Taxıl sahələrinin 92,1 faizində biçin başa çatıb

Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1 milyon 15 min 737 hektar sahədə taxıl əkini aparılıb. Bunun 673 min 696,8 hektarı buğda, 342 min 39,8 hektarı isə arpa sahəsidir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, iyulun 11-nə olan operativ məlumata görə, ölkə ərazisində 935 min 973 hektar ərazidə taxıl biçini aparılıb, 335 min 127 hektar sahədə arpa, 600 min 846 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 2 milyon 958 min 747 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,6 sentner təşkil edir.

Ağdam, Bərdə, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Göyçay, Neftçala, Ağcabədi və Balakəndə taxıl biçini başa çatıb. Ağdaş, Kürdəmir, Tərtər və Füzuli rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Cəlilabad ərazisində arpa əkilmiş 4509 hektar sahə, buğda əkilmiş 54 min 908 hektar zəminin 50 min 982 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 35,2 s/ha, buğda üzrə məhsuldarlıq 37,1 s/ha təşkil edir.

Füzuli ərazisində arpa əkilmiş 8505 hektar sahə və buğda əkilmiş 28 min 459 hektar zəminin 27 min 859 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 29,0 s/ha, buğda üzrə məhsuldarlıq isə 31,6 s/ha təşkil edir.

Ağdaş, Beyləqan, Tərtər, Qəbələ və Qax rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə olunub.