25 may 2019 19:19
291

Nazir: Repressiyaya məruz qalanların sırasında böyük ədiblərin, şəxsiyyətlərin, ziyalıların adları daha çoxdur

Hər bir xalqın tarixində qələbələr, yüksək zirvələr, böyük çətinliklər və faciələr var. Heç də hər muzey, hər məkan yalnız qəhrəmanlıq nümunələri əks etdirməməlidir.

Trend-in məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətində “Siyasi qurbanların xatirəsi muzeyi”nin açılış tədbirində çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqının faciəsi ondan ibarət idi ki, onun daim böyük, yaradıcı, çox böyük fəlsəfə daşıyan insanlarının sayı çox idi. Totalitarizm rejiminin sıx çərçivəsi içində onların yaşaması həm bu rejimin ideologiyasına, həm də onların mənəviyyatına uyğun gəlmirdi və sığışmırdı:

“Odur ki, mən bu faciə, bu repressiyaya məruz qalmış insanların sırasında böyük ədiblərin, böyük şəxsiyyətlərin, böyük ziyalıların adları daha çox üstünlük təşkil edir. Hər bir dövlətin bacarığı və qüdrəti ondan ibarətdir ki, öz keçmişinə baxıb, onun layiqli xatirəsinə ləyaqətlə yanaşsın, qiymət versin, eyni zamanda öz faciələrini etiraf etməyə özündə güc tapsın. Ulu Öndər Heydər Əliyevin gücü və böyüklüyü məhz ondan ibarət idi ki, o, bütün öz keçdiyi yola nəzər salaraq, bu faciənin dərinliyini çox yaxşı bilirdi. O, özündə güc tapıb, dövlət rəhbəri işləyərkən maksimum çalışdı ki, bu vaxtı ilə tariximizdən, yaddaşımızdan silinmiş adlar xalqımıza qayıtsın və yenə də ulduz kimi parlaq işıq salsınlar. Hüseyn Cavidin cəsədinin uzaq Sibirdən Azərbaycana, Naxçıvana gətirilməsi, onun məqbərəsinin açılışında şəxsən onun iştirakı və dediyi sözlər buna əyani sübutdur”.