05 avqust 2020 20:13
636

Naxçıvanın mətbuat işçiləri ilk altı ayın nəticələrini müzakirə ediblər

Muxtar respublikada aparılan quruculuq tədbirləri kütləvi informasiya vasitələrini də əhatə edib. Bu gün muxtar respublikanın paytaxtının və hər bir rayonun özünün yüksək poliqrafik keyfiyyətlə çap olunan, dövriliyi təmin edilən və müasir iş şəraiti yaradılan mətbuat orqanı vardır.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər “Şərq qapısı” qəzetində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasından irəli gələn vəzifələr, 2020-ci ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən iclasda səsləndirilib.

Tədbirdə “Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova çıxış edərək bildirib ki, bu ilin 6 ayında “Şərq qapısı” qəzetinin 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı statistik məlumatlardan bəhs edən 12 səhifəlik bir nömrə də daxil olmaqla, 101 nömrəsi işıq üzü görüb. Qəzetdə muxtar respublikada gedən quruculuq və abadlıq işləri, müasir infrastrukturun yaradılması, iqtisadi-sosial və humanitar sahədə görülən tədbirlərlə bağlı, etnoqrafiyamızın və milli dəyərlərimizin, tariximizin, dövlət gənclər və idman siyasətinin, turizm potensialının təbliğinə həsr olunmuş materiallar dərc olunub.

Hesabat dövründə qəzet fəaliyyətini Ali Məclis Sədrinin müasir jurnalistikanın qarşısında duran tələblərlə əlaqədar verdiyi tövsiyə və tapşırıqlar əsasında qurmağa çalışıb, 2020-ci il üçün müəyyən olunmuş iş planının uğurla həyata keçirilməsinə səy göstərilib.

Mehriban Sultanova diqqətə çatdırıb ki, hesabat dövründə nəzərdə tutulan ənənəvi rubrikalarla yanaşı, yanvar ayından etibarən Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan olunması, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin isə Naxçıvan Muxtar Respublikasında 2020-ci ilin “İxrac ili” elan edilməsi, bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamlarının icrası ilə əlaqədar müvafiq rubrikalar yaradılıb, bu rubrikalar altında materialların dərc olunması müntəzəm davam etdirilib. “İxrac ili”ndə ixrac potensialının yüksəldilməsi istiqamətində görülən işlərlə bağlı 30-dan, dövlət proqramlarının icrası ilə bağlı 20-dən artıq məqalə, müxtəlif əlamətdar tarixi günlərlə bağlı 34 tematik material işıq üzü görüb. Kənar müəlliflərlə, muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətləri ilə səmərəli əməkdaşlıq davam etdirilib, kənar müəlliflərin 100-dən çox məqaləsi, mətbuat xidmətlərinin isə 500-ə yaxın materialı dərc olunub.

Qeyd edilib ki, qəzet “Naxçıvan dünən və bu gün” rubrikasında materialların, “Oxucu məktubları” rubrikası altında redaksiyaya ünvanlanan yeni oxucu məktublarının dərcini diqqətdə saxlayıb.

Hesabat dövründə qəzet əməkdaşlarının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan Milli Mətbuatının 145 illiyi münasibətilə keçirdiyi yaradıcılıq müsabiqəsinə təqdim edilmək üçün 6 məqaləsi dərc olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun müşahidə şurası üzvlərinin 7 məqaləsi dərc edilib.

Vurğulanıb ki, “Şərq qapısı” qəzetində dərc olunan, tarixi əhəmiyyətli tədqiqatlar, jurnalist araşdırmaları xarici kütləvi informasiya vasitələri tərəfindən də böyük maraqla qarşılanır, dünya mediasının gündəmində yer alır. Cari ilin 6 ayı ərzində www.serqqapisi.az  saytında 3000-ə yaxın material yerləşdirilib, sayta 112 mindən çox baxış olub.

Mehriban Sultanova çıxışının sonunda altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Muxtar respublikanın kütləvi informasiya vasitələrində informasiya-məlumatlandırma işinin keyfiyyəti artırılmalı, tarixi-mədəni irsimiz, milli dəyərlərimiz, adət-ənənələrimiz və Naxçıvanın müasir inkişafı geniş təbliğ olunmalıdır” sözlərini xatırladaraq bildirib ki, “Şərq qapısı” qəzeti fəaliyyətində bu prinsipləri rəhbər tutaraq muxtar respublikanın qədim və zəngin tarixinin, müasir sosial-iqtisadi inkişafının, milli-mənəvi dəyərlərinin, zəngin turizm potensialının, elm, təhsil, mədəniyyət və digər sahələrdə qazandığı uğurlarının fəal təbliğatçısı olacaq, dövrümüzün mətbu salnaməsinin yazılmasında əzmkarlıqla çalışacaq. Baş redaktor muxtar respublikada jurnalistikanın, xüsusilə də mətbuatın inkişafına yaradılan hərtərəfli şəraitə, göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə kollektiv adından dərin minnətdarlığını bildirib.

Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov çıxış edərək diqqətə çatdırıb ki, yaradılan şəraitin, mətbuata göstərilən dövlət qayğısının nəticəsində cari ilin ilk 6 ayı ərzində muxtar respublikanın kütləvi informasiya vasitələri diyarımızın sosial-iqtisadi inkişafında, milli dəyərlərin yaşadılmasında, Naxçıvan həqiqətlərinin dünyaya çatdırılmasında, Naxçıvanın bir turizm məkanı kimi tanıdılmasında, müasir informasiya cəmiyyəti quruculuğunda, vətəndaşların informasiyaya olan tələbatının ödənilməsində fəal iştirak ediblər.

Rövşən Hüseynov deyib ki, Ali Məclis Sədrinin yüksək diqqət və qayğısı ilə mətbuat ictimai nəzarətçi kimi də fəaliyyətini gücləndirib. Bu gün muxtar respublikada elektron medianın inkişafı sahəsində mühüm tədbirlər görülür, gənc jurnalist kadrların hazırlanmasına xüsusi diqqət yetirilir, mətbuat orqanlarında çalışan əməkdaşların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Ali Məclis Sədrinin qarşıya qoyduğu vəzifələrin icrası dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında informasiya siyasətinin həyata keçirilməsində yeni mərhələnin əsasını qoyub. İyulun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Milli Mətbuatının 145 illiyi münasibətilə keçirilən tədbirdə Ali Məclis Sədrinin “Muxtar respublikanın mətbuat işçiləri ilə fəxr edirəm”, – deyə bildirməsi muxtar respublikada mətbuatın inkişafına, onun formalaşmasında əməyi, fəaliyyəti olan jurnalistlərə göstərilən diqqətin bariz nümunəsidir.

Tədbirdə “Şərq qapısı” qəzetinin baş redaktor müavini, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Mətanət Məmmədovanın, “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədovun, gənc jurnalist Güntac Şahməmmədlinin çıxışları dinlənilib.