09 oktyabr 2019 13:40
91

Naxçıvanın iki əsrə yaxın gömrük təcrübəsi - Culfa Gömrük İdarəsi ötən 190 ildə

Şərqlə Qərbin qovuşuğunda, tarixi ticarət yollarının üzərində yerləşən Naxçıvanın iqtisadi həyatında tarixən Culfa şəhərinin mühüm rolu olub. Vaxtilə İrandan Gürcüstana, Şirvana və Dağıstana gedən karvan yolları Culfadan keçib, bu şəhər orta əsrlərdə dünya ipək ticarətinin mərkəzlərindən sayılıb. Tarixi sənədlərdə göstərilir ki, XVI əsrin II yarısında Culfa tacirləri Venesiya, Marsel, Amsterdam kimi Avropanın böyük sənaye və ticarət mərkəzləri ilə geniş əlaqələr qurublar. Səfəvi şahı I Təhmasib tərəfindən Culfa tacirlərinə xarici ölkələrlə ipək ticarəti üçün inhisar hüququ verilib, ticarət hüququ əldə etmiş tacirlər Avropa ölkələri ilə münasibətlərdə şahın xüsusi nümayəndəsi kimi çıxış ediblər.

1829-cu ildən etibarən Culfa şəhəri ərazisində – Araz çayı üzərindəki gediş-gəliş körpüsündə gömrük nəzarəti təşkil olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatında qeyd olunur ki, “Gülüstan” və “Türkmənçay” sülh müqavilələrindən sonra, 1829-cu ildən etibarən Culfa şəhəri ərazisində – Araz çayı üzərindəki gediş-gəliş körpüsündə Rusiya və İran tərəfindən gömrük nəzarəti təşkil edilib. Culfa Gömrük İdarəsinin əsası məhz həmin ildə qoyulub.

1831-ci il iyun ayının 3-də Rusiya Senatı tərəfindən qəbul edilən “Cənubi Qafqaz ölkəsində ticarət və gömrük işlərinin təşkili haqqında” Əsasnaməyə uyğun olaraq Azərbaycan ərazisində gömrük sahələri, o cümlədən Naxçıvan gömrük sahəsi yaradılıb, Xarici Ticarət Departamentinin 1 sentyabr 1831-ci il tarixli əmri ilə Azərbaycan ərazisində fəaliyyət göstərən gömrük orqanları Zaqafqaziya Gömrük Dairəsinə tabe edilib. Qafqaz canişini Aleksandr Baryatinski tərəfindən 31 mart 1861-ci ildə təsdiq edilmiş “Qafqaz və Zaqafqaziyada Karantin-Gömrük Hissəsinin yenidən təşkili və idarə edilməsi barədə Əsasnamə”nin 4-cü paraqrafına görə, Mehridən İran sərhədinin qurtaracağına və Osmanlı imperiyası ilə sərhəd olan Ağrı dağına qədərki məntəqələr Naxçıvan gömrükxanasının ixtiyarına verilib. Naxçıvan Karantin-Gömrük Kontoru 1885-ci ildə Culfa şəhərinə köçürülüb və ötən əsrin 20-ci illərinə qədər orada fəaliyyət göstərib.

Culfa dəmiryol qovşağı Araz-Türk Cümhuriyyəti dövründə İranla iqtisadi-mədəni əlaqələrdə müstəsna əhəmiyyət kəsb edib

1908-ci ildən Culfa dəmiryol qovşağının Zaqafqaziya dəmir yolları şəbəkəsinə qoşulması nəticəsində Rusiya ilə İran arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb. 1915-ci ildə Culfadan Təbrizə ilk dəmir yolu çəkilib, Naxçıvan dəmir yolu ticarətində mühüm mərkəzə çevrilib. Dəmir yolunun çəkilişindən sonra ticarət dövriyyəsi və iş həcmi artdığından Rusiya Maliyyə Nazirliyinin Gömrük Yığımları Departamentinin icazəsi ilə Culfa gömrükxanasına yeni bina tikilib.

Naxçıvanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamış Kəngərlilər nəslinin nümayəndələri, o cümlədən Əsgər ağa Kəngərli, Əmirsuvar bəy Kəngərli, Baxşəli ağa Şahtaxtinski, Naxçıvan Vilayət Komitəsinin İşlər müdiri olmuş Nəcəfqulu Nəcəfov, molla nəsrəddinçi Rzaqulu Nəcəfov müxtəlif illərdə Culfa gömrükxanasında xidmət etmişdilər.

XIX əsrin 40-cı illərində Culfa gömrükxanası vasitəsilə İrandan Rusiyaya il ərzində 1200-1300 gümüş manat həcmində ticarət edildiyi halda, XX əsrin əvvəllərində bu ölkələr arasında mal dövriyyəsi 800 min manata yaxın olub, Birinci Dünya müharibəsindən əvvəlki illərdə isə 7 milyon manata çatıb. İrəvan quberniyasının 1914-cü ilə aid icmalında qeyd olunur ki, həmin il İrandan gətirilən malların 84,7 faizi Culfa gömrükxanasının payına düşüb.

Bu gömrükxana Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvanda qurulmuş Araz-Türk Cümhuriyyəti dövründə də fəaliyyətini davam etdirib, İranla iqtisadi-mədəni əlaqələrdə müstəsna əhəmiyyət kəsb edib.

Azərbaycan ərazisində birinci dərəcəli 3 gömrükxanadan biri

1920-ci ildən sonra sovet respublikalarının sərhədindəki gömrük məntəqələrinin ləğv edilməsi prosesi başlanılsa da, İranla geniş sərhəd xəttinə malik Naxçıvanda gömrük xidmətinin fəaliyyətinə diqqət artırılıb. Naxçıvan ərazisindəki gömrük orqanlarının işinin vahid mərkəzdən idarə olunmasını təmin etmək məqsədilə Naxçıvan İnqilab Komitəsinin 1920-ci il 22 dekabr tarixli Qərarı ilə Naxçıvan Rayon Gömrük İdarəsi yaradılıb. SSRİ Xarici Ticarət Xalq Komissarlığı tərəfindən 1925-ci il yanvarın 2-da təsdiq olunmuş Zaqafqaziya SFSR-dəki gömrük təşkilatlarının siyahısına nəzər saldıqda görürük ki, Azərbaycan ərazisində birinci dərəcəli 3 gömrükxana fəaliyyət göstərib. Onlardan biri də Culfa gömrükxanası olub. Həmin dövrdə İrəvan və Mehri gömrükxanaları Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ərazisindəki Culfa Gömrük İdarəsinə tabe idi.

1925-ci ildən başlayaraq Avropadan Batumiyə gətirilən malların tranziti üçün vahid lisenziya əsasında çox aşağı tariflər tətbiq olunub. Poti limanından dəmir yolu ilə Bakıya gətirilən mallar Culfadan keçməklə İrana daşınıb. Culfada SSRİ Xarici Ticarət Komissarlığının “Raznoeksport” adlı ümumittifaq ixrac-idxal birliyinin qəbul məntəqəsi, İranla ticarət əməliyyatlarında mühüm rola malik olan “Eksportxleb” adlı ümumittifaq birliyinin agentliyi fəaliyyət göstərib. Sovet respublikaları ərazisindən quru yolu ilə daşınan mallar da İran bazarına Culfa gömrükxanasından keçməklə daxil olub.

Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Şurasının 1928-ci il 19 dekabr tarixli Qərarı ilə Culfa gömrükxanasının səlahiyyətinə sərhədi keçən sərnişinlərin, baqajların, yüklərin və nəqliyyat vasitələrinin müayinəsi və onların buraxılması, xarici ticarət inhisarçılığı haqqında qanunun yerinə yetirilməsinə faktiki nəzarət, qaçaqmalçılığın müəyyən edilməsi və tutulması, qaçaqmalçılıq barədə işlərin həll edilməsi, yük və sərnişinlərin dövlət sərhədini keçdiyi anda gömrük rüsum və yığımlarının hesablanması və tutulması kimi vəzifələr aid edilib. Culfa gömrükxanasında İrandan qəbul edilən və həmin ölkəyə yola salınan tranzit yüklərə gömrük baxışının sürətləndirilməsi sahəsində görülən tədbirlər mərkəzi aparatın diqqətini cəlb edib. Zaqafqaziya Gömrük İdarəsi tərəfindən 1927-ci il sentyabrın 29-da yerli gömrük orqanlarına göndərilən məktubda Culfa gömrükxanasında əldə edilən müsbət təcrübədən istifadə edilməsi tövsiyə olunub.

1930-cu illərdə tranzit yüklərin 74 faizi Culfa gömrükxanasında keçirilib

1930-cu illərdə Azərbaycan sərhədlərindən keçməklə İrandan üçüncü ölkələrə göndərilən tranzit yüklərin 74 faizi Culfa gömrükxanasında qeydiyyata alınaraq Batumi limanına göndərilib. 1935-ci il avqustun 13-də SSRİ ilə İran arasında ticarət müqaviləsinin imzalanması iqtisadi-ticarət əlaqələrinin həcminin artmasına səbəb olub.

1940-cı ildə Tehranla Təbriz şəhərləri arasında dəmir yolu əlaqəsinin yaradılması, Bakı-Culfa dəmir yolu xəttinin tikintisinin başa çatdırılması, 1941-ci ildə Culfa-Mincivan və Osmanlı-Astara dəmir yolu xətlərinin istismara verilməsi ilə yük və sərnişin daşımaları daha da artıb. İkinci Dünya müharibəsi illərində həyati əhəmiyyət daşıyan yüklər, o cümlədən müttəfiq dövlətlərdən daxil olan hərbi və humanitar yardımların əsas hissəsi bu gömrük orqanında yoxlanılıb və rəsmiləşdirilib. Müharibədən sonrakı illərdə də Culfa gömrükxanası xarici ticarət dövriyyəsində və tranzitdə öz əhəmiyyətli mövqeyini qoruyub saxlayıb.

Heydər Əliyev 1970-ci ildən etibarən milli kadrları Culfa gömrükxanasında yüksək vəzifələrə irəli çəkib

Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra xarici ticarət əlaqələrinin genişləndirilməsi, gömrük nəzarəti və dövlət sərhədinin mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Ulu Öndər 1970-1980-ci illərdə böyük uzaqgörənliklə Azərbaycanda gömrük işinin inkişafına, bu sahədə ixtisaslı milli kadrların hazırlanmasına diqqətlə yanaşıb, milli kadrlar SSRİ-nin müxtəlif ali təhsil ocaqlarına oxumağa göndərilib. Dahi rəhbər Heydər Əliyev 1980-ci ildə Azərbaycanın bütün cənub dövlət sərhədi boyu yerləşən sərhəd və gömrük-buraxılış məntəqələrinə səfəri çərçivəsində Culfa gömrükxanasının əməkdaşları ilə də görüşüb. Arxiv sənədləri ilə tanışlıq zamanı aydın olub ki, istər çar Rusiyası, istərsə də Sovet imperiyası dövründə digər gömrük orqanlarımız kimi, Culfa gömrükxanasında da əsas vəzifələrdə azərbaycanlıların xidmət etməsinə imkan verilməyib, mərkəz tərəfindən hər vəchlə yerli peşəkar kadrların yetişməsinin qarşısı alınıb. 1970-ci ildən başlayaraq azərbaycanlı məmurlar Culfa gömrükxanasında yüksək vəzifələrə irəli çəkiliblər.

Culfa gömrük sərhəd-buraxılış məntəqəsi blokada vəziyyətində yaşayan Naxçıvan üçün mühüm əhəmiyyət kəsb edir

190 yaşlı Culfa sərhəd-keçid məntəqəsi əsl inkişaf dövrünü məhz Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən və ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə inkişaf və tərəqqi yoluna qədəm qoyduqdan sonra yaşayıb. Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəlləri Azərbaycan, xüsusən də Naxçıvan üçün son dərəcə ağır və məşəqqətli dövr kimi tarixə düşüb. Mənfur Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində blokada vəziyyətinə düşərək məhv olmaq təhlükəsi ilə üz-üzə qalan bu qədim yurd yerinin xilası ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində mümkün olub.

1991-ci ilin oktyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin şəxsi təşəbbüsü və qətiyyəti sayəsində İran İslam Respublikası ilə əldə olunmuş razılığa əsasən bu ölkənin ərazisindən keçməklə Azərbaycan Respublikasının əsas ərazi vahidi ilə əlaqə yaradılıb. Culfa gömrük sərhəd-buraxılış məntəqəsi blokada vəziyyətində yaşayan Naxçıvan üçün Azərbaycanın əsas ərazi vahidinə açılan rəmzi qapıya çevrilib.

1993-cü ildə Culfa rayonu ərazisində Azərbaycan-İran müştərək bazarının açılması ilə Culfa gömrük sərhəd-buraxılış məntəqəsinin muxtar respublikanın sosial-iqtisadi inkişafındakı rolu artıb, bu gömrük orqanının xidmətindən istifadə edən vətəndaşların sayı çoxalıb.

Azərbaycanın ən qədim gömrük orqanı bu gün dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub

Azərbaycanın ən qədim gömrük orqanlarından olan Culfa Gömrük İdarəsi daim dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. 2007-ci ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun iştirakı ilə Culfa gömrük sərhəd-buraxılış məntəqəsi üçün yeni kompleks istifadəyə verilib, yüksək iş və xidmət şəraiti yaradılıb. İnzibati bina ilə sərhəd-keçid məntəqəsinin vahid kompleks halında inşa olunması nəticəsində idarəetmə təkmilləşdirilib. Sərnişinlər üçün giriş-çıxış zalları, yük xətti, platforma və anbar binaları müasir formada qurulub, Naxçıvandan Bakıya və əks-istiqamətdə hərəkət edən sərnişin avtobuslarının və minik nəqliyyat vasitələrinin qeydiyyatı və gömrük baxışı üçün ayrıca xətt formalaşdırılıb. Sonrakı illərdə gömrük infrastrukturunun yenilənməsi üçün işlər görülüb, maddi-texniki baza daha da möhkəmləndirilib. Gömrük sahəsində hüquqpozmalara qarşı daha səmərəli mübarizə aparılmasına nail olmaqdan ötrü ən müasir texniki nəzarət vasitələri, o cümlədən əl yüklərinin və avtonəqliyyat vasitələrinin yoxlanılması üçün rentgen-nəzarət qurğuları, şübhəli şəxslərin müayinəsi üçün “body-scan” alınıb quraşdırılıb, kinoloji xidmətin fəaliyyəti təmin olunub.

Muxtar respublikamızın digər gömrük orqanları kimi, Culfa gömrük sərhəd-buraxılış məntəqəsində də iş prosesi “bir pəncərə” prinsipi əsasında tamamilə avtomatlaşdırılıb, avtonəqliyyat vasitələrinin sürətli keçidinin təmin olunması üçün “Sərhədkeçmə vaxtının ölçülməsi sistemi”, yoluxucu xəstəliklərin qarşısının alınması üçün dezinfeksiya baryeri və radiasiya əleyhinə qurğular quraşdırılıb. Culfa gömrük sərhəd-buraxılış məntəqəsinin ərazisində rüsumsuz ticarət mağazasının da fəaliyyəti təmin olunub.

Muxtar respublikanın xarici ticarət əlaqələrində Araz çayı üzərindəki Culfa-Culfa körpüsünün müstəsna rolu və əhəmiyyəti nəzərə alınaraq yeni körpü tikilib və 2011-ci ilin iyun ayında istifadəyə verilib.

Bu gün muxtar respublikanın iqtisadi və milli təhlükəsizliyinin qorunmasında Culfa gömrük sərhəd-buraxılış məntəqəsinin xüsusi rolu var

Bu gün muxtar respublikamızın iqtisadi və milli təhlükəsizliyinin qorunmasında, qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma hallarına qarşı mübarizədə, ticarət və tranzitin artmasında, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan Respublikasının əsas ərazi vahidi arasında yük və sərnişin dövriyyəsinin həyata keçirilməsində Culfa gömrük sərhəd-buraxılış məntəqəsinin xüsusi rolu var. Muxtar respublikamızın İran İslam Respublikası ilə yanaşı, Çin, Birləşmiş Ərəb Əmirlikləri və digər Asiya ölkələri ilə ticarət əlaqələri də 24 saatlıq iş rejimində fəaliyyət göstərən bu gömrük orqanı vasitəsilə aparılır.

190 illik tarixə malik olan Culfa Gömrük İdarəsi müstəqil ölkənin milli gömrük orqanı kimi özünün əsl inkişaf və tərəqqi dövrünü yaşayır. Dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunan bu sərhəd-keçid məntəqəsi Azərbaycanın ən qocaman gömrük orqanlarından biri kimi həm də Naxçıvanın son ikiəsrlik tarixini yaşadır.

AZƏRTAC –ın Naxçıvan bürosu