03 sentyabr 2019 14:52
312

Naxçıvanda Xalq artisti Çingiz Axundovun 60 illik yubileyi qeyd olunub

Naxçıvan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının Xalq artisti, Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin bədii rəhbər-dirijoru Çingiz Axundovun 60 illik yubileyi qeyd olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək, mədəniyyətimizin və incəsənətimizin inkişafına göstərilən dövlət qayğısından danışıb.

Diqqətə çatdırılıb ki, tanınmış sənətkar Çingiz Axundov konsert proqramlarındakı mahir dirijorluğu ilə musiqisevərlərin rəğbətini qazanıb. Əvvəlcə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında və Azərbaycan Dövlət Filarmoniyasında çalışan dirijor 1985-ci ildən sənət fəaliyyətini Naxçıvan Dövlət Filarmoniyası ilə bağlayıb. Çingiz Axundova nəfəs alətləri üçün işlədiyi metodik vəsaitlərə və dərsliyə görə dosent elmi adı verilib. O, “Koroğlu” operasının kompozisiyasını hazırlayıb, “Leyli və Məcnun” operasının kompozisiyasının hazırlanması və təqdimatında fəal iştirak edib.

“Bu gün Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri Çingiz Axundovun bədii rəhbər-dirijorluğu ilə təkcə muxtar respublikada deyil, ölkəmizin musiqi kollektivləri içərisində də tanınmaqdadır”, – deyən nazir vurğulayıb ki, Çingiz Axundovun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 2006-cı ildə Naxçıvan Muxtar Respublikasının, 2007-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artisti”, 2009-cu ildə isə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarına layiq görülüb.

Mədəniyyət naziri Çingiz Axundovu yubiley münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayıb.

Tədbirdə yubilyarın sənət dostları çıxış edərək ürək sözlərini bildiriblər.

Sonra Çingiz Axundov əməyinə və yaradıcılığına yüksək qiymət verildiyi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını ifadə edib, bundan sonra da musiqi mədəniyyətimizin inkişafı üçün çalışacağını deyib.

Sonda Naxçıvan Dövlət Filarmoniyasının Simli Kvartetinin ifasında musiqi nömrələri səsləndirilib.