26 fevral 2020 14:00
1558

Naxçıvan üçün tarixi addım: Yeni qaz və tranzit dəmir yolu xətləri

Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə rəsmi səfəri bir sıra məqamlarla, xüsusilə də birgə strateji tərəfdaşlığa əsaslanan mühüm dövlət sənədlərinin imzalanması ilə yadda qaldı. Bu anlaşmalar içərisində Naxçıvan Muxtar Respublikasının gələcək sosial-iqtisadi inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən Qars-İğdır-Naxçıvan dəmir yolu xəttinin və Qars-Naxçıvan qaz xəttinin çəkilişi diqqəti daha çox cəlb edir. Bu qərar Naxçıvanın enerji və nəqliyyat blokadasının tamamilə yarılması, eləcə də alternativ imkanların tam hərəkətə gətirilməsi deməkdir.

Bu faktdır ki, Naxçıvanın son illərdəki sosial-iqtisadi inkişafı, sahibkarlığın dəstəklənməsi, müasir və iri sənaye komplekslərinin, ailə təsərrüfatlarının yaradılması, əsasən, yerli xammala əsaslanan müəssisələrin qurulması məhsul istehsalını xeyli artırıb. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq demək olar ki, əgər 2003-cü ildə muxtar respublikada 66 sənaye müəssisəsi fəaliyyət göstərirdisə, hazırda  bu göstərici 7 dəfədən çox artaraq 500-ə qədər  çatıb. İndi Naxçıvanda yüzlərlə növdə məhsul istehsal edilsə də bu məhsulların xarici bazarlara çıxışı məhdud çərçivədədir. Buna isə əsas səbəb Naxçıvanın ən ucuz nəqliyyat vasitəsi hesab edilən beynəlxalq dəmir yollarına çıxışının 30 ildən artıqdır ki, olmamasıdır.

“İxrac ili”nə dəyərli töhfə

2020-ci ilin Ali Məclis Sədrinin sərəncamı ilə Naxçıvanda ixrac ili elan edilməsi də təsadüf sayılmamalıdır. Çünki Ali Məclisin Sədri cənab Vasif Talıbov düzgün iqtisadi-siyasət konsepsiyası həyata keçirərək ötən müddətdə Naxçıvanı ixraca və öz məhsullarını dünya bazarına çıxarmaq potensialına hazırlaya bilib. Həyata keçirilən tədbirlər çərçivəsində sərhəd və gömrük infrastrukturu da ən müasir səviyyəyə çatdırılıb. Şübhə yoxdur ki, yeni dəmir yolu xəttinin çəkilməsi ilə bağlı qərarın verilməsi həm də özlüyündə “İxrac ili”nə ən dəyərli töhfə olacaq. Bu, həm də muxtar respublikada məşğulluğun və əhali sayının artmasına, əhalinin rifah halının daha da yüksəlməsinə təkan verəcək.

Tranzit mərkəzə çevirilən Naxçıvanda idxal məhsulları ucuzlaşacaq

“Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu”na münasibət bildirən “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyevin bu istiqamətdəki açıqlamaları da xüsusilə diqqətçəkicidir.

O qeyd edir ki, bu layihənin həyata keçirilməsi Naxçıvanın ixrac imkanlarını artıracaq və muxtar respublikanı bölgənin  mühüm bir tranzit mərkəzinə çevirəcək. Bu layihə Naxçıvanı Çin, Avropa ölkələri, eyni zamanda  Fars körfəzi ölkələri ilə birləşdirəcək. Bu, həm də “Dəmir İpək Yolu”nun bərpası deməkdir. Həmçinin bu layihənin həyata keçirilməsi ilə Naxçıvanın ixrac potensialı xeyli artacaq. Naxçıvan məhsullarının post-sovet, Avropa və Asiya ölkələrinə rahat və birbaşa çıxışı təmin ediləcək. Hazırda muxtar respublikada  minə yaxın çeşiddə məhsul istehsal olunsa da onların bazar problemi var. Bu problemin əsasını da blokadada olan Naxçıvanın nəqliyyat daşımalarındakı sıxıntıları təşkil edir.

Məsələnin digər bir vacib tərəfi də odur ki, Naxçıvanda idxal məhsulları da bu hesaba ucuzlaşacaq. Məsələn taxta, armatur kimi vacib tikinti materialları ölkəmizin digər bölgələri ilə müqayisədə Naxçıvanda bahadı. Bunun da əsas səbəbi daşımaların İran üzərindən yük avtomobilləri ilə həyata keçirilməsidir. Daşımalarda qatarlardan istifadə belə məhsulların Rusiya, Türkiyə kimi ölkələrdən daha ucuz daşıma xərci ilə  və birbaşa Naxçıvana gətirilməsi deməkdir.

Ötən əsrə nəzər salanda görürük ki, sovetlər birliyi dönəmində Naxçıvanın daş duzu, mineral suları, konserv və kənd təsərrüfatı, yüngül sənaye və digər ixrac yönümlü məhsulları dəmir yolu vasitəsilə daşınıb. Təkcə post-sovet ölkələrinə gün ərzində min tona yaxın daş duz məhsulları və bir milyon butulka mineral su göndərilib. Hazırda da bu məhsullara, eləcə də, Naxçıvanın daş və travertin,  həmçinin, sement və digər məhsullarına tələbat böyükdür. Qars-İğdır-Naxçıvan dəmir yolunu layihəsinin icrası bu mənada muxtar respublika büdcəsinə böyük həcmdə vəsaitin daxil olması deməkdir. Layihə həmçinin mədənçilik, metallurgiya, maşınqayırma kimi vacib sahələrində inkişafına təkan verəcək.

Hazırda Naxçıvan Muxtar Respublikası ərazisində  dəmir yolları işlək vəziyətdədir. Layihə çərçivəsində muxtar respublikada da dəmir yollarının müasir ikiizli dəmiryolu sisteminə keçirilməsi, yeni işarəvermə və elektrik sistemlərinin, həmçinin digər infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulur. Bu, yük və sərnişin  daşınmasını ən müasir səviyyəyə yüksəldəcək. Həmçinin, soyuduculu vaqonlardan istifadə etməklə muxtar respublikanın ekoloji təmiz və orqanik məhsulları dünya bazarına rahatlıqla çıxarılacaq. Tranzit imkanlar həm də  Sovet dövründə də xeyli inkişaf etmiş məşhur Ordubad ipəkçiliyinin də şöhrətini özünə qaytaracaq.

Naxçıvanın inkişafı, rifah halı daha da yaxşılaşacaq

Fevralın 25-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata bəyanatlarla çıxışlarında da Naxçıvan məsələsi ön planda idi.

Prezident İlham Əliyev dedi:

“Nəqliyyat sahəsində də böyük nailiyyətlərimiz var. Birlikdə həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu uğurla fəaliyyət göstərir. Bu yolun gələcək fəaliyyəti haqqında bu gün danışıldı və bir önəmli sənəd də imzalandı, o da Qars-Naxçıvan dəmir yolunun tikintisinə dair Anlaşma Memorandumudur. Bu, xüsusi əhəmiyyət daşıyan məsələdir. Çünki Ermənistanın işğalçı siyasətinə görə, Naxçıvan uzun illərdir, demək olar ki, blokada, yəni mühasirə şəraitində yaşayır. Naxçıvanda istehsal olunan məhsulların xarici bazarlara çıxarılması böyük problemdir. Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisi bu problemi aradan qaldıracaq və beləliklə, Azərbaycanla Türkiyə arasında yeganə quru sərhədi olan Naxçıvan Muxtar Respublikasının inkişafı, rifah halı daha da yaxşılaşacaqdır”.

R.T.Ərdoğan: “Naxçıvan təbii qazla bağlı daha əlverişli imkan əldə edəcək”.

Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da verilən qərarların Naxçıvanı daha modern və güclü duruma gətirəcəyini vurğuladı :

“Siyasi sahədə xüsusilə önəmli bir addım Naxçıvan və Türkiyə arasındakı dəmir yolu məsələsidir. Bu, Naxçıvanın inkişafı baxımından çox önəmlidir.

Digər bir önəmli addım isə Naxçıvanda sərhədə qədər, eyni qaydada, İğdırdan da sərhədə qədər təbii qaz kəmərinin çəkilməsidir. Beləliklə, təxminən 160 kilometrlik kəmərin çəkilməsi ilə Naxçıvan təbii qazla bağlı daha əlverişli imkan əldə edəcək. Yəni, həm İrandan, həm də Türkiyədən dəstək almaqla daha güclü bir vəziyyətə gələcək. Mən bu baxımdan bunu da enerji sahəsində həqiqətən çox önəmli hesab edirəm... Sabahdan etibarən infrastruktur işlərinə başlanılacaq və inşallah, bunu sürətlə başa çatdıraraq qısa müddətdə burada təbii qaz nəqlinə başlanacaq”...

Qardaş ölkə rəhbərinin də vurğuladığı kimi yeni qaz xəttinin çəkilişi Naxçıvanın enerji təhlükəsizliyi baxımından çox mühüm bir faktora çevriləcək. Məlumdur ki, muxtar respublikanın ərazisi tamamilə qazlaşdırılıb və 2005-ci ildən Naxçıvana İranla mübadilə şəkilində  təbii qazın verilişi bərpa edilib. Yeni kəmər isə öz növbəsində, yeni alternativin yaradılması, beləlikə, bu sahədə vahid asılılığın aradan qaldırılması deməkdir.

Naxçıvan qatarla gələn turistləri gözləyir

Bir fakta da diqqət çəkək ki, 2019-cu ildə Türkiyə ilə  ticarət dövriyyəsi təxminən 4,5 milyard dollar olub. Bu rəqəmin  2023-cü ildə 15 milyard dollara çatdırılacağı hədəflənir. Qarşılıqlı ticarət dövriyyəsinin artan dinamikasında Naxçıvanın da özünəməxsus payı vardır. Bir ildən artıqdır ki, Türkiyə hökümətinin qərarı ilə Naxçıvanın özünün istehsal etdiyi 40-dan artıq məhsul qardaş ölkəyə rüsümsuz ixrac edilir.

Fikrimcə, 25 fevral 2020-ci il Naxçıvan üçün tarixi və çox əlamətdar bir gün kimi yaddaşlara yazıldı. Bu qərarlar deməyə əsas verir ki, bizi qarşıda daha güclü və modern Naxçıvan gözləyir.

PS. Nəqliyyat həm də turizmdir. Turizm dedikdə isə ağıla gələn ilk yerlərdən biri Naxçıvandır. Biz tezliklə qatarlarla Avropadan, uzaq Asiyadan Naxçıvana gələn turistləri görəcəyik...

Sahil Tahirli

Naxçıvan televiziyası