12 fevral 2019 10:10
433

Naxçıvan Qarnizonu qoşunlarında təlim-metodiki toplantı keçirilib - VİDEO

Naxçıvan Qarnizonu qoşunlarında şəxsi heyətlə iş üzrə komandir müavinləri ilə təlim-metodiki toplantı keçirilib.

"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığının yüksəldilməsi işində şəxsi heyətlə iş üzrə zabitlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, ixtisas hazırlığı səviyyəsinin yoxlanılması məqsədilə keçirilən toplantıda əsas diqqət hərbi qulluqçuların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsinə yönəlib.

Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Qarnizonu Təhqiqat Xidmətinin toplantıda iştirak edən nümayəndələri müxtəlif mövzularda çıxışlar ediblər.

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən toplantıda ictimai-siyasi hazırlıq üzrə məşğələlər keçirilib, hərbi vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib və ixtisas hazırlığından məqbullar götürülüb.
Zabitlərin ixtisas hazırlığı və idarəetmə bacarıqları komandanlıq tərəfindən yüksək qiymətləndirilib.