14 mart 2019 16:40
207

Naxçıvan Dövlət Universitetində Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd edilib

Cəlil Məmmədquluzadənin hekayələri sosial məsələləri son dərəcə yığcam formada, məharətlə əks etdirmək baxımından dünya ədəbiyyatının kamil nümunələri sırasında yer alır.

Naxçıvan Dövlət Universitetinin (NDU) Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu barədə ali təhsil ocağında “Mirzə Cəlil dühasının hüdudları” mövzusunda keçirilən elmi-nəzəri konfransda danışılıb.

Tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi barədə imzaladığı sərəncamın əhəmiyyətini vurğulayıb.

Jurnalistika və kitabxanaçılıq kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov Azərbaycan ədəbiyyatşünaslığında “Cəlil Məmmədquluzadə və dünya ədəbiyyatına baxış” mövzusunda, həmin kafedranın dosenti, filologiya üzrə fəlsəfə doktoru Xumar Məmmədova “Amerika elmi-ədəbi mühitində Mirzə Cəlil və “Molla Nəsrəddin” mövzusunda çıxış ediblər. Çıxışlarda bildirilib ki, Cəlil Məmmədquluzadə təkcə Azərbaycanda deyil, bütün İslam dünyasında satirik jurnalistikanın əsasını qoyub. “Molla Nəsrəddin” jurnalı Avropa ölkələrində, Amerikada da oxunub, İngiltərə və Amerikadan olan məşhur şərqşünaslar “Molla Nəsrəddin” barədə tədqiqatlar aparıblar.

Universitetin Jurnalistika ixtisası üzrə I kurs tələbəsi Qızbəsti Quliyeva Cəlil Məmmədquluzadənin şeir yaradıcılığından ətraflı bəhs edib.

Sonda Tarix–filologiya fakültəsinin tələbələri Cəlil Məmmədquluzadənin şeirlərini söyləyiblər.