19 avqust 2019 16:39
259

Müxtəlif musiqi alətlərinə aid 939 səs bir qarmonda - “Qurmanayzer”

Mingəçevirdəki Uşaq Gənclər İnkişaf Mərkəzinin qarşısından keçən hər kəs fərqli musiqi alətlərində səslənən məşhur bəstəkarların əsərlərini, eləcə də Azərbaycanın xalq mahnılarını eşidir. Amma çoxları bilmir ki, bütün bu əsərləri Qurban Məmmədov özünün yalnız qarmon alətində ifa edir. Həm də böyük bir peşəkarlıqla...

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mingəçevirli musiqiçi Qurban Məmmədov qarmon alətində dünyada ilk dəfə olaraq bənzərsiz və çox maraqlı bir ixtira edib.

Əvvəllər müğənni, 1972-ci ildən isə qarmon ifaçısı olan Qurban Məmmədov özünün bir neçə ixtirasından sonra məhz bu musiqi aləti üçün dünyada bənzəri olmayan yeniliyə imza atıb. Belə ki, ixtiraçı qarmona klavişli (dilli), simli, nəfəsli və zərbli, bir sözlə bütün musiqi alətlərinin səsini cəmləşdirən 512 səs yığmağa nail olub. 2015-ci ildə bu yeniliyə nail olan ixtiraçı hazırda qarmondakı həmin səslərin sayını 939-a çatdırıb. İndi bu qarmonla dünyanın istənilən əsərini ayrı-ayrı musiqi alətlərinin səsi ilə ifa etmək mümkündür. Sənətkar qarmonu öz adına uyğunlaşdıraraq ona “Qurmanayzer” adını verib.

Qarmona tətbiq etdiyi yeniliyi və alətin iş prinsipini izah edən musiqiçi deyir ki, əvvəlcə bütün səslər kart sisteminə yazılır. Sonra isə bu səslər qarmonun “beyni”nə köçürülür. Bu sistemin alınması üçün ixtiraçı iki il fikirləşib. Nəhayət, öz yeniliyini başqa bir sistemə - midi sistemə yığmağa nail olub. Bunun üçün qarmonun içərisinə 99 metr uzunluğunda yanmaya dözümlü kabel yığılıb.

Qurmanayzer 4 hissədən – səs beyni, qarmon, klaviatura və qulaqcıqdan ibarətdir. Səs beyni 939 səsi özündə saxlayan unikal yaddaş qurğusudur. Qarmonun klavişləri basılarkən klaviaturanın altına yığılmış mikrosxemdə iki maqnitin yaxınlaşması ilə kontakt yaranır. Klavişləri buraxdıqda isə kontakt ayrılır və səs kəsilir. Alətin üzərində olan benderlə səsləri əymək, düymələrlə oktavanı dəyişmək, transpozisiya ilə səsləri istənilən kökə salmaq, qulaqcıq vasitəsilə isə səsləri alçaldıb-yüksəltmək, həmçinin səslərə tembr və dalğa vermək mümkündür.

Bu alətin daha bir üstünlüyü ondadır ki, onu dartmadan, hətta bir hissəsi ilə də ifa etmək mümkündür. Alətdə eyni vaxtda sinxron, yaxud biri qarmonun öz səsi olmaqla, istənilən digər bir alətin səsindən də istifadə etmək olar.

“Qarmonun bu formada yığılmasını öyrənmək, hətta sifarişlər vermək istəyənlər çox olub. Hətta Almaniyadan, Türkiyədən və Rusiyadan bu alətlə maraqlananlar da var. Sözün düzü, bu sənətə qarşı məndə böyük hörmət və bir az da qısqanclıq var. İstəmərəm ki, bu alət ikinci bir nəfərdə olsun. Amma mən bunu ancaq sənətinə böyük pərəstiş etdiyim, özünə hörmət bəslədiyim Xalq artisti Ənvər Sadıqov üçün yığaram. Çünki inanıram ki, o, bu qarmonu yaşadar”, – deyə Qurban Məmmədov vurğulayıb.