18 may 2019 16:48
341

Muxtar respublikada su anbarlarında 235 milyon kubmetr su ehtiyatı var

Muxtar respublikada suvarma mövsümünün mütəşəkkil keçirilməsi diqqətdə saxlanılır. Hazırda su anbarlarında 235 milyon kubmetr su ehtiyatı var.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, aprel ayında su istifadəçilərinə 44 milyon kubmetr su verilib, təkrar suvarma da daxil olmaqla, 37 min hektar torpaq sahəsi suvarılıb. Bu dövrdə 43 kilometr beton və torpaq kanal, 29 kilometr ara arxlar, 4 kilometr kollektor lildən təmizlənib, 11 kilometr yeni suvarma boru xətti çəkilib, 5 kilometr suvarma boru xətti və 6 kilometr içməli su xətti təmir edilib. Yaşayış məntəqələrini və əkin sahələrini daşqın və sel sularından qorumaq məqsədilə Naxçıvançay, Cəhriçay vadilərində 710 metr istiqamətləndirici bənd tikilib.

Kəngərli rayonunun Yurdçu kəndi ərazisində 76 hektar, Şahbuz rayonunun Türkeş kəndi ərazisində 300 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisinə başlanılıb, Yurdçu kəndi ərazisində 2520 metr, Türkeş kəndi ərazisində isə 3240 metr yeni suvarma xətti quraşdırılıb. Həmçinin Şərur və Babək rayonlarında 72 hektar sahədə qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb. Ötən ay muxtar respublikada 69 subartezian quyusu təmir olunub, 5 kəhrizdə bərpa işləri davam etdirilib.

Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində içməli su şəbəkəsinin tikintisi davam etdirilib, müxtəlif diametrli borularla 9525 metr yeni xətt çəkilib.