14 fevral 2020 11:15
283

Muxtar respublikada pensiyalar artımla birlikdə ödənilib

Naxçıvan Muxtar Respublikasında bütün növ əmək pensiyaları üzrə pensiyaların sığorta hissəsinin 16,6 faiz artırılması prossesi başa çatdırılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yanvar ayının artımları da daxil olmaqla fevral ayının pensiya ödənişində bütün növ əmək pensiyalarının ödənilməsinin maliyyələşdirilməsi təmin edilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin mətbuat xidmətinin məlumatına görə, fond tərəfindən muxtar respublika üzrə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və dövlət qulluqçusu kimi əmək pensiyası alan pensiyaçılar istisna olmaqla, 48 min 500 nəfərə yaxın əmək pensiyaçısına şamil edilib. Bu artımların ödənilməsinin həyata keçirilməsinə muxtar respublikanın Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin büdcəsindən hər ay orta hesabla 1,7 milyon manata yaxın əlavə vəsait ayrılması nəzərdə tutulur.

Qeyd edək ki, muxtar respublikada fərdi uçot sistemində qeydiyyatda olan 177 min 614 sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya sığorta kapitalı məbləğləri isə yanvar ayının 1-dən indeksləşdirilməklə 2,6 faiz artırılması elektron qaydada həyata keçirilib.