13 iyun 2019 10:43
418

Müstəqillik tariximizin dönüş nöqtəsi

15 iyun - Milli Qurtuluş Günü xalqımızın fəlakətlərdən xilası, qüdrətli bir dövlətin bünövrəsinin qoyulduğu gündür. Bu müqəddəs günü tarixə yazan isə ümummilli lider Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan  xaosdan, anarxiyadan xilas oldu, inkişaf, tərəqqi yoluna çıxdı.

Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının sədr müavini, YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova İkisahil.TV-yə açıqlamasında bildirdi ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın taleyüklü tarixi dönüş günü olmaqla yanaşı, ölkənin hərtərəfli inkişafına, dünyaya inteqrasiyasına, dövlətimizin müstəqilliyinin möhkəmlənməsinə yönələn yeni bir mərhələnin başlanğıcı oldu.

Məhəbbət İbrahimova qeyd etdi ki, əgər Ümummilli Lider respublika rəhbərliyinə gəlməsəydi Azərbaycan dövləti yer üzündən silinəcək və xalqımız uzun illər davam edəcək ağır vətəndaş müharibəsi ilə üz-üzə qalacaqdı. Nəzərə alsaq ki, həmin dövrdə Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələr də ölkəni içəridən parçalamaq niyyətini açıq-aşkar ortaya qoymuşdular, belə bir durumda, şübhəsiz ki, güclü liderə, dövlətçilik təcrübəsi və dünyada nüfuzu olan şəxsiyyətə ehtiyac var idi. Bu şəxsiyyət, əlbəttə ki, o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  Sədri olan Heydər Əliyev idi. Ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə Bakıya gəlməsi və Milli Məclisdə çıxış etməsi hər birimizin yadındadır. O çıxışda Azərbaycan xalqı öz ümidini, öz gələcəyini görürdü. Heydər Əliyev o zaman böyük cəsarət və qəhrəmanlıq nümayiş etdirdi. Gəncə qiyamı zamanı Heydər Əliyevin oraya getməsi onun bu dövlətin, bu xalqın yolunda həyatını qurban verməyə hazır olmasından irəli gəlirdi. Heydər Əliyev Gəncəyə gedərək orada baş vermiş vəziyyətlə tanış oldu və Bakıya qayıdaraq 15 iyunda Azərbaycan Ali Sovetinin Sədri seçildi və qardaş qırğınının, ölkənin parçalanmasının qarşısını almaq uğrunda mübarizəyə başladı. Heydər Əliyev bu çətin şəraitdə vətəndaş müharibəsinin qarşısını almaq üçün böyük fədakarlıqlar göstərdi. Həmin ilin avqustunda Lənkəranda Əlikram Hümbətovun başlatdığı qiyamın dinc yolla aradan qaldırılması Heydər Əliyevin xalqımız qarşısındakı böyük xidmətlərindən biridir. Beləliklə, 15 iyundan etibarən Azərbaycanda həqiqi dövlətçilik quruldu və Heydər Əliyev Azərbaycan dövlətinin struktur əsaslarını yaratdı. Ümummilli Liderin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdu ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı.

Məhəbbət İbrahimova vurğuladı ki, ulu öndər Heydər Əliyev Azərbaycan üçün çox işlər gördü. Fəlakət qarşısında olan Azərbaycan düşdüyü ağır vəziyyətdən Ümummilli Liderin əzmi və iradəsi ilə çıxarıldı. Ulu öndər Azərbaycanı dünyaya tanıtdı. Onun qurub yaratdığı müstəqil Azərbaycan dövləti dünya birliyində öz layiqli yerini tutmaqda davam edəcək. Ulu Öndərin sosial-iqtisadi inkişaf konsepsiyası məhz onun arzuladığı kimi uğurla davam etdirilməkdədir. Ölkənin davamlı inkişafına, milli maraqlarımıza, xalqın rifahının yaxşılaşdırılmasına xidmət edən iqtisadi-sosial strategiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilərək, onun ardıcıl, məqsədyönlü və praqmatik siyasəti sayəsində müvəffəqiyyətlə reallaşdırılmaqdadır.

Şəmsiyyə Əliqızı, “İki sahil”