08 oktyabr 2019 10:28
203

Musiqinin orqanizmə müsbət təsiri - 9 fakt

Musiqinin insan orqanizminə təsiri uzun illər alimlərin tədqiqat mövzusu olmuşdur. Bununla bağlı alimlər artıq 9 faktı sübut ediblər.

1. Vaxtından əvvəl doğulmuş körpələrin reabilitasiyasında musiqinin rolu

Bilirik ki, vaxtından əvvəl doğulan körpələrin bədən çəkisi normal olana qədər xüsusi qayğıya ehtiyacı olur. Bu prosesi sürətləndirmək olar. Belə ki,kanadalı alimlər bildirirlər ki, ana ürəyinin döyüntüsünü xatırladan səsləri immitasiya edən musiqi kompozisiyaları vaxtından əvvəl doğulmuş uşaqların ağrıya həssaslığını aşağı salaraq, qidalanma vərdişlərini yüksəldib və dah tez lazımi çəkini əldə etmələrinə səbəb olub. Hazırda belə musiqilərdən doğum evlərində geniş istifadə edilir.

2. Hər musiqi əhvala bir cür təsir edir

Hələ 1973-cü ildə təsdiq olundu ki, müxtəlif janrda musiqilər insan əhvalına müxtəlif cür təsir göstərir. İki eyni vəziyyətdə olan bitki qrupunun müəyyən müddət ərzində hərəsinə bir üslubda musiqi çalındı. İlk qrupa yüngül melodik kompozisiya, digərinə isə rok üslubunda mahnı təklif edildi. Təcrübənin sonunda ilk qrupun bərabər şəkildə böyüdüyü, sağlam və dinamik olduğu, ikinci qrupun isə kifayət qədər hündürləşsə də sağlam olmadığı, yarpaqlarının solğunlaşdığı müşahidə edilmişdi.

3. Musiqi beyin zədələnməsinin bərpasına kömək edir

Beyin travmaları çox zaman ölümə səbəb olur. Sağ qalanlar isə adətən, nitq qüsurları, müvazinətin koordinasiyasında problemlərlə üzləşirlər. Bir çox həkimlər bu funksiyaların bərpası üçün beynin həmin şöbələrinin işini stimullaşdıran xüsusi musiqilər dinləməyi məsləhət görürlər.

4. Eşitməni yaxşılaşdırır və bu qabiliyyətin yaşla itməsinin qarşısını alır

İnsan eşitmirsə, musiqi ona heç bir şeydə kömək edə bilməz. Lakin musiqi yaşla əlaqədar eşitmənin zəifləməsinin qarşısını alır, onu inkişaf etdirir.

Bu, 163 yetkin insanla 74 musiqiçi arasında aparılan eşitmə testləri zamanı bəlli olub. Belə ki, musiqiçilər səsləri digər insanlardan daha tez müəyyən ediblər. 70 yaşlı musiqiçi musiqi səsləri içərisində insan danışığını 50 yaşlı sadə insandan daha yaxşı seçə bilib.

5. Ürək-damar sisteminə müsbət təsir edir

Ürək əməliyyatlarının ardından da xəstələrə musiqi terapiyası təklif edilir. Musiqinin təsiri ilə təzyiq normallaşır, nəbz sakitləşir, gərginlik azalır. Həkimlər belə xəstələrə profilaktik məqsədlə şən melodiyalara qulaq asmağı məsləhət görürlər.

6. Musiqi və idman

2005-ci ildə ingilis tədqiqatçıları müəyyən etdilər ki, musiqinin müşayiəti ilə məşq etmək idmanın təsir gücünü 20% artırır.

Məsləhət görülür ki, gərgin məşqlər zamanı ritmik, ara fasilələri zamanı həzin musiqilərə qulaq asasınız.

7. Musiqi məsuliyyət hissinə təsir edir

2008-ci ildə ingilis tədqiqatçılar dinlədikləri musiqilərin sözlərinin yeniyetmələrin hərəkətlərinə təsir etdiyini açıqlamışdılar. Onlar təcrübə zamanı bir qrupu nikbin sosial istiqamətli sözləri olan mahnılara, digərini isə neytral mətni olan mahnılara qulaq asmaq üçün ayırdılar. Birinci qrupun insanlara daha tez kömək etdiyi, məsuliyyət hissini daha çox dərk etdiyi üzə çıxmışdı.

8. Musiqi ilə məşğul olmaq yaddaşı möhkəmləndirir

Musiqi ilə məşğul olan uşaqlarda yaddaş vərdişləri daha yaxşı formalaşır. Bunu Honkonq alimləri sübut ediblər. Onlar uşaqlara bir müddət qabaq oxuduqları siyahıdan sözləri yadda saxlamağı tapşırmışdılar. Müəyyən edildi ki, musiqi ilə məşğul olan uşaqlarda şifahi yaddaş çox güclü olur.

9. Musiqi dinləmək ağrı hissini azaldır

ABŞ universitetlərindən birinin bir qrup tədqiqatçısı sübut edib ki, insanlar ağrı və ya gərginlik hissindən musiqi dinləməklə xilas ola bilərlər.

Musiqi dinləyərkən beynin sensor kanalları fəallaşır, emosional və əqli səviyyədə inkişaf baş verir və nəticədə ağrının intensivliyi aşağı düşür.

Nubar Süleymanova, “İki sahil”