24 aprel 2019 10:57
174

Müştərisi azdır, idxalı isə artır: niyə?

2019-cu ilin yanvar- mart ayları ərzində Azərbaycana 7 978 ədəd (yanvarda 2 512 ədəd, fevralda 2657 ədəd, martda 2809 ədəd) nəqliyyat vasitəsi idxal olunub. Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Ötən ilin yanvar-mart aylarında ölkəmizə 3 506 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu.

Hesabat dövründə 7 250 ədəd minik avtomobili, 44 ədəd avtobus, 643 ədəd yük avtomobili və 41 ədəd xüsusi təyinatlı vasitə idxal olunub. Müqayisə üçün deyək ki, 2018-ci ilin yanvar-martında  3158 ədəd minik avtomobili, 19 ədəd avtobus, 316 ədəd yük avtomobili və 13 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.

Ekspertlərin fikirlərinə görə isə ölkənin təkrar avtomobil bazarı müştəri qıtlığından əziyyət çəkməkdədir. Bu özünü regionlarda daha çox göstərir. Alıcılıq qabiliyyətinin aşağı olması qiymət artımı ilə izah edilir. O zaman belə bir sual yaranır: alıcılıq qabiliyyəti aşağı düşübsə, avtomobil idxalı niyə artır?

Əvvəlcə ondan başlayaq ki, Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə edilən dəyişikliyə görə, idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu artırılıb. Bununla da mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500 kubsantimetrdən çox olan və istehsal müddəti 1 ilə qədər avtomobillər üçün də idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri  0,40 dollardan 0,7 dollara, bu müddəti ötmüşlərə isə mühərrikinin həcminin hər 1 kubsantimetri 0,70 dollardan 1,2 dollara yüksəlib. Bu amil yeni idxal edilən minik  avtomobilləri ilə yanaşı, digərlərinin də qiymətinə təsir edir. Eyni zamanda, son illərdə insanların daha çox aşağı sərfiyyatlı  avtomobillərə üstünlük verməsi tələb və təklifə təsir etməklə qiymətlərdə  öz sözünü deyir.

“MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimovun sözlərinə görə, təkcə bu ilin mart ayında təkrar bazarda mühərrikinin həcmi 2 litrə qədər olan avtomobillərin orta qiyməti 14 870 manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisə 7,03 faiz çoxdur. Mühərrikinin həcmi 3 litrdən yüksək olan avtomobillərin qiyməti isə 7,78 faiz aşağı enməklə orta qiyməti 91 143 manat təşkil edib.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə bildirib ki, hazırda maşın bazarında qiymətlərin ucuzlaşması müşahidə olunsa da, bu, hissolunacaq qədər deyil. Qiymətləri endirməyə səbəb olacaq amillərdən əsası yerli istehsal olmasına baxmayaraq, istehsalın az sayda olması və digər amillər onun bazara təsir imkanlarını məhdudlaşdırır. Bu mənada avtomobillərin qiymətinə təsir edəcək əsas faktor Vergi Məcəlləsinə olunan dəyişikliklər hesab edilir. Belə ki, dəyişikliyə əsasən, aksiz vergisinin dərəcəsi bütün avtomobillər üzrə artıb. Ən aşağı aksiz dərəcəsi mühərrikinin həcmi 2 litrə qədər olan avtomobillərdədir. Bu göstərici 1 kubsantimetr üçün 20 qəpikdən 30 qəpiyə qaldırılıb. Ən yüksək aksiz dərəcəsi isə mühərrikinin həcmi 5 litrdən artıq olanlardadır. Belə avtomobillərdə 1 kubsantimetr üçün aksiz vergisi 40 manatdan 70 manata qaldırılıb.

Lakin hələlik bununla bağlı  Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişiklik edilmədiyindən yenilik ölkəyə idxal edilən minik avtomobillərinə tətbiq edilmir. Elə bunun nəticəsidir ki, təkrar avtomobil bazarında canlanmanın olmadığı halda  cari ilin birinci rübündə ölkəyə idxalda kəskin artım qeydə alınıb. Bununla da işbazlar “fürsət”dən istifadə edib ölkəyə xeyli sayda minik avtomobili gətirməklə böyük gəlir əldə etməyi planlaşdırıblar.

Təsadüfi deyil ki, ötən ay ərzində paytaxtın maşın bazarına çıxarılmış avtomobillərin də sayı azalıb. N. İbrahimov  qeyd edib ki, mart ayında  satışa 1352 avtomobil çıxarılıb ki, bu da əvvəlki ay ilə müqayisədə 22,2 faiz azdır. Belə görünür ki, ikinci əl avtomobil ticarəti ilə məşğul olan işbazlar  müştəri qıtlığına rəğmən idxalı artırmaqla kifayətlənmir, bazara daha az avtomobil çıxarmaqla qiymətləri yüksək səviyyədə saxlamağa çalışırlar.

Ceyhun Piriyev, “İki sahil”